|
|
|
|
BU GÜN HAVA MƏNƏ BƏNZƏYİR
Bu gün hava mənə bənzəyir,
Bir az çılğın, bir az tutqun,
Bir az susqun, bir az yorğun,
Gözləri mənim tək dolğun.
Bir himə bənddir mənim tək
Axıtsın göz yaşın tək-tək.
Yazdan qalan ən son çiçək,
Qaranlıqda üşüyərək.
SEVİM
Bu sevginin sonu ölüm hökmüdür,
Qorxmuram, sevirəm, ölüm nədir ki?!
Onsuz da ayrılıq mənə ölümdür,
Sevgisiz yaşamaq nəyə gərəkdir?!
Qoy bitirsin bu eşq, bu sevda məni,
Tikan olsun, mənsə ona gül olum.
Gecə-gündüz alovlanım məşəl tək
Sevim, sevim atəşində kül olum!
Həsrət çəkim, qəm çəkim, əzab çəkim,
Darıxım onunçun iztirab çəkim.
Dağları titrədən duman, ah çəkim
Təki sevim, öz sevgimə yar olum!
Tanrı məni çox ağır sınamasın!
Hər nə alır alsın sevgi almasın!
Boş ürəklə bərkə-boşa salmasın!
Qəlbimdə duyğumla bəxtiyar olum!
Təki sevim, öz sevgimə yar olum!