Bu gün yurdumuzun, millətimizin inkişaf səviyyəsi gələcək sahiblərinin aldığı tərbiyədən çox asılıdır. Deməli, böyüməkdə olan gənc nəslin təlim və tərbiyəsinə yönəlmiş pedaqogika elmi bütün zamanlarda olduğu kimi, öz aktuallığını, zəruriliyini saxlamaqdadır. Bu bir həqiqətdir ki, nəzəriyyəni əzbərləyib elmə "baş vuranların" bir qismi pedaqogikaya töhfə verə, yeniliklər gətirə bilmir.
Adıçəkilən elm sahəsi üzrə dinamik prosesləri hiss edən, müasir inkişaf tendensiyalarını nəzərə almaqla vətəndaş-alim həssaslığı göstərənlər öz tədqiqatları ilə şagirdləri formalaşdıran məktəbin fəaliyyətinə, təlim-tərbiyə işinə fayda verirlər. Belə pedaqoqlardan biri də Zəhra Bilal qızı Muradovadır. Adətən, yaradıcı ziyalılar, elm adamları barədə yazarkən öncə yaratdıqları əsərlərə görə onlara qiymət verilir, sonra isə şəxsi keyfiyyətlərindən söz açılır. Zəhra xanım haqqında danışarkən isə ilk növbədə, onun yüksək insani xüsusiyyətləri önə keçir, buna səni onun ali şəxsiyyəti sövq edir.
Azərbaycan Respublikası Təhsil İnstitutunun aparıcı elmi işçisi Zəhra Muradova ali pedaqoji təhsil alıb, taleyini məktəblə, şagird dünyası ilə bağladığı ilk dövrdə nə vaxtsa pedaqoq alim kimi tanınacağını bəlkə heç düşünmürdü. Lakin aylar, illər ötdükcə onun işgüzarlığı, seçdiyi peşəyə qəlbən bağlanması, tədris-tərbiyə prosesinə innovativ yanaşması pedaqoji fəaliyyətinin məzmununa çevrildi. Bu şərəfli sənəti tale qisməti, alın yazısı hesab edirdi. Müəllimliyin onun üçün peşə məşğuliyyətindən daha yüksək anlamı vardı.
Çalışdığı 176 saylı məktəbdə tədris etdiyi kimya və biologiya fənləri üzrə keçdiyi açıq dərslər, valideynlərlə müzakirələr, disputlar, onun maarifçilik təşəbbüsləri qonşu təhsil müəssisələri müəllimlərinin, pedaqoji ictimaiyyətin diqqətini cəlb edirdi. Zəhra müəllimi yaxşı tanıyır, ona hörmətlə yanaşırdılar. Zəhra xanımın qəzet və jurnallarda, pedaqoji dərgilərdə metodik məqalələri dərc olunurdu. Maarifimizin əvəzsiz təbliğatçısı olan "İbtidai məktəb və məktəbəqədər tərbiyə", "Azərbaycan məktəbi" jurnallarında verilmiş, şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən yazılarında təlim-tərbiyə sahəsində təcrübəsini həmkarları ilə bölüşürdü.
Redaksiya heyətinin üzvü olduğu "Kimya və biologiya tədrisi" məcmuəsində də tez-tez çıxış edir, dəyərli elmi nəticələrə gələ bilirdi. Müəllif bu nəticələr üzrə məcmuənin eyni zamanda, müəllimlərin həmin sahə üzrə pedaqoji ustalığının inkişafında mühüm rolunu əsaslandıra bilmişdi. Məqalələrin təlimin məzmununa, proqram və dərsliklərin tərtibinə istiqamət verə biləcəyi hasil olmuşdu. Bu, təlim və tərbiyənin vahid bir proses olduğunu təsdiq etmək demək idi.
Bu, artıq o illər idi ki, Zəhra Muradova pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdı. O, tədqiqatlara "davam" deyərək, yorulmaq bilmədən, əzmlə çalışırdı. Araşdırmalar onu yormurdu, çünki həyat dərsi keçmiş, təcrübə qazanmışdı. Metodika elminin, təlim üsullarının inkişafına töhfələr vermək, tədrisin elmi cəhətdən təşkilində müəllimlərə əməli kömək göstərmək amalına, qayəsinə çevrilmişdi. Bir qədər sonra-2014-cü ildə "Azərbaycanda kimyanın tədrisi metodikasının inkişafı" mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər doktoru alimlik dərəcəsi aldı. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasına üzv seçildi.
Tanınmış metodist alimin bu yaxınlarda bir elmi məqaləsini oxudum. Təhsil İnstitutunun "Elmi əsərlər" məcmuəsində dərc edilmiş "Təlim prosesində Azərbaycanın təbii resurslarından istifadə edilməsi" adlı yazıda ölkəmizin zəngin təbii sərvətləri barədə geniş məlumat verilmiş, təsnifat aparılmışdı. Mineral, energetik və bioloji resurslara aid olan təbii sərvətlər ayrı-ayrılıqda açıqlanmış, xarakterizə edilmişdi. Qiymətli təbii resurslardan lazımınca istifadə olunmadığı, bunlardan daha səmərəli faydalanmanın ölkənin iqtisadı inkişafına təkan verəcəyi diqqətə çatdırmışdı.
Müəllif problemin həlli yollarını da çözərək, məktəblərdə kimya, biologiya, coğrafiya və digər fənlərin tədrisinin müasir tələblər səviyyəsində qurulmasını, şagirdlərə erkən yaşlardan yurdumuzun təbii ehtiyatları, yeraltı sərvətləri, faydalı qazıntı yataqları və bu resursların istehsalı barədə bilgilər verilməsini, bununla bağlı sinifdənkənar tədbirlər keçirməyi, yeniyetmələri iqtisadiyyatın müvafiq sahələri üzrə peşə seçməyə yönəltməyi vacib saymışdı.
Dövrün mühüm pedaqoji problemlərinin həllində fəal müdaxiləsi, dəyərli mülahizələri ilə seçilən məktəbşünas alim onu düşündürən, narahat edən məsələlərə də münasibətini bildirdi. "O yerdə ki müəllim nüfuzuna, ləyaqətinə azacıq da olsa, ləkə düşür, orada çox şey baş-ayaq, alt-üst olur. Həqiqət təhrif ediləndə müəllim şəxsiyyəti, nüfuzu da sarsılır. Deməli, müəllim, ilk növbədə, ədalətin, həqiqətin carçısıdır. Bunlarsız həqiqi məktəb, həqiqi tərbiyə və həqiqi bilik yoxdur?" deyir Zəhra xanım.
Söhbətimizin bu yerində böyük ədib və maarifçi Nəriman Nərimanovun hələ 1924-cü ildə pedaqoji institutun ilk məzunları qarşısında müdrikcəsinə dediyi bu mülahizələri xatırladıq: "Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmətsevər olsunlar. Sizin tərbiyənizi görən cavanlarımız gərək cəsur və dəyanətli olsunlar, yəni bir parça çörəkdən ötrü ikiüzlülük etməsinlər...qatığa qara deməsinlər". Uzaqgörənliklə deyilmiş bu sözlər öz bəhrəsini vermişdi. Bu gün intellektual səviyyəsi ilə seçilən, əsl şəxsiyyət olan yüzlərlə müəllimin adını çəkə, çətin və şərəfli peşə sahiblərini nümunə göstərə bilərik.
Dünya pedaqoji fikrində təhsil sisteminin ciddi qüsurları, onu təkmilləşdirməyin yolları barədə fərqli mülahizələr irəli sürülür. Müasir mərhələdə təhsil sahəsində gerçəkləşdirilən köklü islahatlar, onun sonrakı inkişaf dinamikasını müəyyənləşdirməyə istiqamətlənib. Zəhra xanım deyir ki, bu, dünyada baş verən sosial tərəqqinin bilavasitə təhsillə bağlı olmasının göstəricisidir.
Yer üzünün tərəqqi prosesi ölkəmizin təhsilində də müəyyən iz buraxmışdır. Ölkədə gedən sosial, mədəni və texnoloji inkişaf qlobal düşüncə tərzini önə çıxarır. Artıq təlim prosesi şagirdlərin ayrı-ayrı fənlər üzrə verilən bilik və bacarıqlarının passiv istehlakçısı deyil, əksinə, ətraf aləmin dərk edilməsinə yaradıcı təfəkkürlə münasibət bəsləyən subyektlər kimi formalaşmasını təmin edəndir. Bunun üçün təhsil prosesində öyrənilən fənlər və onların əhatə etdiyi mövzular əlaqəli-interaktiv tədris olunmalıdır.
Zəhra Muradovanın gənc nəslin mənəvi tərbiyəsindən, milli-mənəvi dəyərlərimizdən yazmağa haqqı var. O, yüksək mənəvi keyfiyyətlərə, ünsiyyət mədəniyyətinə malik olan, səmimi, mehriban, xeyirxah, ictimaiyyətin dəyər verdiyi bir şəxsdir. Ətrafında olanlar onun bilgilərindən, dəyərli söhbətlərindən maariflənmək enerjisi alırlar. Bir şəxsiyyət kimi bitkindir, tamdır, ləyaqətli Azərbaycan qadınıdır. Nümunə ola biləcək ana, araşdırmaçı, yaradıcı insandır. Mənim tanıdığım Zəhra xanım ziyalılıq dəyəri ilə əsl insan etalonudur.
Fənlərarası əlaqə bu gün pedaqogikanın, fənn metodikalarının əsas tədqiqat obyekti olaraq aktuallıq kəsb edir. Bu problemin mütəfəkkirləri, pedaqoqları, metodistləri tarixən düşündürdüyünü xatırlayanda müsahibim bu barədə maraqlı fikir və ideyalardan söz açdı. Dedi ki, dahi Nizami Gəncəviyə görə, nəcib və dərrakəli, mərd və güclü şəxs yalnız əlverişli mühitdə yetişə, elm və sənəti mükəmməl öyrənməklə kamilləşə bilər ("Sirlər xəzinəsi"). Təbiət hadisələri arasındakı təbii əlaqələri şagirdlərə öyrətməyi məsləhət görən böyük çex pedaqoqu Y.A.Komenski isə "Əlaqəli olan hər şeyi hər yerdə birlikdə götürmək lazımdır" deyirdi.
Gözəl, səlis nitqə, əsl pedaqoqlar, ustad müəllimlər kimi fikrini təmkinlə, aydın ifadə etmək bacarığına malikdir Zəhra xanım. Fənlərarası əlaqənin yaradılması təhsil alanlara diktə edir ki, insan yalnız bir fənni mükəmməl qavrayıb mənimsəməklə yetkinləşə, inkişaf edə bilməz. O, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin bu poetik misraları ilə fikrini daha rəvan, duyğulu ifadə etdi:
Çay-çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış yağar.
Hər kəsi öz dilində danışdıra bilmək elə bu imiş, sən demə! Çevrəsindəkilərin onu niyə belə çox sevdiyini, gözəl insan, sevimli müəllim, ağıllı həmsöhbət kimi qəbul etdiyinin indi daha çox fərqindəydim...