https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

24 il əvvəl atılan addım - İlqar Tağıyevin yazısı

“QARABAĞ”IN AVROKUBOKLARDAKI İLK ÇIXIŞINDAN 24 İL KEÇİR

24 il əvvəl atılan addım - İlqar Tağıyevin yazısı

İlqar TAĞIYEV

"Qarabağ" (Ağdam) - MüPA-47 (Finlandiya)

8 avqust, 1996. Bakı. T.Bəhramov adına Respublika stadion. 10000 tamaşaçı.

Qarabağ: Cəmaləddin Əliyev, Mais Əzimov (Elmir Xankişiyev, 65), Elşad Əhmədov, Aslan Kərimov (Yaşar Hüseynov, 83), Təbriz Həsənov, Bəxtiyar Musayev (Emin Salmanov, 46), Səttar Əliyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşfiq Hüseynov, Nazim Əliyev.

Baş məşqçi: Elbrus Abbasov

MüPa-47: Mikki Lehtonen, Yukka Koskinen, Toni Huttunen, Mika Vilyanen, Devid Mur, Tommi Kautonen (Yarkko Koskinen, 54), Sami Mahlio, Antti Pohja (Mika Hepnesniemi, 62), Tom Enberq, Niklas Qrenholm (Yuuso Kanqaskorpi, 75), Con Allen.

Qol: Mahlio, 82-p.

MüPa-47 - Qarabağ 1:1 (ə.v.)

23 avqust 1996. Anyalankoski.

MüPa-47: Petri Yakonen, Yukka Koskinen, Toni Huttunen, Mika Vilyanen, Devid Mur, Yarkko Koskinen, Yuuso Kanqaskorpi (Mauri Keskitalo, 73), Sami Mahlio, Antti Pohja (Yasse Yalonen, 90), Mika Hernesniemi (Con Allen, 22), Tom Enberq.   

Qarabağ: Cəmaləddin Əliyev, Mais Əzimov (Emin Salmanov, 118), Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Bəxtiyar Musayev, Elmir Xankişiyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşfiq Hüseynov, Səttar Əliyev.

Qollar: B.Musayev, 27 (0:1). Keskitalo, 120 (1:1) 

Avqustun sonuna doğru futbol üzrə avrokuboklarda 2020/21-ci illər mövsümünə start veriləcək. Ölkəmizi bu yarışlarda "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" kvarteti təmsil edəcək. Adı çəkilən ilk 3 komandanın avrokuboklarda kifayət qədər təcrübəsi var. "Sumqayıt" isə debütantdı.

Pandemiya ilə əlaqədar bu il ölkə çempionatı və kubokunun başa çatdırılmadığı hamıya məlumdu. Ölkədə tətbiq olunan karantin rejiminə görə komandalar nəinki yarışlardan kənar qaldılar, qarşıdakı turnirlərə heç düz-əməlli hazırlaşa da bilmirlər. Yaxşı ki,  Operativ Qərargah bir neçə gün əvvəl «dördlüy»ə açıq havada məşq keçməyə, başqa sözlə, avrokuboklara hazırlaşmağa icazə verdi. Digər komandalar isə çempionata hazırlıqla bağlı xoş xəbəri dünən aldılar.

Son bir neçə ildə olduğu kimi, yenə də ən çox ümid bəslədiyimiz komanda "Qarabağ"dı. 7 ildir ki, Azərbaycan çempionu olan "Qarabağ" bütün hallarda Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ağdam təmsilçisi yalnız 1 dəfə - 2017/18-ci illər mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. 6 il ərzində "Qarabağ" bir çox ilklərə imza atıb. Davamını gözləyirik. Amma 24 il əvvəl... 1996-cı ildə "Qarabağ"ın Avropa səhnəsinə ilk addımından, Finlandiyanın MüPA-47 komandası ilə oyunlarda baş verən maraqlı anlardan, futbolçulardan və texniki heyətdən bəhs edəcəyik. Görəsən, 24 il əvvəlin qəhrəmanları indi nə işlə məşğuldurlar? 

“Qarabağ” indiki kimi əzəmətli deyildi” 

1996-cı ildə "Qarabağ"ın maliyyə imkanları indiki kimi deyildi. Tək sponsor Nazim Abdullayevin təsis etdiyi NNBank idi. Heyət bütünlüklə yerlilərdən qurulmuşdu ki, onların arasında ağdamlılar az deyildi. 24 il əvvəl futbolumuzda vəziyyət fərqli idi. Yaxşı mənada çempionata marağın yüksək olması, komandaların sayının çoxluğu, pis mənada isə təcrübəsizlik və maliyyə.

1995/96-cı illər mövsümündə Azərbaycan çempionatında 12 komanda iştirak edirdi. "Qarabağ" həmin mövsüm 5-ci yeri tutmuşdu. Kubokun finalına yüksələn Ağdam təmsilçisi burada çempion "Neftçi"yə 0:3 hesabı ilə məğlub olsa da, Azərbaycanı Kuboklar Kuboku turnirində təmsil etmək hüququ qazanmışdı. İlkin mərhələdən turnirə qoşulan "Qarabağ"ın ilk rəqibi Finlandiyanın MüPA komandası idi. İlk oyun avqustun 8-də Bakıda keçirilirdi...

Rəqibindən heç də zəif təsir bağışlamayan "Qarabağ" ilk oyunda minimal hesabla məğlub oldu. Matçın 82-ci dəqiqəsində yunanıstanlı hakim Fasolis Təbriz Həsənovun cərimə meydançası daxilində əllə oynamasını işarə edərək "Qarabağ"ın qapısına penalti təyin etdi və Finlandiya yığmasının da üzvü olan Sami Mahlio hesabı açdı. Cavab qarşılaşması isə 2 həftə sonra Finlandiyada keçirildi. "Qarabağ"ın o vaxtkı futbolçularından biri Elçin Xudadatov həmi günləri belə xatırlayır: “Qarabağ” indiki kimi əzəmətli deyildi. Doğrudur, maliyyə sarıdaq korluq çəkmirdik. Amma heyət, təcrübə baxımından çatışmazlıq var idi. Üstəlik, komandada legioner futbolçu da yox idi. Bakıda o qədər də yaxşı oynamadıq. Cavab qarşılaşmasında isə, şübhəsiz, üstün tərəf biz idik". 

Finlandiyada Qarabağ şikəstəsi 

"Qarabağ"ın Finlandiyaya yolçuluğu bir qədər uzun çəkmişdi. Sankt-Peterburqa kimi təyyarə ilə, oradan Helsinkiyə isə avtobusla. Səfərə gedənlər arasında Xalq artisti Alim Qasımov da var idi. Uzun yolçuluq məhz muğam ustamızın sayəsində yorucu olmamış, hətta şən keçmişdi: "Bakıdan Helsinkiyə kimi necə getdiyimizin fərqinə varmadıq. Alim müəllim yolboyu şirin zümzümələri, maraqlı söhbətləri ilə bizi darıxmağa qoymadı. Oyundan 1 gün əvvəl otelin konfrans zalında verdiyi konsert hamını valeh eləmişdi. Bəlkə də onun bizdə yaratdığı ruh yüksəkliyinin nəticəsi idi ki, cavab qarşılaşmasında komanda daha yaxşı oynadı. Hətta oyunun gedişində yaddaşlardan silinməyən çox maraqlı bir an yaşandı. Deməli, matçın keçirildiyi stadion kompakt idi. Tamaşaçı tutumu çox olmasa da, tribunalar dolu idi. Azarkeşlər durmadan komandalarını dəstəkləyirdilər. Birinci hissə gedirdi. Birdən Alim Qasımov ucadan Qarabağ şikəstəsini oxumağa başladı. Elə bil qurbağa gölünə daş atdılar. Alim müəllim ifasını başa çatdırandan sonra bütün stadion onu alqışlamağa başladı". 

"Qolu ofsaytdan vurmuşdular" 

Səfər oyununun qəhrəmanlarından biri Bəxtiyar Musayev idi. O, 27-ci dəqiqədə fərqlənməklə "Qarabağ"ın avrokuboklarda ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırdı. Həmin gün "Qarabağ" avrokuboklarda mərhələ adlayan ilk Azərbaycan komandası kimi də tarixə düşə bilərdi. Təəssüf ki, son saniyələrdə buraxılan qol hər şeyi korladı.

Bəxtiyar Musayev: "O vaxt indiki şərait yox idi ki, ölkə xaricində toplanış keçək. Buna rəğmən MüPA ilə oyuna pis hazırlaşmamışdıq, Nabranda təlim-məşq toplanışı keçmişdik. Düzü, Bakıdakı oyunda bəlkə də təcrübəsizlikdən, bəlkə də qazonun pis olmasına görə oyunumuz yaxşı alınmadı. Komandada uşaqların əksəriyyəti texnikalı idilər. Rəqib meydanında qazonun əla vəziyyətdə olması işimizə yaradı. Üstəlik, Alim Qasımovun bizimlə olması futbolçulara əlavə güc verdi. Oyunboyu üstün tərəf biz idik və 27-ci dəqiqədə hesabı açdıq. Yaxşı yadımdadır, Mais Əzimov cinahla keçid edib qapı önünə sərt asma etdi. Qapıçının uzaqlaşdırmaq istədiyi top qarşıma düşdü və bir toxunuşla topu qapıdan keçirdim. Bundan sonra da qol vurmaq imkanlarımız oldu. Müşfiq Hüseynov, Nazim Əliyev hesabı dəyişə bilərdilər. Amma bəxtimiz gətirmədi. Finlərin oyunu isə alınmırdı. Daha doğrusu, imkan vermirdik. Əlavə vaxtda da üstün tərəf biz idik. Hamının oyunun bu hesabla başa çatacağını gözlədiyi bir anda..."

Bakıdakı penaltinin səbəbkarı Təbriz Həsənov həmin epizodu belə xatırlayır: "Vaxtın bitiminə 2 dəqiqə qalmış baş məşqçimiz Mais Əzimovu Emin Salmanov ilə əvəzlədi. Emin yaxşı penalti vururdu. Əvəzlənmə də penaltilər seriyasına hesablanmışdı. Hakim oyunu başa çatdırmaq istədiyi bir vaxtda tərs kimi məhz Emin qaydanı pozdu. Finlər cərimə zərbəsi yerinə yetirdilər və qarmaqarışıqlıqda boş qalmış futbolçu bərabərlik qolunu vurdu. Fikrimcə, həmin epizodda ofsayd var idi. Qələbənin bir addımlığında hər şey əldən çıxdı. Məncə, penaltilər seriyasında qalib gələn tərəf biz olacaqdıq. Çünki həm yaxşı oynamışdıq, həm də psixoloji cəhətdən üstün tərəf idik".

MüPA-nın bərabərlik qolunu ofsayddan vurması ilə bağlı Təbriz müəllimin fikrini Elşad Əhmədov da təsdiqlədi: "Həmin epizodda rəqib futbolçu cərimə zərbəsindən qapı önünə asma etdi. Yaxınlığımdakı futbolçu başla topa toxundu. Toxunmasaydı, ofsayd olmayacaqdı. Nə baş hakim, nə köməkçisi bunu görmədi. Əminəm ki, finlər qolu ofsayddan vurmuşdular".

Təbriz müəllimdən Bakıdakı penalti ilə bağlı da soruşduq. Veteran futbolçu hakimin doğru qərar verdiyini söylədi: "Tər-təmiz penalti idi. Rəqib əks-hücuma keçmişdi. Qapı önünə ötürmə etdilər və rəqiblə mübarizədə hava topuna qalxanda top əlimə dəydi".

"Qarabağ" mərhələni keçə bilmədi. Amma futbolçuların fədakarlığına kimsə şübhə edə bilməzdi. Hətta onları qəhrəman hesab edənlər də var idi. Onlardan biri də Alim Qasımov idi.

Bəxtiyar Musayev: "Bakıya dönəndə otelin həyətində Alim müəllimin dayandığını gördüm. Yaxınlaşaraq, "olar sizinlə şəkil çəkdirim?" deyə, soruşdum. Cavabında "Bəxtiyar, mən səninlə şəkil çəkdirməliyəm. Çünki dünən oyununuzla Azərbaycanın bayrağını siz ucaltdınız, qəhrəmanlıq göstərdiniz" deyə, cavab verdi. Həqiqətən, mərhələ adlamamağımıza baxmayaraq, Bakıda bizi qəhrəman kimi qarşıladılar". 

Qərəmanlar unudul(m)ur 

Maraqlıdır, o vaxtkı qəhrəmanlar indi nə işlə məşğuldular? Unudulmayıblar ki? Hər iki oyunun iştirakçılarından başlayaq. Komandanın qapıçısı SSRİ dövründə "Neftçi"nin də heyətində çıxış etmiş Cəmaləddin Əliyev karyerasını 1999-cu ildə elə "Qarabağ"da başa vurub.

O vaxtdan məşqçiliklə məşğul olan Cəmaləddin müəllim artıq neçə ildir ki, "Keşlə"nin qapıçılarla işləyən məşqçisidi.

Komandadan ən uğurlu futbolçu və məşqçi karyerasına sahib şübhəsiz, Tərlan Əhmədovdu. 71 dəfə milli forması geyinən, 4 dəfə legioner həyatı yaşayan T.Əhmədov "Xəzər Lənkəran" və "Neftçi"nin məşqçisi, AZAL və yenə də "Neftçi"nin baş məşqçisi olub. 2018-ci ildən "Keşlə"nin sükanı arxasındadı. Yəni, keçmiş komanda yoldaşı ilə indi iş yoldaşıdı.

Finlandiyadakı oyunda məhsuldar ötürmənin müəllifi Mais Əzimov karyerasını bitirdikdən sonra uşaq futbolunda məşqçilik edib. Axırıncı iş yeri AZAL olub. Bu komanda dağılandan sonra bekar qalan M.Əzimov hazırda Bakıda yaşayır, deyilənə görə, tikinti sahəsində çalışır.

Elmir Xankişiyev bir müddət uşaq futbolunda məşqçilik etdikdən sonra "Neftçi"də Arif Əsədovun köməkçisi işləyib. AFFA-da elit-məşqçidi. 

Yaşar Hüseynovla Mirbağır İsayev "Səbail"dədilər. "Qarabağ"ın heyətində 276 oyuna çıxan və 34 qol vuran Y.Hüseynov uzun müddət "Qarabağ"da işləyib, klubun əvəzedici komandasını çalışdırıb. İndi Bayıl təmsilçisinin baş məşqçisi Aftandil Hacıyevin köməkçisidi. Futbolçu karyerasını zədə səbəbindən erkən bitirən Mirbağır İsayev isə müxtəlif klubların akademiyalarında məşqçilik etməklə yanaşı, aşağı yaş millilərimizi də çalışdırıb. Hazırda "Səbail"in əvəzedici komandasına başçılıq edir.

Bir vaxtlar Azərbaycan millisinin aparıcı üzvlərindən olan, kapitanlıq sarğısını daşıyan Aslan Kərimov da üzdə olanlardandır. 2011-ci ildə karyerasını bitirən A.Kərimov Pro kateqoriyalı məşqçidi, AFFA-da məşqçilərin "kateroqiya işi"nə nəzarət edir.

Səttar Əliyev futbolla "Qarabağ"da vidalaşıb. Elə bu klubda da məşqçiliyə başlayıb. Sonuncu iş yeri "Sabah" idi. Burada baş məşqçi Elşad Əhmədovun köməkçisi olmuş S.Əliyev hazırda işsizdi. Emin Salmanov da karyerasını bitirdikdən sonra məşqçiliyi seçib. Müxtəlif klubların akademiyalarında çalışmış E.Salmanovun indiki ünvanı "Neftçi"dir.

Azərbaycan çempionatları tarixində ən çox qol vuran (183) Nazim Əliyev futbolu 2000-ci ildə "atıb". 3 il sonra məşqçiliyə başlayıb. Özü də "Qarabağ"da. Geridə qalan dövrdə bir çox komandalarda işləyən Nazim müəllim 2006-cı ildə U-21-i çalışdırıb. Ona 2009-cu ildə Rusiyanın "Terek" və 2011-ci ildə İranın "Rah Ahan" komandalarında çalışmaq qismət olub. Hazırda "Səbail"in Futbol Akademiyasında seleksiyaçı-məşqçidir.

Çempionatlarda vurduğu qol sayına görə (125) ikinci pillədə qərarlaşan, hücumçu keyfiyyətlərinə görə isə Nazim Əliyevdən geri qalmayan Müşfiq Hüseynov əsl "Qarabağ"lıdı. Karyerasını 2007-ci ildə Ağdam təmsilçisində başa vuran M.Hüseynov 2008-ci ildən bu günə kimi komandada köməkçi məşqçi funksiyasını yerinə yetirir.

Yazının ərsəyə gəlməsində əməyi olan veteranlara gəlincə, "Qarabağ"ın Avropa səhnəsində ilk qolunun müəllifi Bəxtiyar Musayev uzun müddət "Neftçi"də məşqçi, seleksiyaçı-məşqçi işləyib. Son iş yeri "Keşlə" olub. Hazırda işsizdir.

Təbriz Həsənovla Elşad Əhmədov eyni klubun - "Sabah"ın sabahı üçün çalışırlar. Təbriz müəllim məşqçi kimi əsasən aşağı yaş millilərimizə rəhbərlik etməsi ilə yadda qalıb. Bir neçə ildir ki, "Sabah"ın Futbol Akademiyasında koordinator vəzifəsini icra edir. Elşad Əhmədov karyerasını "Qarabağ"da bitirib. 2004-cü ildə "MKT-Araz"ı çalışdırıb. Daha sonra müxtəlif vaxtlarda "İnter" və "Neftçi"də işləyib, əsasən əvəzedici komandalara cavabdeh olub. 2018-ci ildə "Sabah"ın baş məşqçisi təyin olunan, lakin ötən il istefa verən E.Əhmədov hazırda bu klubun akademiyasının U-19 komandasının baş məşqçisidi.

Elşad Xudadatovun taleyi büsbütün "Qarabağ"la bağlıdı. Bəstəboy futbolçu MüPA ilə oyunlarda meydana çıxmasa da, adı oyunların protokollarına salınan futbolçulardandı. 1997-ci ildə karyerasını "Qarabağ"da bitirən E.Xudadatov 1998-ci ildən məşqçiliyə başlayıb və 22 ildir ki, klubun akademiyasında uşaqlara futbolun sirlərini öyrədir.

Keçək oyunlarda iştirak etməyən, amma adı protokola salınan futbolçulara və texniki heyətə. Qapıçılardan Namiq Bəşirov hazırda "Keşlə"nin Futbol Akademiyasında qapıçılarla işləyən məşqçidir. Nəsimi Dadaşov isə futboldan uzaq düşüb. Karyerasını erkən bitirən N.Dadaşov Salyanda yaşayır və ticarətlə məşğuldu. Vadar Nuriyev 2 gün əvvəl “Neftçi”nin əsas komandasının məşqçisi təyin olunub. Cavanşir Novruzov 1996-cı ildə "Qarabağ"ın ən yaşlı futbolçusuydu. 70-ci illərdə futbola Ağdamın "Şəfəq"ində başlayan, "Neftçi"yə kimi yüksələn C.Novruzov karyerasını "Qarabağ"da başa vurub və məşqçiliyə başlayıb. Bir ara "Qəbələ"də Ramiz Məmmədovun köməkçisi olmuş C.Novruzov daha sonra Qəbələ Futbol Akademiyasında məşqçilik edib. Hazırda işsizdir. Komandanın ən gənc oyunçusu isə Kənan Kərimov idi. Peşəkar karyerasına məhz "Qarabağ"da başlayan Kənan dövrünün sayılıb-seçilən hücumçularından olub. Futbolla vidalaşdıqdan sonra məşqçiliyə başlayıb. Sonuncu iş yeri isə "Şamaxı" FK idi. Paralel olaraq MFL liqasında "başını qatır".

"Qarabağ"ın o vaxtkı baş məşqçisi Elbrus Abbasov "Neftçi"nin unudulmaz futbolçularındandı. Elbrus müəllim məşqçi kimi də az uğur qazanmayıb. Sadalasaq, yazı xeyli uzanacaq. 70 yaşlı mütəxəssis bu gün AFFA nümayəndəsi kimi oyunlara təyinat alır. Elbrus müəllimin köməkçiləri Nazim Mehrəliyevlə Ənvər Axundov əslən ağdamlıdılar. Hər ikisi azarkeşlərin yadında daha çox "Şəfəq"li kimi qalıblar. N.Mehrəliyev Azərbaycan Universitetində dərs deyir, Ə.Axundov isə klubun akademiyasında qapıçılarla işləyən məşqçidi.

Komandanın administratorları Gülağa Məmmədovla Məhərrəm Hüseynov keçmiş futbolçular idi. Hər ikisi bir vaxtlar "Qarabağ"da çıxış etmişdi. G.Məmmədov ticarətlə məşğuldu. M.Hüseynov isə Suraxanıdakı "Azersun-Arena"da çalışır.

O vaxtkı kollektivdə yeganə dünyasını dəyişən insan komandanın təsisçisi Adil Nadirovdu. Çətin günlərdə "Qarabağ"ın yükünü çiyinlərində daşıyan, bu klub üçün misilsiz xidmətlər göstərmiş Adil müəllim ötən il vəfat edib. Allah rəhmət eləsin!

24 il əvvəl futbolumuzda da, "Qarabağ"da da vəziyyət fərqli idi. Heç kim bilmirdi ki, futbolumuz get-gedə tənəzzülə uğrayacaq, Premyer Liqa cəmi 8 komandadan ibarət olacaq, 1-ci Divizionda oynatmağa komanda tapılmayacaq, millilərimizə mənasız əcnəbi məşqçilər gətiriləcək...

Heç kim bilmirdi ki, ölkənin ortabablarından olan "Qarabağ" vaxt gələcək "1 nömrə" olacaq, 7 il ardıcıl ölkə çempionluğunu qazanacaq, əlçatmaz görünən Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək. Heç kim bilmirdi! Nə "Turan"da oynayan gənc Qurban Qurbanov, nə uşaq futbolunda top qovan 14 yaşlı Rəşad Sadıqov, nə 2-ci sinifə hazırlaşan Maksim Medvedev, nə futbolu dərk etməyən 4 yaşlı Qara Qarayev...

Nə də...

İlqar TAĞIYEV

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.