|
|
|
|
Elməddin HACILI
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi
Mərkəzinin sədri
Dövlət müstəqilliyimizin ilk illərində formalaşmağa başlayan müasir vətəndaş cəmiyyəti ziddiyyətlərlə dolu ictimai, sosial, mənəvi və digər prosesləri, demək olar ki, arxada qoyub. Qeyd edək ki, vətəndaş cəmiyyətinin əsas strukturlarını təşkil edən kütləvi informasiya vasitələrinin(KİV) və qeyri-hökumət təşkilatlarının(QHT) yaranması, formalaşması, eləcə də onlar arasındakı münasibətlər sahəsində görülən işlər, meydana çıxan problemlərin aradan qaldırılması bütövlükdə cəmiyyətin və dövlətin inkişafına xidmət edir.
Vətəndaş cəmiyyəti sektorunda baş verən proseslərin müşahidəsi göstərir ki, digər ictimai münasibətlərlə müqayisədə QHT-KİV əlaqələrini nisbətən inkişaf etmişdir. Lakin QHT-KİV arasında müxtəlif iş birlikləri qurulsa da, bu əlaqələrdə hələ də müəyyən problemlər var. Bir sıra QHT rəhbərləri isə bu sahədə müəyyən dinamikanın olduğu fikrindədir. QHT layihələrinin təqdimatında, görülən işlər haqqında cəmiyyətə informasiya ötürülməsində - bütün bu məsələlərin işıqlandırılmasında KİV-in xüsusi rolu olduğunu qeyd edirlər.
QHT- KİV münasibətlərinə nəzər salanda ilk öncə onu qeyd etmək lazımdır ki, burada qazanan və itirən hər iki tərəfdir. Əlaqələrin genişlənməsindən və inkişafında həm QHT-lər, həm də KİV maraqlı olmalıdır. Vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, KİV və QHT əlaqələrinin yüksək səviyyədə olduğu dövlətlərdə demokratik dəyərlərə də ciddi riayət olunur.
Bu gün QHT jurnalistikasından çox danışılsa da, bu anlayış vətəndaş cəmiyyəti üçün o qədər də aydın deyil. Xarici mediada artıq illərdi mövcud olan QHT jurnalistikasının Azərbaycanda da yaranması və formalaşması əhəmiyyətli və faydalı olardı.
Son illərdə digər maliyyə donorlarla yanaşı milli donor institutu olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə üçüncü sektorun inkişafında medianın rolunun artırılması istiqamətində yetərincə konkret planlarını açıqlayıb və həmin sahədə işlər görməkdədir. Ekspertlərin araşdırmalarına görə ölkədəki qeyri-hökumət təşkilatlarının yerinə yetirdiyi layihələrin icra prosesinin mediada işıqlandırılması, onların ictimai sektorun digər institutları ilə əməkdaşlığı, əfsuslar olsun ki, hələ də normal səviyyədə deyil. Onların fikrincə problemin həllində QHT fəaliyyətini işıqlandıran jurnalist şəbəkəsi mühüm rol oynaya bilər. Bu şəbəkə QHT-KİV əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verə biləcək və QHT-lər haqqında cəmiyyətin obyektiv informasiya ala biləcəyi vasitə ola bilər. Bu gün bu istiqamətdə fəaliyyətin qurulmasına və inkişaf etdirilməsinə çox ciddi ehtiyac duyulur, çünki qeyri-hökumət təşkilatlarının fəaliyyəti barədə cəmiyyətdə hələ də tam bilgi yoxdur. Bilgisizlik isə QHT-lər, xüsusilə də ölkədə demokratik dəyərlərdən tutmuş, iqtisadi yüksəlişə qədər bir çox məqsədlər uğrunda çalışan ictimai təşkilatlar barədə yanlış təsəvvürlər, iddia və gümanların yaranmasına səbəb olur.
QHT-KİV əməkdaşlığının qurulması və inkişafında hər iki tərəfin üzərinə mühüm öhdəliklər düşür. Əvvəla, QHT-KİV münasibətlərinin inkişafına mane olan məqamları və bundan çıxış yollarını öyrənilib təhlil olunmalıdır. QHT nümayəndələri medianın, xüsusilə də KİV-in QHT-lərin təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından və məlumatların yayımlanması müqabilində maliyyə ummalarından gileylənirlər. Jurnalistlər isə QHT-lərdən gələn press-relizlərin qeyri-peşəkar hazırlandığını, məlumatlarda xeyli səhvə yol verildiyini qeyd edirlər.
Ekspertlərin də fikrincə isə iki institutun əlaqəli işləməsi üçün həm QHT-lərin, həm də KİV-in üzərinə böyük məsuliyyət düsür. İlk növbədə QHT-lər KİV-lə iş sahəsində informasiya hazırlayıb yaymaq bacarığı və vərdişinə yiyələnməlidirlər. Eyni zamanda QHT-lər ictimaiyyətlə əlaqələr departamentlərinin fəaliyyətlərini genişləndirməli, peşəkarlıq səviyyəsini artırmalıdır.
QHT-lərin bu əlaqələrdə narazılığı daha çox KİV orqanlarının vətəndas cəmiyyəti institutlarının tədbirlərinə etinasız yanaşmaları və bir çox hallarda belə tədbirlərdə qeyri-peşəkar əməkdaşlarının iştirakının təmin etmələri ilə bağlıdır. QHT-lər müxtəlif sahələrdə araşdırmalar aparır, layihələr həyata kecirir. Təbii ki, görülən işlərdən cəmiyyətin digər üzvlərinin də xəbərdar olması üçün QHT və KİV əməkdaşlığı olmalıdır.
Bəzi KİV rəhbərləri isə, xüsusilə bir sıra qəzetlərin baş redaktorları belə hesab edir ki, qəzetlər maarifləndirmə işini yerinə yetirsə də, onların ayaqda durması üçün maliyyə vəsaitinin olması vacibdir. Qəzetin oxucu auditoriyası, bu auditoriyaya çatdırılan xəbərləri var. Qəzetin o məlumatları toplamaq, oxucularına çatdırmaq və biznes sturukturu kimi inkişaf etməsi üçün müəyyən vəsaitə ehtiyacı var. Bu işdə QHT-lər aldıqları vəsaitin müəyyən bir qismini qəzetlərə verməklə kömək edə bilərlər.
Son zamanlar medianın QHT-lərə informasiya mənbəyi kimi baxdığını düşünən ekspertlər qeyd edir ki, QHT-lər cəmiyyətdə müxtəlif sahələrdə araşdırmalar apardığından daha çox informasiyaya malikdir. Hətta bəzi dövlət qurumlarından QHT-lər daha aktiv işləyir. QHT-lər müxtəlif sahələrə dair araşdırmalar aparır və daha çox bilgiyə sahibdir.
Bəzi hallarda isə QHT-lər KİV ilə münasibət yaratmağa meyl göstərmir. Bu QHT-lər və rəhbərləri mediaya açıq deyil. Amma həmin QHT-lər bir məqamı da yaddan çıxarmamalıdırlar ki, bu münasibətlərin yaranması QHT-lərin fəaliyyəti haqqında informasiyanın cəmiyyətə ötürülməsində mühüm əhəmiyyət kəsb edən amildir.
Bir məsələni də söyləmək yerinə düşərdi ki, QHT-lərin aldığı qrantların büdcələrində PR işlərinə aid bənd ümumiyyətlə mövcud olmur . Bu da onların KİV-lə işləməsinə əngəl olan əsas amillərdən biridir. Bəzi hallarda QHT-lər arzuolunmaz yerlərdən qrant alır, maliyyələşir. Fəaliyyətləri şəffaf olmayan qurumlar da nəticə etibarilə mediaya açıq olmaqdan çəkinir. QHT-lərin qəzetlərə maliyyə vəsaiti ayırmağına gəlincə, ekspertlər hesab edir ki, maraqlı informasiyaları olan QHT pul vermədən də öz xəbərlərini mediada yaya bilər.
Aparılan araşdırma və təhlillərdən, ekspertlərin fikirlərindən QHT-KİV münasibətlərində vacib olan və bu münasibətlərin effektiv inkişafı üçün aşağıda qeyd olunan məqamlar meydana çıxır:
- QHT-lərin həyata keçirdiyi layihələrin nəticələrinin ictimai əhəmiyyətinin cəmiyyətə çatdırılması;
- QHT-lərin fəaliyyətinin obyektiv işıqlandırılması;
- QHT-lərə qarşı qərəzli münasibətə, qarayaxmalara və böhtanlara son qoyulması;
- Yerinə yetirilən layihələrin mediada işıqlandırılması ilə bağlı layihə büdcələrində konkret vəsaitlərin (ümumi büdcə vəsaitinin 2-5% həcmində) nəzərdə tutulması;
- QHT-lərin reallaşdırdığı layihələrin ictimai aktuallığının təmin edilməsi;
- Layihələr üzrə hazırlanan media materiallarının müasir jurnalistikanın tələblərinə cavab verməsi;
- QHT fəaliyyətində layihə və mövzu təkrarçılığının aradan qaldırılması;
- İctimaiyyətin zəruri tələb və ehtiyaclarının QHT layihələrində əks olunması;
- KİV və QHT-lər arasında mütəmadi əlaqə və məhsuldar münasibətlərin formalaşdırılması və qorunması üçün xüsusi diskussiya formatlarının müəyyənləşdirilməsi;
- QHT-lərə Dövlət Dəstəyi Şurası ilə yeni yaradılmış KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirilən layihələr üzrə müştərək monitorinqlərinin keçirilməsi;
Fikrimzcə KİV-lə əlaqələrin qurulmasında QHT-lər daha çox maraqlı olmalıdlar. Bu sahəni QHT-lər üçün vacib sahələrdən biri hesab etmək olar. Çünki əksər QHT-lərin layihələrində PR düzgün işinin düzgün qurulması onun keyfiyyət əmsalını artırır. Qeyd etmək lazımdır ki, PR işi layihəyə uğur qazandırmağın bir vasitəsidir. Layihələrin icrası zamanı QHT cəmiyyətlə yaxından münasibətdə olmaq imkanı qazanır. Bu məqamda QHT öz layihəsini ictimaiyyətə təqdim etmək bacarığına da malik olmalıdır. QHT-lər layihələrini həyata keçirərkən KİV-in imkanlarında maksimum yararlanmağı bacarmalıdırlar. Layihələrin böyük əksəriyyətinin yetərincə təbliği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdirildiyindən, məlumatlar həm ölkə daxilində, həm də xaricdə geniş yayılır. Həyata keçirilən layihələrin təqdimi və təbliğinə xüsusi önəm verilməsi normal haldır.
İstər dövlət, istərsə də özəl televiziya və radio kanalları, mətbuat və internet mediası milli QHT-lərin fəaliyyətləri və layihələri barədə geniş materialları cəmiyyətə çatdırmaqda, qaldırılan problemlər haqqında rəylər, fikirlər, mülahizələri, problematik xarakterli polemikaları ictimai müzakirə obyektinə çevirməklə, bir növ vətəndaş cəmiyyətinin fəlsəfəsini genişləndirmiş olurlar.