- Məktəbimiz nə vaxt hazır olacaq?
- Bütün yayı işləməyiblər. Elə 3-4 nəfər oturub orda.
- İndi də 10-15 nəfər olur.
- Gedirik bizi qovurlar, ya da ələ salırlar, “daha bu məktəbdə oxuya bilməyəcəksiniz” deyirlər.
- Şikayət edək.
- Belə iş olar? 5-ci aydı məktəb necə var, elə də qalıb.
- Ay müəllim, bizi ələ salırlar.
- Plakatlar yazaq, mitinq eliyək.
- Yox, aclıq edək.
Yasamal rayonu 31 nömrəli məktəbin
şagirdlərinin və valideynlərin dedikləri
Hə, bu da mövzu. Bu da problem. Gəlin birlikdə çözək. Cənab prezidentin gözəl sərəncamı var. Hedər Əliyev Fondunun gözəl işləri var. Çox gözəl. Məktəbləri, uşaq müəssisələrini əsaslı təmir etmək. Hamı bilir, hamı sevinir. İş qalır buna rəhbərlik edənlərə, yəni işi görənlərə. Necə təmir edirlər, nə vaxta təmir edirlər? Bax, bunu dəqiq bilmirdim. Sadəcə, sevinirdim hamı kimi. Yox, indi də sevinirəm, axı, məktəbimiz təmir olunur. Amma...İndi bunun əmması var. İyunun birindən məktəbi necə söküblərsə, eləcə də qalıb. Heç bir mərtəbəyə də suvaq vurulmayıb. Dərs ilinin əvvəlinə, yəni sentyabrın 15-nə təhvil verilməli məktəbin hələ bir sinif otağı da hazır deyil. Məktəbin işçiləri bütün yayı gediblər, mən özüm də getmişəm. Bir kəlmə söz deyən kimi onların guya rəhbəri olanlar (birinin adı Mirzədi) adamı az qalır döysün, söysün, qolundan tutub küçəyə atsın. Ha istədim onları yumşaldım ki, ay qardaş, ay yoldaş, ay oğul, ay ata, 15 nəfərlə məktəb təmir eləmək olmaz, axı, neçə ailə, neçə uşaq, neçə müəllim narahat olur, çətindi. Axı, buna pul ayrılır, ən azı yüz fəhlə işləməlidi... Kimə deyirsən? Adama elə bozarırlar: “Sizə nə var? Pul bizimdi, necə istəyirik elə də xərcləyirik”. Yəni o qədər də işçi tuturuq. Siz bir düşünün, 3-4 aya görülməli işi bir ilə görürlər. Puldu da yazırlar, pozurlar, hesablayırlar... Axır ki, xərcləyirlər. Bir var üç ay, bir də var bir il. Bu qədər pulu üç aya necə xərcləsinlər? Etiraz edirsən ki, axı pul təmirə görə verilir, fəhlə tutun, pullarını verin, işlədin... Sözünü ağzında qoyurlar. İstəyirsən malakeşi götürüb üz-gözlərini, ağızlarını malalayasan. Necə ki, onlar təhlükəsizlik qaydalarını təmin etmədiklərindən cavan bir fəhlənin ölümünü malalayıblar. Adam bir az da bunlardan qorxur. Yoxsa əlbəyaxa döyüşərdik. Onların nə vecinə. Biz müəllimik, arada şagirdlərimiz var. İndi müəllimli, şagirdli, valideynli qalmışıq çarəsiz. Bilmirik neyləyək, necə eliyək?..
Valideynlər də bizdən əl çəkmir, elə bil günahkar müəllimlərdi. Deyirəm bir süpürgə puluna görə aləmi bir-birinə qatarsız, zəng eləməyə, şikayət eləməyə yer taparsız. İndi niyə bizdən soruşursuz? Bu narahat olan uşaqlar təkcə bizimdi bəyəm? Hirslənirəm. Burda məni sakitləşdirirlər: “Siz əsəbləşməyin. Şikayət edəcəyik, hara lazımdı məktub, ərizə yazacayıq”. İndi mən bilmirəm onlar neyniyiblər, xəbərim yoxdu. Sadəcə, məktəbləri, müəllimləri sevən, elə hey onlardan danışan bütün KİV nümayəndələrinə çox ciddi mövzu-problem verirəm. İstəyirəm onların hamısı bu barədə yazsın, sujetlər hazırlasın. Bəlkə köməyi oldu. Heç olmasa payız tətilindən sonra məktəb hazır oldu. Hə nə deyirsiniz, razısınız? Lap gözəl! Elə isə sizi gözləyirik!
P.S. Söhbət prezidentin sərəncamından gedir. Bir də arada uşaqlar var - UŞAQLAR! Onların hüququ, rahatlığı pozulur. Təmirə guya rəhbərlik edənlərin laqeydliyini,üzlərindəki ifadəni bir görsəniz... Əllərində milyonlar var, dünya veclərinə deyil. Adam elə əsəbləşir ki, o saat “təmir pulu, süpürgə pulu” yığan müəllimlər yadına düşür...
Kəmalə ABİYEVA
Kabiyeva@yahoo.com