Hər bir ölkənin taleyi onun gənclərinin əməl və düşüncəsi ilə birbaşa bağlıdır.
Müasir Azərbaycanda dövlət gənclər siyasəti və onun nəticələri barədə yazmağa hazırlaşarkən italiyalı məşhur kinorejissor Federiko Fellininin belə bir fikrinə rast gəldim: "Gənclər nə istədiklərini bilmirlər, amma ona nail olmaqda qətiyyətlidirlər". Məncə, bu sözlərdə çox böyük məna var. Yaratmaq, qurmaq, dəyişmək qətiyyəti olan gənclərə düzgün istiqamət vermək, arzularına, istəklərinə qovuşmağın yollarını göstərmək vacib məsələdir. Torpaqdan boy verən pöhrənin də yanına onu əyilməyə və kökündən qopmağa qoymayan bir dayaq bərkitməsən, gövdəsi sağlam,
qaməti düz olmayacaq. Gənclərlə bağlı dövlət siyasəti də məhz buna bənzəyir. Mənəvi və fiziki cəhətdən sağlam, savadlı və vətənpərvər gəncliyin yetişdirilməsi üçün dövlətin dəstəyi ən mühüm amildir.
Böyük gələcəyə baxış...
Ötən əsrin əvvəllərində cəmi iyirmi üç ay ömür sürmüş, amma bu qısa müddətdə belə milli dövlətçilik ənənələrimizi zənginləşdirmiş Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövləti öz gənc vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların inkişafı üçün bütün zəruri tədbirləri görür. Müstəqillik dövründə gənclərlə iş sahəsində dövlət siyasətinin əsasını qoyan Ulu öndər Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində xalqımızın gələcəyini düşünərək böyük cəsarətlə atdığı addımlardan bir çoxu vətənə və millətə daha çox fayda verəcək gənc nəslin yetişdirilməsi ilə bağlı olub. Həmin illərdə minlərlə azərbaycanlı gənc keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa, məşhur elm mərkəzlərində tədqiqatlar aparmağa göndərilib. 1971-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılmasının necə böyük tarixi əhəmiyyət daşıdığı isə erməni fitnəkarlığı nəticəsində xalqımızın üzləşdiyi müharibə zamanı bir daha öz təsdiqini tapdı. Bu məktəbin məznunu olan milli zabit kadrları müstəqil dövlətimizin ordu quruculuğunda fəal iştirak ediblər və indinin özündə silahlı qüvvələrimizin komandanlığında mühüm vəzifələr tuturlar. Sonralar Ulu öndər Heydər Əliyev həmin hərbi məktəbin yaradılmasını "böyük gələcəyə baxış" kimi səciyyələndirərək deyirdi: "Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, Azərbaycan dövləti yaranacaqdır".
Ulu öndərin qayğısı və vəsiyyəti
1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin siyasi rəhbərliyinə qayıdışından sonra Azərbaycan xalqının, o cümlədən, onun mübariz gəncliyinin qurtuluşu başlandı, ölkəmiz öz həqiqi istiqlalına qovuşdu. Müdrik və uzaqgörən milli liderin ətrafında sıx birləşən, onun ideya və məqsədlərini həyata keçirməyə hazır olan gənc nəsil tezliklə dövlətin diqqət və qayğısını öz üzərində hiss etdi. Bir il sonra yaradılan Gənclər və İdman Nazirliyi gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafının tələblərinə cavab verən siyasətin həyata keçirilməsinə, gənclərin qüvvə və bacarıqlarından səmərəli şəkildə istifadə olunmasına şərait yaratdı. Gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər həyata keçirildi, dövlət proqramları hazırlanıb icra edildi.
Ulu öndərin müstəqil dövlətimiziə rəhbərlik etdiyi on il ərzində gənclərin təlim-tərbiyəsi və yeni cəmiyyət quruculuğunda fəal iştirak üçün geniş imkanlar açıldı, zəruri qanunvericilik bazası formalaşdırıldı, istedadlı gənclər üçün xüsusi təqaüdlər təsis olundu, dövlət idarəçiliyində gənc kadrların iştirakı və irəli çəkilməsi geniş miqyas aldı...
Ölkəmizdə gənclər forumunun ilk dəfə keçirilməsinin təşəbbüskarı da gəncləri daha fəal, daha məsuliyyətli və daha yetkin görmək istəyən Ulu öndər Heydər Əliyev olub. Bu forumlar gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün mühüm və ənənəvi platformaya çevrilib. İlk forumun keçirildiyi əlamətdar günün - 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi barədə sərəncamı da iyirmi üç il əvvəl Ulu öndər imzalayıb.
"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir" - xalqımızın dahi və müdrik rəhbəri ölkə gəncliyinin tarixi vəzifəsini belə müəyyənləşdirib. Bu müqəddəs vəsiyyətə əməl etmək hər bir vətənpərvər azərbaycanlı gəncin həyat amalıdır...
Müasir gənclik üçün yeni imkanlar
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətini Prezident İlham Əliyev yeni dövrün çağırışlarına uyğun şəkildə daha da təkmilləşdirərək uğurla davam etdirir. Ölkəmizə rəhbərlik etdiyi on yeddi il ərzində cənab Prezidentin gənclərlə bağlı gördüyü genişmiqyaslı işləri bu yazıda əhatə etmək, təbii ki, mümkünsüzdür. Çoxsaylı sərəncamlar, fərmanlar, davamlı şəkildə icra edilən dövlət proqramları gənclərin hərtərəfli inkişafına, ən müasir biliklərə və yeni texnologiyalara yiyələnməsinə, məşğulluğunun təmin edilməsinə, dünyaya inteqrasiyasına, idman uğurlarının artırılmasına, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsinə, vətənpərvərlik ruhunun yüksəldilməsinə, müxtəlif sahələrdə istedadlarının üzə çıxarılmasına və dəstəklənməsinə, elmi fəaliyyətinin stimullaşdırılmasına geniş imkanlar açıb. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" dövlət proqramları uğurla həyata keçirilib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatı təsis edilib. 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi və bu çərçivədə həyata keçirilən tədbirlər gənclərə dövlət qayğısının bariz təzahürü idi. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edilib. Hazırda "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı icra olunur. Bakıda və regionlarda çoxlu sayda Gənclər evi fəaliyyət göstərir. Gənclərlə bağlı dövlət siyasətinin həyata keçirilməsində öz yeri olan bu sosial xidmət müəssisələrində gənclər asudə vaxtlarını mənalı və səmərəli şəkildə keçirə bilirlər.
Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi də gənclər siyasətinin tərkib hissəsidir. Məlum olduğu kimi, bütün dünyada könüllülük, əsasən, gənclər üçün səciyyəvi xüsusiyyət sayılır. Dövlətimizin başçısı bu il fevralın 12-də Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışındakı çıxışında deyib: "Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər".
Heydər Əliyev Fondu da ölkə gənclərinin inkişafına öz töhfələrini verir. Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr yeni nəslin təlim-tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyevanın böyük xidmətləri var. Onun təşəbbüsü ilə yaradılmış "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi - İDEA dünyanın müxtəlif yerlərindən olan gənclərin səylərini birləşdirməklə geniş miqyaslı ekoloji maarifləndirmə tədbirləri həyata keçirir.
Vətənə bağlılıq, milli ruh...
Cəmiyyətin fəal hissəsi kimi gənclərin ictimai və vətəndaşlıq mövqeyinin formalaşmasına diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətidir. Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin bu il martın 10-da keçirilmiş ilk iclasında gənclər siyasəti ilə bağlı söylədiyi fikirlər bu baxımdan xüsusilə əhəmiyyətlidir. Ölkə əhalisinin mütləq əksəriyyətinin gənclər olduğunu vurğulayan dövlətimizin baçısı gənclərin milli ruhda tərbiyə almasının, xarici təsir altına düşməməsinin vacibliyini qeyd edib. Həqiqətən, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, internetin sərhəd tanımadığı bir dövrdə gənclərimiz üçün vətənə və milli maraqlara bağlılıq ən vacib xüsusiyyət olmalıdır. Biz internetdə sürətlə yayılan və sonradan həqiqət kimi təqdim olunan yalanları vaxtında ifşa etməli, milli dövlətçiliyimizə, xalqımızın birliyinə və həmrəyliyinə zərbə vurmaq istəyən qruplara öz məkrli niyyətlərini gerçəkləşdirmək imkanı verməməliyik. Bu gün ölkəmizdə rüsvayçı vəziyyətə düşərək xaricdəki ağalarının dəstəyini itirən belə antimilli qruplaşmaların yerinə yeni "beşinci kalon" yaratmaq istəyənlər heç vaxt öz istəklərinə nail ola bilməzlər. Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş müasir gənclik vətənpərvərdir, vətənə və milli köklərə bağlıdır. Bunu cənab Prezident də dəfələrlə bəyan edib.
Müasir Azərbaycan gəncliyi öz vətənpərvərliyini, dövlətçiliyə sədaqətini müxtəlif sahələrdə dəfələrlə sübuta yetirib. Elə 2016-cı ilin aprel döyüşlərində gənc əsgər, gizir və zabitlərimizin göstərdiyi şücaətlər, Mübariz İbrahimovun, Çingiz Qurbanovun düşmən üzərinə cəsarətli həmlələri və qəhrəmanlıqları buna misal ola bilər.
Gənclərə etimad - dövlətçilik missiyası
Azərbaycan islahatlar yolunu seçib, bu yolda inamla irəliləyir. Əlbəttə, ölkə rəhbərliyinin siyasi iradəsinin təcəssümü olan islahatlar dövlətçiliyimizin daha da möhkəmləndirilməsini, cəmiyyətimizi narahat edən problemlərin aradan qaldırılmasını, dayanıqlı inkişafı təmin edən mühüm amildir. İslahatların gedişində Prezident İlham Əliyevin gənclərə etimad göstərməsi, onları dövlət idarəçiliyində məsul vəzifələrə təyin etməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanır. Ölkəmizin rəhbərinin gənc kadrları yüksək vəzifəyə təyin edərkən söylədiyi fikirlərə diqqət yetirək: "Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik". Cənab Prezidentin "cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara" son qoymaqda yeni təfəkkürlü insanlara - gənclərə güvənməsi dövlətçiliyimizin bu günü və gələcəyi üçün həm yüksək etimaddır, həm də böyük məsuliyyət deməkdir. Dövlətçilik missiyasının etibar edildiyi gənc kadrlar cəmiyyətdə məyusluq yaratmamalıdırlar, mənəvi deqradasiyaya uğrayaraq cinayətkar əməllər törətmiş vəzifəli şəxslərin aqibəti hamıya dərs olmalıdır.
Prezident İlham Əliyev ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizəni qətiyyətlə davam etdirir. Belə neqativ halların kökü kəsilməlidir və ölkə rəhbərinin siyasətinə ən güclü dəstəyi məhz gənclər verməlidirlər. Bu gün dövlət qulluğunun müxtəlif pillələrində gənclərin sayı sürətlə artır. Onlardan biri kimi mən də dövlətimizin başçısının bütün tövsiyələrini özüm üçün həyat amalı, fəaliyyət meyarı kimi qəbul edirəm. Ulu öndər Heydər Əliyevin dövlətçilik irsinə, Prezident İlham Əliyevin siyasi xəttinə sadiqlik biz gənclərin həm mənəvi, həm də vətəndaşlıq borcudur. Xalqımızın və dövlətimizin mənafeyinə xidmət etmək bizim üşün böyük qürurdur.
Zaur İBRAHİMOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Dövlət qulluqçusu