|
|
|
|
Səhifənin qonağı
ETÜD A.BLOK
Əlvida!Ayrılaq...Əl verin! Aman,
İstəməz!İstəməz!Bu xoş təmasdan,
Ürəyə dolmasın qoy qubar,məlal,
Ürəyi incidər,ağrıdar bu hal.
Bu gün ayrılırıq,məndən daha siz,
Heç zaman ”sən”sözü eşitməzsiniz!
Yetər arzuladım o baxışları,
Yox,siz ağlamayın!Görməyim,barı,
Bu hicran dəmində təlaşınızı.
Siz Allah,saxlayın göz yaşınızı!
Ürəyim alışır,yanır...Siz gedin,
Bəsdir...Daha gedin....Bəsdir....Tez gedin!..
Bu nədir?Gözümdə yaş var ki, mənim,
Yoxsa ağlayıram?.. Gəl ey düşmənim!
Son dəfə bağrıma basım səni mən.
Bax belə...Əlvida...Get daha....Get,sən.
QADIN H.HEYNE
Onlar bir-birinə aşiq idilər,
Onlar bir-birinə layiq idilər.
Elə ki, yanına aşiq gələrdi,
Məşuq çarpayıda elə gülərdi.
Günlər səslə-küylə ötüşürdü.
Füsunkar gecədə öpüşürdülər.
Kişini tutdular. Qadın da gördü,
Nə isə ardınca baxıb gülürdü.
Sifariş göndərdi kişi:Burda mən,
Sənsiz darıxıram yamanca,bilsən.
Zindana yanıma gələsən gərək,
Başını buladı qadın gülərək.
Asdılar kişini , yeddiydi saat,
Qadın tək deyildi səkkizdə;heyhat,
Sanmayın üzündən qəm tökülürdü,
Hey şərab içərək yenə gülürdü.
BİÇİLMƏMİŞ ZƏMİ
N.A.NEKRASOV
Payızın son ayı. Köçüb qarğalar,
Meşə çılpaqlanıb boşdur tarlalar,
Tək bircə zəmiyə əl də dəyməyib,
Sünbüllər kədərlə başını əyib,
Yavaşca-yavaşca xışıldaşırlar,
Sanki bir-birilə pıçıldaşırlar:
”Bu quru gövdəmiz yerə yatıbdır,
Dolu dənlərimiz toza batıbdır,
Köçəri quşların dimdiklərilə,
Didildik, döyüldük,dözürük hələ,
Boranlar altında dən-dən dağıldıq,
Acgöz dovşanların tapdağı olduq.
Yoxsa bu buğdalar yetişməmişdir?
Hanı bizi əkən, bu necə işdir?
Bəs niyə becərib, tər töküb burda,
Görəsən hardadır indi o, harda?
Axı dopdoludur hər bir dənimiz,
Qalmışıq küləyin ümidinə biz”.
Külək vıyıldadı, gətirdi xəbər:
”Sizin əkinçiyə toxunub xətər,
Tərpənə bilməyir, xəstələnibdir,
Ağır dərd yazığı üstələyibdir,
Yemir,içmir,bilmir heç dərdi nədir,
Zəif ürəyini ağrılar didir.
Əziyyətlə əkdi, becərdi, ancaq
Biçməyi əlləri bacarmayacaq
Parlayan gözləri tamam sönübdür,
Qolları quruyub çöpə dönübdür,
Bir vaxt mahnı deyib işləyən adam
İndi xırıldayır,inləyir müdan”
BAĞIŞLA
RƏSUL HƏMZƏTOV
Özümü doğrulda bilərəmmi mən,
Bu dərdin əlindən bəs hara qaçım?
Dünənki təhqiri, nə olarki sən
Bağışla, əzizim, bağışla, bacım.
Özüm bilirəm ki, bu deyil asan,
Neyləyim? Qəlbimə soxulur bəzən,
Mənə bənzəməyən başqa bir insan,
Bütün ixtiyarı alır əlimdən.
O kobud , o sərxoş, yöndəmsiz adam,
Gah acıqlı olur, gah da gülür o,
Qovmaq istəyirəm, mən ona yadam,
Vuruşur, vuruşur, qalib gəlir o.
Yaxşı yaddan çıxır,oluram yaman,
Özüm utanıram hərəkətimdən.
Gözüm heç bir şeyi seçmir o zaman,
Həssaslıq silinir təbiətimdən.
Nələr etdiyimi bilmirəm bəzən,
Görmürəm kimlərə yanaşdığımı.
Şeirlər, mahnılar unudulur, mən
Özüm eşitmirəm danışdığımı.
Dünən də bütün gün mənimlə idi,
Çıxmayıb heç biri indi yadımdan.
Qorxuram yadıma salım,nə dedi,
O nələr törətdi mənim adımdan.
Bilmədi bir an da öz həddini o,
Düz mənim qəlbimə girdi,soxuldu.
Keçdi yaxşı yaman sərhəddini o,
Sən çıxıb gedəndə o da yox oldu.
Sən getdin baxmadan,dərd məni aldı,
Arxanca hey qaçdım, dönmədin ancaq.
Onun ürəyində üfunət qaldı,
Bir də döşəməyə düşmüş bir sancaq.
Özümü doğrulda bilərəmmi mən?
Bu dərdin əlindən bəs hara qaçım?
Adımla adlanan adamın dünən,
Etdiyi təhqiri bağışla, bacım!
ASLAN QƏHRƏMANLInın ÇAP OLUNMAMIŞ BİR PARODİYASI.
Küçə itinin gənələrinə
və ev itinin hürcəsinə
necə dinləmək
necə dinləmək
efirdə əndam bulayan şortuları
ya da buxara papaqlı
əyri qəlyanlı
ağır oturub batman gələn
çingənələr kimi
dişlərini qızıla basan
yastı-yapalaq şərq kişilərinin
mavi rəngli mütrif nəğmələrini
necə ağlamaq
necə ağlamaq
zorlanan qadın sayaq
bir gizlinə çəkilib sıqqıldayaraq
eləcə ulamaq ulamaq
küçə iti kimi hürcəsinə...
ŞƏRİF AĞAYAR
necə dinləmək necə dinləmək
əyri qəlyanlı
yastı yapalaq kişilərin
dişlərini qızıla basan
çingənələr kimi
oyun havası çalcasını
necə seyr etmək necə seyr etmək
kimlərinsə rəqsdə
atılıb düşməkdən yorularaq
zibillikdə eşələnən
küçə itinə
yapışmış gənələr kimi
hərəkətsiz qalcasını
necə dözmək necə dözmək
nabələd adamın kəl arabasını
sıldırım qayalığa sürcəsinə
necə ulamaq necə ulamaq
çox asanca
səsini oxşatmaqla
sahibi ölmüş
ev itinin hürcəsinə
necə zövq almaq necə zövq almaq
baxırsansa
özünü xeyirin
qalan hamını şərin
yanında hesab edən
bəzi yazarların
öz yolunu azcasına
və
bilmədiyi dildə şeir
yazcasına.