https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Təşəkkürlər “Neftçi”!

Təşəkkürlər “Neftçi”!



Əslində bir qədər gecikmiş yazıdı. Amma hər halda gec də olsa, ürəyimdən keçənləri bölüşmək istəyirəm. 1987 il mayın 10-u idi. Atam məni “Neftçi”nin oyununa aparmışdı. Həmin gün bəlkə də dünyanın ən xoşbəxt uşağı idim. Buna kimi ekran qarşısında gördüyüm və nəinki tay-tuşlarımın, bütün Azərbaycanın sevimlisi olan futbolçuları – İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponamaryov, Nazim Süleymanov, Valeri Pançik, Mustafa Bilalov, hələ mənim o qədər yaxşı tanımadığım, amma keçmiş SSRİ-nin futbol əfsanələrindən olan Aleksandr Çivadze, Ramaz Şengeliyan, Otari Qabeliyan və başqalarının oyununu birbaşa Tofiq Bəhrəmov adına (o vaxt Lenin adına idi) stadiondan canlı izləmək  xoşbəxtlik deyildimi? İndi bu kiməsə asan gələ bilər. Amma onda belə deyildi – Azərbaycanın üzdə olan bircə komandası var idi və bütün respublika “Neftçi”yə azarkeşlik edirdi. Orta hesabla ayda cəmi 2 dəfə Bakıda rəqib qəbul edən komandanın oyununu stadiondan izləmək istəyənlərin sayı tribunalardakı oturacaqların sayından qat-qat çox idi.

Düzü atam o qədər də futbol azarkeşi deyildi.  Həmin oyuna isə məni söz verdiyinə görə aparmışdı. Məktəbin əlaçılarından idim.  Yəqin ki bildiniz – həmin gün “Neftçi” “Dinamo”nu (Tiflis) qəbul edirdi. İnternetdə çox axtarsam da, bu oyunun protokolunu tapa bilmədim. Amma həmin 90 dəqiqə yaddaşıma elə həkk olunub ki, indi də qolları kimin və necə vurduğunu çox gözəl xatırlayıram. Yeri gəlmişkən, ilk qolu künc zərbəsindən ötürülən topa başla zərbə endirən kumirim Maşallah Əhmədov vurmuşdu.  Sonrakı topları isə Şakir Qəribovla Nazim Süleymanov. Xüsusilə Qəribovun qolu daha baxımlı idi. 

Sonradan “futbol xəstəsi” olan xalam oğlu ilə, daha sonra özüm evdən xəbərsiz “Neftçi”nin xeyli oyununa getdim. Amma heç biri mənə bu qədər ləzzət eləməmişdi, taa ki... O vaxtdan nə az nə çox düz 25 il keçib. Oktyabrın 4-ü “Neftçi” “İnter”i qəbul edirdi. Yenidən qurulmuş həmin stadion, möhtəşəm azarkeş kütləsi, Avroliqada ilk ev oyunu, tarixi gün – bir sözlə hər şey əla idi.  Mənim üçün isə ən sevindirici hal komandaların stadiona çıxışı zamanı futbolçuların əllərindən tutan uşaqların arasında övladlarım – Məhəmməd və Əlinin olması idi. Düzü məndən çox onlar sevinirdilər. Görüşdən iki gün əvvəl bu xəbər ilə oturub duran əkizlər  hələ də “İnter”lə oyundan danışır, azacıq da olsa tay-tuşları arasında lovğalanırdılar. Kim bilir indən sonra neçə belə oyun olacaq. Bəlkə də gələcəkdə özləri ağ-qara forma ilə kiminsə körpəsinin əlindən tutub stadiona çıxacaq.  Amma əminəm ki, bu “ilk” onların yaddaşlarından ömürlük silinməyəcək.  Necə ki mənim yaddaşımdan silinməyib.

Məşqçiləri Tural müəllimə və mənimlə bir vaxtlar “Turan”da top qovan (sözün düzü mən qovurdum, o isə tutmaqla məşğul idi) Hüseyn Məhəmmədova təşəkkür etmək istəyirəm. Ən böyük alqış isə futbol tariximizdə yeni səhifə açmış “Neftçi”yə düşür. Həm mənə, həm övladlarıma, həm də xalqımıza sevinc bəxş etdiyinə görə TƏŞƏKKÜRLƏR “NEFTÇİ”!

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.