https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

"Traktor" - futbol klubundan daha artığı

"Traktor" - futbol klubundan daha artığı

İbrahim CƏFƏROV

Cümə axşamı Türk dünyasının diqqəti Tehrana yönəlmişdi. İranın paytaxtında yerləşən "Azadi" stadionunda Təbrizin "Traktor" klubu futbol üzrə ölkə kubokunun finalında "İstiqlal"la üz-üzə gəlirdi. 3:2 hesabı ilə qalib gələn "Traktor" tarixində ikinci dəfə İran kubokunu qazandı.

Təbriz klubunun bu zəfəri təkcə Güney Azərbaycan əhalisinin deyil, bütün dünyaya səpələnmiş türklərin böyük sevincinə səbəb oldu. Kimisi üçün bu, adi oyun, adi qələbə ola bilər. Amma unutmayaq ki, futbol təkcə 22 nəfərin top arxasınca qaçması deyil. Fantastik pulların dövr etdiyi bu idman növü artıq uzun illərdi həm də siyasi, ideoloji, mədəni və sosial proseslərin təzahürünə çevrilib.

"Traktor" da Azərbaycanın haqq səsini ucaldan futbol klubudur. Əvvəlki adı ilə "Traktorsazi". "Traktor" təkcə futbol klubu deyil. Həm də Güney Azərbaycanda yaşayan soydaşlarımızın haqq səsidir. Güneydəki soydaşlarımız üçün "Traktor" Azərbaycan, müstəqillik, azadlıq, doğma dil deməkdir. Fars rejiminin qadağaları səbəbindən azadlıqları əllərindən alınan, tarixi vətənlərindən ayrı düşən, doğma dillərində təhsil ala bilməyən Güney azərbaycanlıları üçün "Traktor"un hər ev oyunu bayramdı. "Səhənd" stadionu Arazın o tayındakı həmyerlilərimizin özlərini bəlkə də ən azad hiss etdikləri məkandı. Elə bunun nəticəsidir ki, 90 dəqiqə boyunca gündəlik həyatda deyə bilmədikləri fikirləri "Səhənd" stadionunda səsləndirirlər. 50 min, 70 min, 100 min insan bir ağızdan "Türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Təbriz-Bakı-Ankara, biz hara, farslar hara", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun" deyə hayqırır. Bu, on minlərlə güneyli həmyerlimizin doğma vətən həsrətinin yanğısıdır... 

50 YAŞLI "TRAKTOR"

Klubun əsası 1970-ci ildə, Təbrizdə traktor istehsal edən zavod tərəfindən qoyulub. Elə klubun adı da burdan götürülüb. "Traktor" sözünə təbrizlilər öz ləhcələrində "Tirəxtur" və ya "Traxtur" deyirlər, sevimli komandalarını məhz Təbriz ləhcəsi ilə dəstəkləyirlər. Hətta azarkeşlər israrla klubun adının fars dilinə uyğun şəkildə "Traktor" adlandırılmasına etiraz etmək üçün köynək və bayraqlarına "Tirəxtur" və ya "Traxtur" yazırlar.

1972-73 mövsümündə "Traktor" ikinci liqada mübarizəyə qoşulub. 2 il sonra bu turnirdə qalib olan Təbriz təmsilçisi birinci liqaya yüksəlib. Lakin birinci divizionda komanda çox duruş gətirə bilməyib və ilk mövsümdəcə 16 klub arasında sonuncu olmaqla yenidən ikinci diviziona düşüb.



İran islam inqilabı və İran-İraq müharibəsi səbəbi ilə 1979-cu ildən 1988-ci ilədək İranda ölkə deyil, yalnız əyalət çempionatları keçirilirdi və "Traktor" Təbriz liqasında oynayırdı. "Traktor" 1992-ci ildə Azadeqan adlanan birinci divizionda 3-cü yeri tutur. Bu, həmin vaxtadək klubun tarixində ən yaxşı nəticə idi.

2001/02 mövsümünda İranın yüksək liqasının təməli qoyulur və "Traktor" da bu çempionata qatılır. Amma komanda mövsümün sonunda yenidən aşağı liqaya yuvarlanır. 7 illik həsrətə 2008/09 mövsümündə son qoyulur. Yüksək liqadakı ilk mövsümündə 7-ci yeri tutan "Traktor"un nəticələri ildən-ilə yaxşılaşır. Növbəti il 5-ci olan Təbriz təmsilçisi 2011/12 mövsümündə ölkə çempionu olmağa çox yaxın idi. Lakin qızıl medallara qovuşmaq üçün bircə xal çatmadı. Növbəti çempionatda Təbriz klubu yenə ikinci olur. Bu dəfə "İstiqlal" 2 xal artıq toplamaqla "Traktor"un çempionluğuna imkan vermir.

ANONSA GÖRƏ ƏLDƏN ÇIXAN ÇEMPİONLUQ  

2014/2015 mövsümü daha dramatik alındı. Son tur öncəsi "Traktor" lider idi və əvvəlki illərdən fərqli olaraq komandanın çempionluq üçün taleyi bu dəfə öz əlində idi. Qızıl medallara qovuşmaq üçün komanda son turda öz meydanında buna qədər şərikli lider olduğu "Neft Tehran"ı məğlub etməliydi. Hər iki komandanın son tur öncəsi 57 xalı var idi. Lakin topların daha yaxşı fərqinə görə "Traktor" turnir cədvəlinə başçılıq edirdi. Üstəlik, çempion olmaq üçün son turda "Traktor"u heç-heçə də qane edə bilərdi. Ancaq bunun üçün liderlərdən 1 xal geri qalan - 56 xala malik "Sepahan" "Saypa"nı məğlub etməməliydi.

2015-ci ilin 15 mayında Təbrizdə yaşananlar uzun illərdi unudulmur. "Traktor" fanatları bu gün də həmin oyunda baş verənləri məyusluqla xatırlayırlar.

"Naft Tahran"la oyunun artıq 6-cı dəqiqəsində qapısında qol görən "Traktor" özünü itirmir. 37-ci dəqiqədə hesabı bərabərləşdirən Təbriz klubu birinci hissənin son dəqiqəsində hesabda önə də keçir - 2:1. 62-ci dəqiqədə Fərid Kəriminin vurduğu qolla "Traktor" çempionluğa bir qədər də yaxınlaşır. Oyunun sonuna yarım saatdan da az vaxt qalırdı və 3:1 hesabı ilə öndə olan Güney Azərbaycan təmsilçisini tarixi uğurdan dəqiqələr ayırırdı. Qarşılaşmanın  70-ci dəqiqəsindən etibarən isə qəribə hadisələr yaşanır. Əvvəlcə stadionda internet kəsilir. Az sonra çempionluq şansı olan "Sepahan"ın "Saypa" ilə heç-heçə etdiyi anonsu verilir. Bu isə o demək idi ki, "Traktor" qalan dəqiqələrdə qələbəni əldən versə, matç hətta heç-heçə yekunlaşsa belə, Təbriz klubu çempion olacaqdı. Çox keçmədən "Traktor"un erməni əsilli futbolçusu qəsdən qırmızı vərəqə alaraq meydandan qovulur. 76-cı dəqiqədə "Naft Tehran" hesab arasındakı fərqi azaldır. Oyunun 81-ci dəqiqəsində rəqib komanda üçüncü qolu vurmaqla hesabı bərabərləşdirir. Beləcə, görüş 3:3 hesabı ilə bitir. Hakimin final fiti səslənən kimi "Traktor"lu futbolçular, məşqçilər, texniki heyət böyük sevinc yaşayır. Azarkeşlər də meydana axışır. Hər kəs Təbriz klubunun tarixindəki ilk çempionluğunu böyük coşqu ilə qeyd edir. Bu zaman stadionda ikinci anons verilir. Bildirilir ki, bayaq yanlışlıq olub. "Sepahan" - "Saypa" oyunu heç-heçə deyil, meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yəni "Sepahan" 59 xalla çempion olub, 58 xal toplayan "Traktor" isə gümüş medallara sahib çıxıb. Bu, yerli azarkeşlərin ciddi narazılığına səbəb olur. Küçələrə axışan fanatlar həmin anonsun yanlışlıq olmadığını, Fars rejimi tərəfindən "Traktor"un çempionluğuna mane olmaq üçün qəsdən verildiyini iddia edirlər. Qısa zaman kəsiyində Təbriz küçələri savaş meydanına dönür. İran polisi ilə yerli tərəfdarlar arasında ciddi qarşıdurma yaranır və nəticədə bir neçə "Traktor" azarkeşi həyatını itirir.  

AZARKEŞLƏR - "TRAKTOR"UN ƏN GÜCLÜ SİLAHI 

"Traktor"u bəzən dünyaca məşhur "Barselona" ilə müqayisə edirlər. Məlumdur ki, bir çox azarkeş üçün "Barselona" təkcə futbol klubu deyil, həm də katalon kimliyinin təcəssümüdür. "Barsa"nın "Kral klubu" "Real"la oyunu iki ideologiyanın qarşıdurması kimi də dəyərləndirilir...

Son 10 ildə ev oyununa toplaşan tamaşaçı sayına görə Təbriz təmsilçisi digər İran klublarını açıq-aşkar qabaqlayır. Artıq "Traktor"a könül verənlər arasında təkcə təbrizlilər yer almır. Bu gün Qəzvin, Qum, Həmədan, Tehran və Gilan kimi vilayətlərdə də "Traktor" kifayət qədər sevilir. Təsadüfi deyil ki, bu vilayətlərdəki səfər oyunları zamanı da Təbriz klubu dəstəksiz qalmır. 



2009-2010 mövsümündə "Traktor"un öz meydanında "Persepolis"ə qarşı keçirdiyi oyunu 120 min tamaşaçı izləyib ki, bu da İran futbolunda rekorddur.

"Traktor" azarkeşləri hər zaman Azərbaycana sevgilərini nümayiş etdirir, tarixi vətənlərinin problemlərini öz problemləri sayırlar. Təbriz stadionda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların ermənilər tərəfindən işğalına etiraz əlaməti olaraq tez-tez Qarabağ lehinə şüarlar eşitmək mümkündür. 2010-cu il fevralın 26-da Tehranın "İstilazin" klubu ilə oyunda təbrizli azarkeşlərin Xocalı soyqırımının qurbanlarını yad etmələri nə farsların, nə də İranda yaşayan ermənilərin ürəyincə olmuşdu.  

"BİZİ STADİONDAN TEZ ÇIXARDILAR Kİ, HƏBS OLUNMAYAQ"  



"Traktor" Azərbaycanda da kifayət qədər sevilir. Tez-tez Bakıdan fanatlar Təbriz klubunu stadiondan dəstəkləmək üçün Güney Azərbaycana yollanırlar. "Sektor 11" azarkeş qrupunun və Azərbaycan Azarkeşlər Birliyinin təsisçisi Atanur Cəfərli də "Traktor"un oyunlarını canlı izləyib. Onun Təbrizə ilk səfəri 2015-ci ilə təsadüf edib. Yuxarıda haqqında söhbət açdığımız həmin qalmaqallı oyuna: "Traktor"un oyununda 2 dəfə olmuşam. Birinci dəfə 2015-ci ildə Təbrizə yollanmışdım. Həmin vaxt "Traktor" çempionluq matçına çıxırdı və dostlarımla birgə həmin tarixi qarşılaşmaya şahidlik etmək istədik. Təbrizdə stadionun yerini soruşduq. Gördülər ki, yerli sakin deyilik. Bakıdan sırf oyuna görə gəldiyimizi biləndə çox sevindilər. Evlərində qonaq dəvət etdilər. Həmin təbrizli azarkeşlərlə dostluğumuz bu günə qədər davam edir. Onlar ailəlikcə Bakıda qonağımız olublar, biz onların toyunda iştirak etmişik. Oyuna gəldikdə, "Traktor" üçün həyati əhəmiyyət kəsb edən qarşılaşma idi. "Traktor" ikinci hissənin ortasında 3:1 hesabı ilə öndə idi. Hər şey xoşbəxt sonluğa doğru getsə də, son 15-20 dəqiqədə qəribə hadisələr yaşandı. Əvvəlcə internet kəsildi, sonra digər oyunda "Sepahan"ın xal itirməsinin anonsu verildi. Ardınca erməni əsilli futbolçunun qırmızı vərəqə alması, qapıçının qəsdən 2 qol buraxması - bütün bunların nəticəsində görüş heç-heçə yekunlaşdı. Hamı "Traktor"un çempion olduğunu düşünürdü. Azarkeşlər meydana axışıb çempionluğu oyunçularla birgə qeyd edirdilər. Sonra məlum oldu ki, "Traktor" çempion olmayıb. Bundan sonra aləm dəydi bir-birinə. Polislərlə azarkeşlər arasında qarşıdurma baş verdi. Həmin insident zamanı 3 "Traktor" azarkeşi həyatını itirdi. Biz də çox hiddətlənmişdik. Lakin təbrizli azarkeşlər bizi stadiondan tez çıxardılar ki, həbs olunmayaq. Dedilər ki, biz heç, amma sizi həbs etsələr, məsələ böyüyəcək. Təxribatçı kimi günahlandırılacaqsınız. Dərhal Təbrizdən Naxçıvana yollandıq. Nəticə hamımızı məyus etsə də, orada gördüyüm atmosferi ömür boyu unuda bilmərəm. Oyun ərzində Azərbaycan lehinə şüarlar səsləndirirdilər. İnsan çox qəribə hisslər keçirirdi. O atmosferi biz heç vaxt öz stadionlarımızda yarada bilməmişik. Söhbət təkcə futboldan getmir. Stadiona gələn elə adam var idi ki, heç oyunçuları tanımır. "Traktor" onlar üçün vətən sevgisi, təsəlli yeridi. 100 min insan eyni anda Azərbaycan lehinə şüarlar səsləndirirdi. Adamın tükləri biz-biz olurdu. Yaşadığımız hissləri sözlə ifadə etmək çətindi, bunu gərək yaşayasan". 

"HARA GEDİRDİMSƏ, HÖRMƏT GÖRÜRDÜM" 

Bu günə kimi "Traktor"u 9 əcnəbi mütəxəssis çalışdırıb. Klubun ilk xarici əcnəbi baş məşqçisi rumıniyalı Vasili Qoca olub. 1998-ci ildə isə Təbriz klubu azərbaycanlı mütəxəssisə - Boris Tibilova tapşırılıb. Bizimlə söhbətində təcrübəli mütəxəssis Təbriz klubunda işlədiyi günləri belə xatırladı: "Həmin vaxt Bakıya klubun nümayəndəsi gəlmişdi. O, həmin dövrdə AFFA prezidenti olan Fuad Musayevə müraciət edərək, Rusiyada işləmiş azərbaycanlı məşqçinin xidmətində maraqlı olduqlarını söyləmişdi. O zaman da Rusiyada iş təcrübəsi olan yeganə azərbaycanlı məşqçi mən idim. Daha əvvəl "Saxalin" klubunu çalışdırmışdım. Təbrizdə qış çox soyuq keçir. Məhz bu amili nəzərə alaraq Rusiyada iş təcrübəsi olan məşqçiyə ehtiyac duymuşdular. Təbrizə yollanıb şəraitlə tanış oldum. 1998-ci ilin yanvarında işə başladım. İranda futbolu çox sevirlər. Xüsusən də Güney Azərbaycanda. "Traktor"un şəraiti yaxşı olsa da, təşkilatçılıq çox zəif idi. İlk növbədə onu deyim ki, çempionatın təqvimi standart deyildi. Təsəvvür edin ki, bazar günü oyun keçiririk, həmin qarşılaşmadan yalnız 1, ya 2 gün sonra növbəti matçın vaxtını deyirdilər. Ola bilərdi ki, yenidən meydana 3 gün sonra, ola bilərdi 6 gün sonra, yaxud da 14 gün sonra çıxasan. Bu cür təqvimlə iş planı qurmaq qeyri-mümkün idi. Turnir cədvəlindən də baş açmaq olmurdu. Elə komanda var idi 9 oyuna çıxmışdı, eləsi var idi cəmi 3. Digər tərəfdən klubun prezidenti keçmiş mayor idi, futboldan çox da anlayışı yox idi. Hər 6 aydan bir məşqçi dəyişirdi. Heyəti də özü yığırdı. Mən komandanı təhvil alanda heyətdə cəmi 2 hücumçu var idi. Əvəzində isə müdafiəçilərin sayı 7 idi. Sual verdim ki, iki hücumçudan biri zədələnsə necə olacaq? İşə başlayanda "Traktor" təhlükəli zonada idi. Son 9 oyunda xal qazana bilməmişdi. Komandanı meydana çıxardığım 9 oyunda cəmi 2 dəfə uduzduq. Hətta səfərdə güclü rəqiblərdən də xal almağı bacardıq. Komandanı aşağı liqaya yuvarlanmaqdan xilas elədim. Lakin növbəti mövsüm orada qalmadım. Çünki maliyyə şərtləri zəif idi. Üstəlik, klub prezidenti ilə anlaşa bilmirdik. O dövrdə "Traktor" ölkədəki ən kasıb klublardan biri idi. Azarkeşlərlə münasibətim çox əla idi. Azərbaycanlı məşqçinin gəlişi onların da ürəyindən olmuşdu. Hara gedirdimsə, hörmət görürdüm. Məni öz yaxınları, doğmaları kimi qarşılayırdılar".  






Boris Tibilovdan sonra "Traktor"da daha bir azərbaycanlı məşqçi - Böyükağa Hacıyev də çalışıb. Lakin mərhum mütəxəssis Təbriz klubunda əsas deyil, ikinci məşqçi kimi fəaliyyət göstərib.  

"İLK DƏFƏ PEŞƏKARLIĞI "TRAKTOR"DA GÖRDÜK" 

Məşqçilərlə yanaşı, "Traktor"da azərbaycanlı futbolçular da çıxış edib. 2002-2004-cü illər aralığında Rafael Əmirbəyov, Adil Şükürov, Vitali Kovalyov, Elxan Müslümov və Bəhram Şahquliyev bu komandada çıxış ediblər. Bizimlə söhbətində Rafael Əmirbəyov bildirdi ki, "Traktor"a transferləri yalnız 1 aylıq yoxlanışdan sonra baş tutub: "2002-ci ildə Azərbaycanda çempionat yarımçıq dayandırıldı. Həmin vaxt "Kəpəz"də oynayırdım. Komanda yoldaşım Sahil Kərimov zəng vurdu ki, "Traktor"a mərkəz müdafiəçisi axtarırlar, yoxlanışa gedərsən? Dedim gedərəm, onsuz da bekar qalmışıq. Ona da rəhmətlik Böyükağa Hacıyev demişdi. Təbrizə yollandıq. Orada bizi çox yaxşı qarşıladılar. 30-a yaxın oyunçu gəlmişdi yoxlanışa. Azərbaycandan da 5 nəfər biz idik. 1 aya yaxın yoxlanış davam etdi. Gündə 3 dəfə məşq keçirdik. 1-ci və 2-ci məşqin arasında saatyarım fərq olurdu. Daha sonra əsas komandanın məşqinə qatıldıq. Yekunda 1 aylıq baxışdan sonra bəyəndilər və rəsmi müqaviləyə imza atdıq".




Veteran müdafiəçi qeyd edib ki, "Traktor" super şəraitə malik olub: "Şərait çox əla idi. Bizim üçün ayrıca villa tutmuşdular, 5 nəfər orda qalırdıq. Qidalanma, geyim dəstləri, məşq meydançaları - bir sözlə, hər şey super idi. Heç nədən korluq çəkmirdik. O dövrdə İranda adlı-sanlı 3 klub var idisə, biri də "Traktor" idi. İşimiz ancaq futbol oynamaq idi. Müqavilə bağlayanda gördük ki, bütün şərtlər orada yer alıb. Müqavilədə nə yazılmışdısa, klub hamısını yerinə yetirdi. İlk dəfə peşəkarlığı "Traktor"da gördük".

Milli komandamızın keçmiş üzvü vurğulayıb ki, təbrizli azarkeşlərlə, klub rəsmiləri ilə bu gün də əlaqələri davam edir: "Təbrizli azarkeşlərimizlə münasibətimiz əla olub. Bu günə qədər də münasibətimiz var. Azarkeşlər daim bizimlə maraqlanırdılar. İlk ildə qaldığımız villaya tez-tez gəlirdilər. Növbəti il komandada mən və Vitali qaldıq. Elxan, Bəhram və Adil "Traktor"dan ayrıldılar. İkinci il Vitali ilə oteldə qalırdıq. Fanatlar demək olar hər gün bizə baş çəkirdilər. Şükür Allaha, biz də oyunumuzla komandaya faydalı olduğumuzu göstərirdik. Təbrizə, "Traktor"un oyununa yolu düşən istənilən insan maraqlana bilər. Əminəm ki, "Traktor"sevərlər bu gün də bizi xatırlayırlar. Özü də o vaxt meydanda eyni vaxtda cəmi 3 legionerin olmasına icazə var idi. Buna görə bizdən gözləntilər də çox olurdu. Biz də etimadı doğruldurduq".  

"TƏBRİZDƏ BİZƏ "BAKILILAR" DEYİRDİLƏR" 

Rafael Əmirbəyov kimi, Adil Şükürov üçün də "Traktor"da keçirdiyi mövsüm xoş xatirələrlə yadda qalıb: "Təbrizdə bizə sözün yaxşı mənasında münasibət tam fərqli idi, "bakılılar" deyirdilər. Oyunumuzla da fərqlənirdik. Elxan Müslümova zədələr imkan vermədi. Səhv eləmirəmsə, cəmi 2 görüşdə forma geydi. Amma mən, Rafael, Bəhram və Vitali komandanın aparıcı futbolçuları idik. Bəhram mövsümün yekununda "Traktor"un ən yaxşı bombardiri oldu. Mən də ən çox məhsuldar ötürmə verənlərdən biri idim. Mövsümün son turunda səfərdə baş məşqçinin səhvi ucbatından xal itirməsəydik, çempionatı ikinci yerdə başa vurub, yüksək liqaya çıxmaq uğrunda pley-offa qatılacaqdıq. Azarkeşlərin dəstəyi isə inanılmaz idi. Hara gedirdiksə, ancaq xoş münasibət, hörmət görürdük. Küçədə kim görürdüsə, evinə qonaq çağırırdı. Təbrizdə həqiqətən də çox sevilirdik. Bu cür münasibət insana çox xoş təsir bağışlayırdı".   





"TRAKTOR"LA ƏMƏKDAŞLIQ BİZİM ÜÇÜN ÇOX FAYDALI OLDU"  

Son illər qış fasiləsində Antalyada bir neçə Azərbaycan klubu "Traktor"la yoxlama oyununda üz-üzə gəlib. Lakin Təbriz klubu ilə yalnız "Sumqayıt" arasında geniş əməkdaşlıq mövcuddur. 2019-cu ilin yanvarında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev "Traktor"un nümayəndələri və klubun sahibi Mohammad Reza Zonuzi ilə görüşüb. Hər iki klubun rəhbərləri arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Həmin gündən "Sumqayıt" və "Traktor" arasında əməkdaşlıq münasibətləri başlayıb. Riad Rəfiyev geridə qalan müddətdə "Traktor"la əməkdaşlığın "Sumqayıt" üçün çox faydalı olduğunu vurğulayır: "Traktor" klubunun sahibi Mohammad Reza Zonuzi ilk görüşümüzdən etibarən bizə çox isti münasibət bəsləyir. Azərbaycan klubu kimi bizə çox dəyər verir. 2019-cu ildə baş tutan ilk görüşümüzdə də bildirmişdi ki, tək "Sumqayıt"a deyil, istənilən Azərbaycan klubuna kömək etməyə hazırdı. Bizim "Traktor"la əməkdaşlıqda məqsədlərimizdən biri Azərbaycan əsilli futbolçuların komandaya cəlb olunmasıdır. Bu baxımdan Peyman Babayinin adını çəkə bilərəm. İranda hansısa futbolçunu digər ölkə klubunun icarəyə götürməsi asan proses deyil. Peymanın da "Traktor"la 5 illik müqaviləsi var idi. Lakin Reza Zonuzinin göstərişi ilə qısa zamanda onu icarə əsasında komandamıza cəlb edə bildik. Burada oynadığı ilyarım ərzində Peyman Babayi "Sumqayıt"a çox kömək etdi. Ötən mövsüm Azərbaycan çempionatının bombardirlərindən biri oldu və "Sumqayıt"ın tarixində ilk dəfə Avroliqaya yollanmasında böyük rol oynadı. "Traktor"la əməkdaşlıq bizim üçün çox faydalı oldu. İnanıram ki, gələcəkdə bundan da yaxşı olacaq".






Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.