GÖRKƏMLİ SİYASİ VƏ İCTİMAİ XADİMİN 70 İLLİK YUBİLEYİ ƏSASINI QOYDUĞU AZƏRBAYCAN TƏRCÜMƏ MƏRKƏZİNDƏ QEYD EDİLDİ
Ötən gün görkəmli ictimai və siyasi xadim, alim türkoloq Aydın Məmmədovun 70 illik yubileyinə həsr edilmiş anım günü keçirildi. Görüş onun yaradıb əsasını qoyduğu və dünyasını dəyişdiyi günəcən rəhbərlik etdiyi Azərbaycan Tərcümə Mərkəzində keçirildi. Aydın Məmmədovun çiyin-çiyinə çalışdığı həmkarları, dostları, qonaqlar bir masa arxasında toplaşmışdılar. İllər keçməsinə baxmayaraq, Aydın Məmmədovun sağlığında olduğu kimi onun iş otağının qapıları onu sevənlərin üzünə taybatay açıq idi. Yanvar ayının 16-sı Aydın Məmmədovun yubileyinə həsr edilmiş bu görüş rəsmiyyətdən kənar olması ilə fərqlənirdi. Onunla birlikdə çalışan insanlar, dostları Aydınlı günlərdən danışıb, sevindilər də, kədərləndilər də. Masa arxasında Afaq Məsud, Ramiz Rövşən, Vaqif Bayatlı, Xanım İsmayılqızı, Tofiq Abdin, Zakir Fəxri, Saday Budaqlı, Yaşar və Tərcümə Mərkəzinin bir sıra digər işçiləri, qonaqlar Aydın Məmmədovun sönməz işığına yığışaraq heç vaxt unuda bilməyəcəkləri xatirələrdən danışdılar, onlar üçün əziz olan anları yada saldılar. Aydın Məmmədovun əsasını qoyduğu Tərcümə Mərkəzinin hazırkı sədri Afaq xanım öz xatirələrini belə dilə gətirdi : " Aydın bir çox titulların sahibi olsa da mən bu gün onun haqqında, xatirimdə kövrək uşaq ürəyi, səmimiyyəti ilə qalan dostumuz kimi danışmaq istəyirəm. Mərkəz onun üçün çox doğma və əziz bir yer idi. Bu gün bizi də bu ocağa çəkən Aydının miras qoyduğu sevgidir. Onun kitablarını, məqalələrini dərc edib çıxarmağı özümə mənəvi borc bilirəm. Bunun üçün də çalışdığım insanlarla birlikdə əlimdən gələn hər şeyi etməyə hazıram. Aydın o qədər sadə insan idi ki, biz onu sədr, bizdən rütbəcə böyük biri kimi görmürdük. O, hamımızdan biri idi... "
Hər zaman bir dost kimi Aydın Məmmədovu xatırlayan, tez-tez onu yad edən Vaqif Bayatlı da, alimin yoxluğuna təəssüf etdiyini bildirərək, şeirlərinin birindən sitat gətirdi :
"Ölən dostları görməyə
ən kəsə yol ölməkdi indi,
odu ki, öldük gəldik yanına,
deyirsən, ölməyəydik, səni gözləyəydik
bir az da yenə,
axı, Aydın, biz hardan biləydik,
sən daha qısa, daha kəsə
ölümsüz bir İlahi yolu
tapmaq üzrəymişsən bu yana".
Zakir Fəxri Aydın Məmmədovun xüsusiyyətlərindən, özünəməxsusluğundan, vəfatından bir neçə gün əvvəl onunla etdiyi söhbətdən ürəkdolusu danışaraq həyatın qəribəliklərindən şikayətləndi.
Xanım İsmayılqızı da Aydın Məmmədovun onun yaradıcılığında oynadığı roldan, üstün zəkasından söz açdı : " O heç vaxt getdiyi tədbirlərə hazırlaşmaz, özü ilə nə dəftər, nə qələm götürməzdi".
Ramiz Rövşən onunla dostluq münasibətlərindən söz açaraq, Aydın Məmmədova Allah tərəfindən bəxş edilmiş istedaddan, yaddaşından, etdiyi zarafat dolu söhbətlərdən və unudulmaz anlardan danışdı. Yaşar Aydın Məmmədovun insani keyfiyyətlərindən danışdı. "Aydın zamanla birlikdə hərəkət edən insandır. 47 yaşında vəfat etməsinə baxmayaraq, mən onu qəribə də olsa o vaxt da, indi də elə 70 yaşında insan kimi təsəvvür edirəm. Bu müdriklik onda sanki anadangəlmə və əbədidir".
Sonda Afaq Məsud mərasimi yekunlaşdıraraq Aydın Məmmədovun işıqlı xatirəsinin bütün Azərbaycan xalqının daim ürəyində yaşayacağına əminliyini qeyd etdi.
Məhəbbət
Firəngiz