|
|
|
|
Açılmadı o qönçə də,
Saraldı gülüm, saraldı.
Elə yandı bir gecə də
Bülbülə tək külü qaldı.
Məlhəm yoxdu bu yaraya,
Dost da tapılmaz haraya,
Neyləmişdim ki dünyaya,
Məndən belə qisas aldı.
Bax e, necə bilməmişəm,
Bu çağadək görməmişəm,
Diriyəmmiş, ölməmişəm,
Tanrım, necə diri qaldım?
Eyy, yoxsa ki Sən çağırdın?
lll
Qəmin üzlüdüsə
Nahaq silmə ümidlərini
ürəyinin pəncərəsindən
onsuz da uzaqlar
bir rəngdə görünür
adama həmişə
parlaq, cəzbedici.
Ümidli ya ümidsiz
o səni həmişə
özünə çəkir
sınamışam özüm
bunu çoxdan,
Qəm üzlüm...
lll
İslaq baxışlarımı
yığa bilməzsən
ömründən,
Bilməzsən
Ürəyin hardan nəm çəkər.
Çırpılan qapıların arxasında
Qalanları
Arxasınca qəm çəkər...
lll
Boyumuza biçilməyən ümid
Ürəyimizə dar gəldiyindən
Çıxarıb
Qaldıq ürəyiyalın.
İndi yalın ürəklə
necə xilas edək Qarabağı?
lll
Adamsız çöllərdə
Küləklər oynayır.
Buludlu göylərdə
Mələklər oynayır.
Damır eşq camından
Sevgi damcı-damcı,
Tükənir məhəbbət
Hər gün bir az acı.
Könül budağımdan
Dər bu yarpaq sözü.
Sənə bəxşiş etdi,
Al, Yaradan özü.
lll
Bilirəm izləyirsən
Səhər-axşam uzaqdan.
İstəsən də vermərəm
Mənim olan əzabdan.
Ruhumda gizləyirəm
Tənhalıq iniltisin.
Sındı bütün arzular
Eşitdin cingiltisin?
Demə kimsən, kiminsən,
Deyib qəlbimi oyma.
Gəl gör kimindi taxt-tac
Məndən yerini sorma.
lll
Ürəyimdən vuruldum
Elə çökdün içimə.
Bir də gəlsən dünyaya
Bir də mənə gecikmə.
Addım-addım unutma
Eşqə vardığın yolu.
Sən bildiyin dildəyəm
Məni üzümdən oxu.
Vücuduma biçilmisən,
Cana köynək tək sarıl.
Bir nəfəs,iki bəndə
Ruh ol bədəndən asıl.
lll
Rəsmimi çəkən oğlan,
Qəlbimdəki ümidi tünd elə,
Çarəsizliyi acıq,
Gözlərimə kədər qat azacıq.
Ovunmadığım ağrıları
Bütün rənglərin qarışığından çək-
Qırıq-qırıq.
Adını deyimmi onların?
- Qəzəb və hıçqırıq.
Qalın elə
ovuclarımdakı inamı
Yapışıb dura bilim.
Mən daşlı yollardan keçib gəldim,
Önümdəki yolları kəsəksiz çək,
Ayağımı yalın elə.
Su bəyazlığı qat çöhrəmə
Yuyunub durula bilim.
Saçlarımın ucundan
Dabanımacan
Nəfəsimi çək.
Çək,çək,səsimi çək,
Çatırsa haracan
Rəsmimi çəkən oğlan,
misra-misra damcılayan
ömrümü çək.
lll
Bir az unudum səni,
Səni bir az saxlayım.
Ya susum, gözlərimdə
əbədi yas saxlayım.
Asıldığım umudun
Kəndiri köhnə, qırıq.
Həbs edibdi Günəşi
Bəxtimdəki qaranlıq.
Yaman insafsızdılar
Qəhr olsun onlara.
Qocaman nifrətim var
Bütün Ayrılıqlara.