Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda ətraf mühitlə bağlı yaranmış problemlərlə əlaqədar bəyanat yayıb.
Bəyanatda dünyanı bürüyən pandemiyanın təbiətin mühafizəsini bir daha ön plana çəkdiyi vurğulanır, bu gün Azərbaycanda su problemi ilə bağlı yaşananların ətraf mühit problemini yenidən gündəmə gətirdiyi qeyd olunur.
Bəyanatda bildirilir ki, Azərbaycanda təbii ehtiyyatların, təbiətin qorunması ilə bağlı bir xeyli problem həll edilməmiş qalmaqdadır və bu sahədə durumun fəlakət həddinə çatmasını gözləmədən təcili tədbirlər görülməlidir:
"Narahatlıq doğuran ən ciddi problemlərdən biri ölkənin dəniz, meşə və torpaq ehtiyatlarının qeyri-qanuni şəkildə istismar edilməsidir. Azərbaycan Xəzər dənizinin sahilində yerləşməklə insanlarımıza və ölkəmizə təbiət böyük bir töhfə verib. Amma Xəzərin çirkləndirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərin dəniz boyunu hasara alması, təbiəti işğalı bu sərvətdən istifadəni məhdudlaşdırır. Eyni proses Milli Parklar və qoruqlarda da baş verir. Milli Parklar və qoruqlar sayı azalmaqda olan bitki və heyvan növlərini mühafizə üçün nəzərdə tutulub. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Amma son illər xarici ölkələrdən gələn ov turistlərinin ölkəmizə ayaq açaraq milli parklarda müxtəlif heyvanların ovuna çıxması ilə bağlı dövri mətbuatda məlumatlar yayılırdı. Pandemiya ilə bağlı sərhədlərin bağlanması bu prosesi dayandırıb. Lakin qanunsuz ov etmə Azərbaycan təbiətinə ziyan vurub.
Bu gün isə Milli Parkların və qoruqların vəzifəli və imkanlı şəxslərin təsərrüfatlarına istifadəyə verilməsi haqda da məlumatlar var. Bütün bunlar təbiətə qarşı yanlış davranışlardır və zaman göstərir ki, təbiət ona edilən pisliyi unutmur, cavabı isə çox sərt olur".
Bəyanatın sonunda deyilir ki, Vətəndaş Həmrəyliyi Partiyası əlaqədar dövlət qurumlarından təbiətə qarşı törədilən qanunsuzluqlarla bağlı qəti tədbirlər görülməsini, bu işdə vəzifəsindən və sosial durumundan asılı olmayaraq heç kəsə güzəşt edilməməsini tələb edir.