Beynəlxalq siyasət üzrə ixtisaslaşmış media orqanları arasında ən nüfuzlusu olan "Politico" qəzetinin yaydığı məlumata görə, Ağ ev Çinin müsəlman uyğurlara qarşı apardığı etnik təmizləməni və sərt repressiyanı soyqırım kimi tanıya bilər.
Məlumatda bildirilir ki, Donald Tramp administrasiyasının təklifi ilə Çinin kommunist rejiminin müsəlman uyğurlar əleyhinə apardığı siyasətin dəyərləndirilməsinə və dəqiq qiymət verilməsinə çalışır. Buna görə də hazırda Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi və Milli Təhlükəsizlik Şurasının işçi qruplarında müsəlman uyğurlara qarşı rəsmi Pekinin dövlət siyasətinin dəyərləndirilməsinə başlanılıb. Əgər bu müzakirələrin sonunda rəsmi Pekinin müsəlman uyğurlara qarşı siyasəti soyqırım kimi tanınsa, bu, uyğurların Çin dövlətinə qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmalarına yol açacaq. Bir müddət öncə müsəlman uyğurların təmsilçiləri Çin dövlətinin onlara qarşı rəsmi siyasətinin araşdırılmasına və hüquqi qiymət verilməsinə cəhd etmişdilər. Müsəlman uyğurların vəkillərinin Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etdikləri 80 səhifəlik iddia ərizəsində törədilən cinayətlərə görə məsuliyyət daşıyan 30 nəfərdən çox çinli məmurun, o cümlədən, dövlət başçısı Si Cinpinin adı var idi.
Bir neçə ay öncə üzə çıxan məlumat isə Pekinin kommunist rejimininin tarixdə görülməmiş cinayət əməlinin - müsəlman uyğur qadınların uşaqlığına çip qoymaqla demoqrafik artıma mane olmaq niyyətinin üstünü açmışdı. Çin hökumətinin bu siyasətinə qarşı Qərb dövlətlərindən zaman-zaman etirazlar səslənsə də, Rusiyanın Pekinə dəstəyi və müsəlman dövlətlərinin susqunluğu aparılan etnik təmizləmənin qarşısını almağa imkan vermirdi.
Ancaq indi vəziyyət dəyişə bilər. Əgər Vaşinqtonda aparılan müzakirələrin sonunda Ağ ev Çin hökumətinin müsəlman uyğurlara qarşı etnik təmizləmə siyasətini soyqırım kimi tanısa, vəziyyət dərhal dəyişəcək. Heç şübhəsiz, Vaşinqton belə bir addım atsa, Qərb dövlətləri və ABŞ-ın müttəfiqlərinin əksəriyyəti də oxşar mövqe sərgiləyəcəklər. Bu zaman Pekinə qarşı sərt sanksiyaların tətbiqi qaçılmaz olacaq. Ancaq Çinin siyasəti soyqırım kimi tanınmasa belə, Vaşinqton onun məsuliyyət səviyyəsini müəyyən etməkdə qərarlıdır. Ağ ev Pekinin rəsmi siyasətinin insanlıq əleyhinə cinayət və ya etnik təmizləmə kimi də tanıya bilər.
Əlbəttə, insanlıq əleyhinə cinayət və ya etnik təmizləmə ilə müqayisədə soyqırım daha ağır ittihamdır. Bununla belə, rəsmi Pekinin müsəlman uyğurlara qarşı siyasəti yuxarıda qeyd edilən hüquqi qiymətlərdən hansısa birini alsa, Çinə qarşı münasibət dəyişəcək. Bu baş verəcəyi halda müsəlman ölkələrində Çinə qarşı münasibətin pisləşəcəyi qaçılmaz olacaq. Hətta müsəlman ölkələrinin dövlət rəsmiləri Vaşinqtonun addımını dəstəkləməsə belə, Pekinə qarşı etirazlar gündəmə gələcək. Eyni zamanda, nüfuzlu müsəlman ruhanilərin Çin malların haram elan etməsi də istisna edilmir.
Rusiyada və Çində belə hesab edirlər ki, Vaşinqtonun əsas məqsədi də müsəlman ölkələrinin qapılarını Pekinin üzünə bağlamaqdır. Məlum olduğu kimi, Çinin ixracında müsəlman ölkələri mühüm yer tutur. Artıq 25 ildir, Çinin müsəlman ölkələrinə ixracı artan xətlə yüksəlir. Məsələn, əgər 1996-cı ildə Türkiyənin idxalatında Çin malları 1 faiz təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 12 faizə çatmışdı. Eyni zamanda, əgər həmin il Mərkəzi Asiya ölkələrinin idxalatında Çin mallarının payı 5 faiz idisə, 2014-cü ildə bu rəqəm 29 faizə qalxmışdı. Bu statistik məlumatların qeydə alındığı tarixdən, 2014-cü ildən sonra Çin bu ölkələrə ixracını artırmaqda davam edir.
Çinin kreditləri ilə hakimiyyətdə qalan rejimlər isə Pekinin sərt ixracat siyasətinin qarşısında müqavimət göstərmək imkanına malik deyillər. Ancaq Çinin müsəlman uyğurlara qarşı siyasəti ABŞ və Avropa ölkələri tərəfindən soyqırım kimi tanınsa və Pekinə qarşı sanksiyalar tətbiq olunsa, bu proses bütün müsəlman ölkələrini ciddi silkələyəcək.
Prezident Donald Tramp və komandası Çini ABŞ-ın siyasi və iqtisadi maraqları üçün əsas təhlükə hesab edirlər. Oxşar mövqe Qərbin bütün siyasi dairlərində də var. Bu səbəbdən siyasi şərhçilər Çinə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsilə bağlı konsensus yarandığını qeyd edirlər. Buna görə də Vaşinqtonun Çinə qarşı hansısa sanksilayalar tətbiq etməsi Avropa tərəfindən dəstəklənə bilər.
Türk mənşəli müsəlman uyğurlara qarşı rəsmi Pekinin siyasəti indi Qərb üçün Çin əleyhinə qadağalar tətbiq etmək imkanı verir. Rusiyalı politoloqlar müsəlman uyğurları və Tibeti Çinin daxilində hər an partlamağa hazır olan bomba hesab edirlər. Xüsusi ilə də çinlilərlə müsəlman uyğurlar arasında münaqişənin min ildən artıq tarixə malik olduğunu nəzərə alanda, rusiyalı politoqların bu dəyərləndirmələrinin gerçəkliyi ifadə etdiyi aydın görünür. Müsəlman uyğurlar Uyğurustan və ya Şərqi Türküstan adlanan bu ərazilərdə dəfələrlə dövlət qurublar və indi də öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar. Rusiyalı politoqlar Uyğurustan və ya Şərqi Türküstan adlanan bu əraziləri Şimali Qafqazdakı vəziyyətə bənzədirlər. Eyni dövlətin tərkibində bir-biri ilə ziddiyyət təşkil edən həyat tərzi, dünyagörüşü formalaşıb. Bu isə gec-tez müstəqil dövlət uğrunda mübarizənin alovlanmasını təmin edir. Uyğurlar Qərbdə və bəzi müsəlman ölkələrində böyük diaspora malik olmasalar da, müstəqllik uğrunda mübarizənin sönməsinə imkan vermirlər. Çinin bütün sərt tədbirləri də uyğurların müstəqillik mübarizəsini boğa bilmir. Çin hakimiyyəti isə uyğurların fərqli həyat tərzini belə, ölkənin ərazi bütövlüyü üçün ciddi təhlükə hesab edirlər. Çinlilər uyğurların iki əsr əvvəl qaldırdıqları üsyanın acı dərslərini hələ unutmayıblar.
Qazaxıstanlı politoloqlar isə Uyğurustanda baş verənləri uyğur kommunistlərin ötən əsrin əvvələrində yol verdikləri səhvin acı nəticəsi hesab edirlər. Rus bolşevik hökumətinin Orta Asiyanı da kommunist dövlətin tərkibinə qatdıqları o zamanlar qazax kommunistlər uyğur kommunistləri də eyni addımı atmağa sövq etmək məqsədilə uzun danışıqlar aparıblar. Ancaq uyğurlar müstəqillik uğrunda mübarizə aparacaqlarını, Çinin tərkibində olmaq istəmədikləri kimi Rusiyanın da nəzarəti altına keçmək istəmədiklərini bildiriblər. Amma uyğur kommunistlər bir neçə il sonra mövqelərini dəyişiblər. İkinci Dünya müharibəsi illərində Şərqi Türküstanda qurulan kommunist rejimi SSRİ-nin tərkibinə daxil olmaq niyyətini Moskvaya da bildirib. Lakin Lenindən fərqli olaraq Stalin Şərqi Türküstanın o zaman mövcud olan 16 sovet respublikasının sırasına qoşulmasına razılıq verməyib. Beləliklə, beşillik müstəqillikdən sonra Şərqi Türküstan yenidən Pekinin əsarətinə düşüb. Bununla belə, sovet xüsusi xidmət orqanları uzun illər uyğurlarla gizli əlaqə saxlayaraq Çinlə ehtimal olunan toqquşma zamanı Şərqi Türküstanda separatçılıq hərəkatı yaratmaq üçün həmişə hazır olublar. İndi isə ABŞ Çinin dünya liderliyinin qarşısını almaqda uyğur kartının faydalı olacağını düşünür. Bu düşüncədə olan isə yalnız prezident Donald Tramp deyil. Konqresin əksər üzvləri də Çinin dayandırılması üçün bütün addımları, xüsusilə də sanksiyaları zəruru hesab edirlər. Bu isə o deməkdir ki, prezident Donald Tramp Pekin rejiminin müsəlman uyğurlara qarşı etnik təmizləmə və repressiya siyasətini soyqırım kimi tanısa, Konqres ən sərt sanksiyaları tətbiq etməkdən çəkinməyəcək.