İmtahan vaxtı yaxınlaşdıqca abituriyentlər həyacanlanmağa və stress keçirməyə başlayırlar. İmtahan zamanı isə bu stress və həyəcan ikiqat artır.
Deyirlər hətta məşhur sərkərdə Napoleon Bonapart da imtahan adı gələndə zağ-zağ əsirmiş. Neçə-neçə ölkələri fəth etmiş sərkərdə imtahandan belə qorxubsa, onda gör orta məktəbi dünən bitirmiş məzunlar test imtahanına yollananda necə həyəcanlanırlar.
Ona görə də tələbə olmaq istəyənlər çətin bilik yarışından qalib çıxmaqla yanaşı, həm də belə böyük stressi aradan qaldırmağı bacarmalıdırlar. Bir sözlə, məzun imtahana həm intellektual, həm də psixoloji cəhətdən hazır olmalıdır.
Qəbul imtahanlarının yayın ən isti dövrünə təsadüf etməsi ürəyi, əsəbləri zəif məzunlara əlavə çətinliklər də yaradır. Üstəlik, bu il qəbul imtahanlarının pandemiya dövrünə düşməsi abituriyentlərin stressini ikiqat artırır. Bir tərəfdən imtahan həyəcanı, digər tərəfdən isə kooronavirusa yoluxma qorxusu.
Bəs abituriyentlər imtahan ərəfəsi həyəcanı, psixoloji gərginliyi necə dəf edə bilərlər?
Stressin yüksək həddə çatması
Psixoloq Rəna Rəsulovanın sözlərinə görə, test imtahanlarına psixoloji və fiziki hazırlıq intellektual hazırlıqdan heç də az vacib deyil. Stressin yüksək həddə çatması intellektual fəaliyyətin səmərəliliyini 10 faizdən 100 faizə qədər azalda bilər. Psixoloq məsləhətləri abituriyentlərə həyəcanları dəf etməyə, streslərdən mühafizə olunmağa, imtahana hazırlıq və imtahan zamanı müvəffəqiyyət qazanmağa, orqanizmin fiziki, psixoloji gücünü daha da artırmağa kömək edə bilər.
Psixoloq köməyindən istifadə
Psixoloq deyir ki, bəzi abituriyentlər imtahanı həyatlarının həlledici mərhələsi sayırlar. Ali məktəbə daxil ola bilməmək qorxusu onların psixoloji durumunda dominantlıq (üstünlük) təşkil edir. Bu mərhələdə belə abituriyentlərin psixoloji durumunda yalnız imtahan haqqında düşünmək, fasiləsiz, yeknəsəq rejimdə oxumaq, yorğunluq, beynin həddən artıq yüklənməsi, imtahan yaxınlaşdıqca vaxt çatışmazlığı ilə bağlı həyəcan və sair kimi problemlər orta çıxır. Belə problemlərlə üzləşən abituriyentlərin psixoloq köməyindən istifadə etməsi mütləqdir.
İmtahana 2-3 gün qalmış əylənmək lazımdır
R.Rəsulovanın dediyinə görə, imtahana 2-3 gün qalmış hazırlığı dayandırmaq və daha çox istirahət edib əylənmək lazımdır. Həddindən artıq narahat, gərgin olan abituriyentlərə fiziki hərəkətlər etmək, xüsusilə də fəqərə sümüyünü gərginlikdən azad etmək məsləhətdir. Yeni materialı imtahanqabağı, yəni ona 1-2 həftə qalmış öyrənmək məsləhət deyil. Bu, köhnə materialı üstələyib onun yada salınmasını çətinləşdirə bilər. Daha yaxşı olar ki, imtahandan 1-2 həftə əvvəl keçilmiş materialları təkrarlayıb möhkəmləndirəsiniz: "Yaxşı intellektual formada olmaq, öz fiziki və psixoloji sağlamlığını qoruyub saxlamaq üçün abituriyentlər müəyyən fiziki çalışmalarla məşğul olmalıdır. Lakin yaxşı olar ki, intellektual məşğələlər zamanı onlar mümkün qədər yüngül fiziki hərəkətlər etsinlər. Məsələn, boyunun fəqərə sümüyünün gərginliyini aradan qaldırmaq üçün baş ilə dairəvi hərəkət - boyunun fəqərə sümüyünün, xüsusən də 7-ci sümüyün masajı, gövdənin dairəvi hərəkəti, arxası üstə uzanıb ayaqları başa tərəf qaldırmaq və endirmək, belin və ya bütün bədənin masajı. Bu hərəkətlər və masaj həyat enerjisinin düzgün dövranını tənzimləyir, fəqərələrin elastikliyini artırır ki, bu da fiziki və psixoloji gərginliyi aradan qaldırmaq üçün zəruridir. Qeyd edim ki, qəbul imtahana hazırlaşan abituriyentin qidası vitaminlərlə (ət, balıq, gül kələmi və s.) zəngin olmalıdır. Çünki orqanizm intellektual fəaliyyətə fiziki hərəkətlərdən daha çox enerji sərf edir".
Psixoloq qeyd edib ki, imtahana hazırlıq zamanı abituriyentlər özlərini əyləncədən məhrum etməməli, müvəffəqiyyətli çalışmalar həftəsindən sonra özlərini bir istirahət və əyləncə günü ilə mükafatlandırmalıdırlar. Əks halda, onlarda həddindən artıq yorğunluq əmələ gələ bilər ki, bu da imtahana hazırlıqla bağlı bütün səyləri heçə endirər. Hədsiz yorğunluğun əsas əlamətləri pis əhvali-ruhiyyə, əsəbilik, marağın itməsi, intellektual fəallığın azalması, analiz, anlama, sintezetmə, yadda saxlama və s. bacarıqların zəifləməsi, eləcə də pis solomik halət - xroniki xəstəliklərin kəskinləşməsidir.
Abituriyent özünü imtahana gümrah və xoş ovqatla getməyə kökləməli
R.Rəsulova deyir ki, abituriyentlərin imtahana adət etdikləri geyimdə getməsi məsləhətdir. Onda onlar özlərini rahat hiss edərlər. Yeni paltar geymək məsləhət deyil, çünki ona uyğunlaşmaq üçün abituriyent əlavə enerji itirməli olur: "Hər bir abituriyent özünü imtahana gümrah və xoş ovqatla getməyə kökləməlidir. İmtahana bir gün qalanda imtahan üçün zəruri sənədləri bir yerə yığmaq, bundan sonra təmiz havada gəzmək və yatıb dincəlmək lazımdır. Bu, imtahana gümrah və xoş ovqatla getmək üçün vacibdir. İmtahan zamanı əsas diqqət maksimum dərəcədə hazırkı məqama yönəldilməlidir. Mübahisələrə qoşulmaq, hirslənmək, diqqəti yayındırmaq, cavablarda tələskənliyə yol vermək olmaz. İmtahanda isə abituriyent biliyinin necə qiymətləndiriləcəyi barədə fikirləşməməlidir. Gələcəyi düşünmə narahatlığı və həyəcanı artırmaq zehni işin məhsuldarlığını və bütövlükdə, müvəffəqiyyəti azalda bilər. Doğrudur, imtahanda az da olsa, narahatçılıq, həyəcan hissi olmalıdır, çünki o, bütün orqanizmin səfərbər edilməsinə kömək edir, lakin bu hisslər müəyyən həddi keçərək qorxu, ajiotaj və iztirab oyadarsa, düzgün qərar qəbul etməyə mane olar".
Test tapşırıqlarının həlli üçün səmərəli üsul
Psixoloq vurğulayıb ki, fərdi xüsusiyyətlərdən asılı olaraq abituriyentlər test tapşırıqlarının həlli üçün səmərəli üsul seçməlidirlər: "Əgər abituriyent tez yorulursa, onda testlərin həllinə seçdiyi ixtisas üzrə yüksək çəki əmsalına malik olan fənlərin suallarından başlamalıdır. Hövsələlidirsə, möhkəm sinir sisteminə malikdirsə, onda asan suallardan başlayıb sonra çətin suallara keçmək lazımdır".
Valideyn dəstəyi
R.Rəsulovanın sözlərinə əsasən, imtahan ərəfəsində valideynlər heç də övladlarından az həyəcan keçirmirlər. Bu mərhələdə onların da psixoloji durumunda gərginlik müşahidə edilir. Abituriyentlə birlikdə həyəcan keçirən valideynlər öz davranışları ilə onlara təsir göstərirlər: "Ailə üzvlərindən hər hansı biri narahat, qayğılı, stress vəziyyətində olursa, bu, ailənin digər üzvlərinə də təsir edir, onların qarşılıqlı münasibətlərinə hansısa şəkildə təsir edir. Nəzərə almaq lazımdır ki, imtahana hazırlıq mərhələsi abituriyentlərin valideynlərinə ən çox ehtiyac hiss etdiyi dövrdür. Mühüm olan isə düzgün və uğura apara biləcək dəstək göstərməkdir. Odur ki, ailə üzvləri imtahana hazırlıq prosesində bir komanda təsiri bağışlamalı, valideynlər də bu komandanın tərkib hissəsi kimi çıxış etməlidirlər. Valideynlər uşaqlarına qarşı daha həssas olmalıdırlar. Valideyn gərək uşağı qorxutmasın. Əksinə, uşağa aşılamaq lazımdır ki, o, müvəffəq olacaq. Müvəffəq olmasa da, burada faciəvi heç nə yoxdur. Valideyndən çox şey asılıdır. Valideyn abituriyentə qətiyyən təzyiq etməməlidir. Çalışmaq lazımdır ki, imtahan ərəfəsi evdə, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünə əminlik hissini gücləndirməlidir. Abituriyentə "imtahanda uğur qazanmasan, biabırçılıq olacaq" kimi psixi gərginlik gətirən ifadələr işlətmək qətiyyən yolverilməzdir. Abituriyentin imtahan zamanı həyəcanlı olub-olmaması imtahanlara nəzarət edən müəllimlərin davranışından da çox asılıdır. Nəzarətçi-müəllimlər imtahan otağında sakit ab-hava yaratmalıdırlar ki, abituriyent də biliyini mərkəzləşdirə bilsin".
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, qəbul imtahanlarında abituriyentlərin nəticə göstərmələri valideynlərdən asılıdır: "Valideynlər övladlarının ali təhsil almasını istəyirlər. Onlar bunu övladlarının xoşbəxtliyi üçün edirlər. Kitab oxumağa meyli olmayan uşağın hansısa sahədə yaxşı əl qabiliyyəti ola bilər. Yeniyetmələrin fikrini öyrənmək, onlarla dialoqda olmaq lazımdır. Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini övladlarından tələb etməsi düzgün deyil".
S.QARAYEVA