Gəncədə ticarətçilərin və alıcıların xahişlərini nəzərə alaraq, şəhərin mərkəzinə yaxın bir ərazidə yerləşən, bir neçə il əvvəl ləğv edilərək, tamamilə sökülən ən böyük bazarı yenidən bərpa etmək qərara alınıb.
Gəncəlilərin, eləcə də şəhərin yaxın və uzaqdan gələn qonaqlarının təsəvvüründə "keyfiyyətli bazarlıq" məkanı kimi məşhurlaşan bu alış-veriş məntəqəsi yenidən qurulur.
Ötən əsrin 50-ci illərindən, yəni salındığı dövrdən bəri, uzun illər ərzində istər şəhər sakinləri, istərsə də ətraf bölgələrdə yaşayanlar ilk növbədə məhz bura - bu bazara üz tutardı. Təxminən 4 il öncə bazar demək olar ki, tamamilə sökülüb. Lakin sakinlərinin və kənd təsərrüfatı məhsulları becərən və ya onun ticarəti ilə məşğul olanların istəyi nəzərə alınaraq, onun yenidən inşası işlərinə başlanılıb. Bu hal ilk növbədə bu bazara illərdir ki, "öyrəşmiş" orta yaşlı və ahıl insanları sevindirib.
"Bu yer həm şəhərin mərkəzinə yaxındır, həm də bu bazar həmişə bolluğu ilə seçilib. Ömrüm boyu eşitmişəm, hətta Rusiyadan gələnlər də deyiblər ki, Gəncədəki o böyük bazarda nə istəsən, quş iliyi, can dərmanı tapmaq olar. Deyirlər, yeni görkəmdə tikiləcək, daha da böyüyəcək. Yəqin ki, neçə-neçə ailənin dolanışıq yeri də olacaq", - deyə təqaüdçü Məmmədəli Rzayev sevincini bölüşür.
Tikinti aparan mütəxəssislərin dediklərindən aydın olur ki, köhnə bazarın bir neçə hektarlıq ərazisində salınan obyekt bu tip ticarət məkanlarının ən müasir tələbləri baxımından ərsəyə gətirilir. Onun memarlıq tərzində isə qədim milli və müasir çalarlar qovuşacaq. Əvvəlki bazarın əksər ticarət yerləri açıq havada idisə, yeni obyekt əsasən örtülü məkan xarakterində olacaq.
"Bazar iki hissədən ibarət olacaq. Birinci hissə üç, ikinci hissə iki mərtəbəli tikililərdən ibarətdir. Memarlıq həllində əlbəttə ki, milli motivlər unudulmayacaq", - deyə tikinti üzrə iş icraçısı Şahin Mehdiyev qeyd edir.
Gəncə bazarının birinci hissəsinin bu ilin sonunadək, ümumilikdə tam istifadəyə verilməsi isə yaxın bir ilik müddət ərzində nəzərdə tutulub.
Taixi arayış kimi, onu da nəzərə çatdıraq ki, həmən "Kolxoz bazarı" 1950-ci ildə şəhərdəki rekonstruksiyalar zamanı uçurulmuş məhəlli bir qəbiristanlıq olan "Mürsəl ocağı" məzarlığının yerində (!?) salınıb. Qəbiristanlığın adını dillərə məhz bu cür salan, 17- 18-ci əsrlərin qovşağında yaşamış, yerli, hörmətli şəxslərdən olan Seyid Mürsəl ağanın heç kimin uçurmağa əli gəlmədiyi məzar-türbəsi indi də sözügedən məkanda durur. Elə "Kolxoz bazarı"nın aşağı qapısı da həmin türbəyə açılırdı.
Zakir MURADOV
Gəncə