Bu qeydlərimi elə o gecə -onun Opera və Balet teatrındakı möhtəşəm konsertindən çıxan kimi də yaza bilərdim. Mahnılarının istisi canımdan çıxmamış, səsi qulağımdan getməmiş, boy-buxunu gözlərimdən silinməmiş... Uzun illik Xəbərçilik təcrübəm- Televiziyanın İnformasiya proqramında qazandığım peşə vərdişimə də güvənib təəssüratımı elə isti-isti sizinlə paylaşa da bilərdim. Amma heç nə yazmadım...Yazmaq istəmədim. Bir neçə gün gözlədim, düşündüm ki, bəlkə demək istədiklərim, qəlbimdən keçirib kağıza köçürəcəklərim bir ifaçıya tamaşaçı, dinləyici rəğbətindən başqa bir şey deyil, ya da ki, onun böyük MƏMLƏKƏT sevgisi qarşısında mənim yazacaqlarım çox adi, bəsit, təsirsiz, gücsüz görünəcək. Çünki mən sevərək yazdığım yazılara heç kəsin dodaq büzməsini təhəmmül edə bilmirəm. Elə o üzdən də səbrlə gözlədim. Hər gün şarkılarını dinləyərək, kliplərini izləyərək, o yarıqaranlıq tamaşa salonundakı coşquyu təkrar-təkrar yaşayaraq gözlədim. Ancaq...budur, bir həftə arxada qalıb, artıq o bütün varlığı ilə "canım, Türkiyəm!" deyə hayqırdığı Vətənində öz gündəlik görəvini davam etdirməkdədir, mən də bu yazını yazmaq anının yetişdiyinin fərqində. Çox diqqətli və bir az da qısqanc oxucum düşünə bilər ki, mənim bu ifaçıya bu cür xüsusi ilgi göstərməyimin kökündə nə dayanır? Onları sakitləşdirmək və maraqlarını bir azca səngitmək üçün deyim ki, təxminən 12 il əvvəl ilk dəfə Əhməd bəyin Ankara konsertlərinin birində onunla yaxından görüşmək və imzası ilə "Yalnız kurt" adlı albomunu hədiyyə almaq şərəfinə nail olduğum an düşünmüşdüm ki, kaş bizim kişi müğənnilərimiz də onun kimi mərdi-mərdanə Vətən, Torpaq, İstiqlal deyə xalqı, xüsusilə də gəncliyi ayağa qaldırmağı, bir məqsəd, bir məram ətrafında birləşdirməyi, ona kimliyini xatırlatmağı bacarsın! Bu gün çaş-baş düşən gəncliyə haradan gəlib haraya getdiyini məhz musiqinin və poeziyanın qüdrəti ilə izah etmək qüdrətində olsun, öz fikirlərini onun qədər dolğun və gözəl ifadə edə bilsin! Bizimkilər də Ahmet bəy kimi yumruğunu başı üzərindən havaya qovzayıb:
Bize göre degil,
bizim için deyil.
Siyaha beyaz demek,
Çirkine , oh, ala demek,
Zalima ne ela demək,
Yoksula olmaz demek.
Biz böyle demedik,
Haram ne bilmedik,
Egilmedik, bükülmdik.
Bu şehirde olmaz.
Terkedib gitmeli,
Yalnız kurt yenilmemeli..-DEYƏ BİLSİN!
DEYƏ BİLSİN:
Qarabağım, könül taxtım, maralım mənim,
Ey sinəsi dərd ortağım, yaralım mənim,
Sevən sevənə kovuşur, bekle sen məni,
Gələcəyəm, görəcəyəm mutlaka səni.
DEYƏ BİLSİN Kİ:
Bir civinin yoxluğu, bir dalın yoxluğudur,
Bir dalın yoxluğu, bir atın yoxluğudur,
Bir atın yoxluğu, bir savaşçının yoxluğudur,
Bir savaşçının yoxluğu, bir ordunun yoxluğudur,
Bir ordunun yoxluğu, bir milletin mehvidər!
DEYƏ BİLSİN Kİ:
-Mənim oxuduğum hər mahnı, hər cümlə türkçülük, millətçilik adına hesablanmış, ideoloji yük daşıyan mahnılardır. Sənət və milli təfəkkür üçün işləmək mənim həyat və sənət amalımdır. Mən əyləndirən müğənni deyiləm. Əyləncə o vaxt qəbul olunandır ki, Vətən bütövdür. Bütövlük üçün çalışmalıyıq. Yoxsa, bizi başqaları heçə sayar.
DEYƏ BİLSİN Kİ:
Bizim bilim adamlarımız susur, amma daha çox kino işçilərimiz tarix yazmağa və onu saxtalaşdırmağa maraqlıdılar. Qos-qoca Şah İsmayıl kimi böyük bir türk oğlunun yaratdığı Səfəvi dövlətini "Möhteşem yüz yıl" serialı nedense fars dövləti kimi seyrimiye sırımaqda israrlıdır.
DEYƏ BİLSİN Kİ:
Çox sevsəm də olamam
Bir eşqin köləsi,
Senin dərdin eşq,
Mənimki məmləkət məsələsi...
Bəlkə onda bu gün məmləkətin sağlığından, bütövlüyündən daha çox adının şou-biznes qalmaqallarında hallanmasına sevinən müğənniciklərdən bizim də YAXAMIZ xilas ola, CANIMIZ qurtara!
Üstündən nə az, nə çox düz 12 il ötdü, bizdə Ahmet Şafak kimi birisi yetişməsə də onun məmləkət sevgisinə bələnən Mübariz İbrahimov, Ramil Səfərov kimi cavanlar yetişdi və bu igidlər Torpağımızın, Bayrağımızın, Millətimizin şərəfini qorumağa qadir olduqlarını sübuta yetirdilər.
Hərdən düşünürəm ki, niyə lap bineyi-qədimdən tarixi savaşlara yollanan orduları döyüşə ruhlandıran cəng və marşlar yaranıb və ölkənin ən yaxşı musiqiçiləri bu qruplara daxil edilib, onlar da mübarizənin ən qızğın çağında silaha sarılıb var səsləri ilə hayqırıblar: "Gedəlim düşman üstünə..."! Sən demə, musiqi də döyüşürmüş, söz də qılınc qədər kəsərli olurmuş!
Bəli, biz döyüşkən millətik! Lakin həm də ürəyiyumşaq, sülhsevər millətik, bizə dəyib dolaşmayanla barış və güvən içində yaşamağı tərciyə edərik. Amma babalarımızın sözünü də unutmarıq: "...çomağı əlindən yerə qoyma!"
Söz, musiqi də bizim vuran əlimiz, qələbə əzmimizi artıran mənəvi qidamız olmalıdır! Bax, elə o üzdən Ahmet Şafakı bir sənət fədaisi, bir Məmləkət dəlisi, bir yazar, bir həmkar, bir məsləkdaş və əqidə əkizim kimi çox sevir və yüksək dəyərləndirirəm.
Ötən illər onu çox sevdiyi Azərbaycana bir az da yaxınlaşdırdı, sıx-sıx Bakıya gəlməyə başladı, rayonlarımıza səfər etdi, ta Qarabağadək getdi, orada Şəhid Analarının əlini öpdü, Şəhid Atalarının çiynini qucaqladı, Şəhid Övladlarının başına tumar çəkdi! "Azərbaycan Türkünün Qara dənizə baxıb çırpınan Bayrağını Xankəndindən, Şuşadan, Qarabağdan asacağıq!"- dedi.
O Bakiya hər gəlişində bizə sevən, duyan, yanan bir ürəklə gəldiyindən qürur duyduğunu dilə gətirməkdən yorulmadı, salonları coşdurub, daşdırdı, öləziyən İntiqam Ruhumuzu canlandırdı, başqalarında Farklı olduğunu unutdurmamaq üçün Vətən gözəllərinə Sevdasını əmanət qoyub getdi. Hər dəfə də yenidən "Canım Azərbaycana" dönmək ümidini göyərdib yaşatdı içində!
Onun hər konsertindən sonra elə bilirəm ki, insanlarımızın yaddaşı təzələnir, mənəviyyatı durulur, bu millətin illərdən bəri erməni əsirliyində qalan Yurd yerlərə dönmək ehtirası bir az da gur alovlanır... Bu Vətənin oğul deyib bağrına basacağı canlı Vətən Daşlarının sayı da artır, düşmənə atılacaq Vətən daşlarının da! Onun Sarıkamışda uyuyan mehmetciyə oxuduğu ağının göynərtisi Xocalının qarlı düzlərində vəhşicəsinə qətlə yetirilən şəhidlərimizin geniş açılmış göz bəbəklərində donub qalan Vətən səmasının bir parça dolan buludunu əridir, o ağappaq buludlar da leysan olub gözlərimizdən süzülür, duruldur, saflaşdırir, bizi özümüzə qaytarır, özümüzə tanıtdırır!
Yenə gələcək Ahmet bəy Azərbaycana, mütləq gələcək, çox gözəl mənimsədiyi və sevərək danışdığı Azərbaycan türkcəsində bizimlə müsahib olacaq. Tarixi bağlarımızdan, ortaq mədəniyyətimizdən, eyni kökə, eyni adət-ənənəyə mənsubluğumuzdan, yaşadığımız müsibətlərdən, müştərək tale yazımızdan, birliyimizə mane olanların fitnə-fəsadından, nankor qonşularımızın alçaq xəyanətindən, itirilmiş Yurd yerlərimizə qayıtmaq əzmimizdən, geriyə dönməyə borclu olan "Böyük Köç"ün ayaq səslərini eşitdiyindən danışacaq, yazdığı yeni kitablardan söz açacaq, dünyanın gözünə ox kimi sancılan Türkiyənin bu günkü mənzərəsinə güzgü tutacaq! Bunları isə sadəcə bir Vətəndaş kimi, Sənətkar kimi, İnsan kimi, Kişi kimi edəcək! Onun Səsi həmişə aralarımızdan, sıralarımızdan, bizləri bağlayan mənəvi körpülərdən eşidiləcək!Məmləkət Sevdalı, Yalnız Kurt! Yolun həmişə açıq olsun!
Telli PƏNAHQIZI