|
|
|
|
Azərbaycanın böyük paytaxtı Bakının müstəqilliyimizi istəməyən qüvvələrdən təmizlənməsi kimi tarixə düşən şərəfli 15 sentyabr günü münasibətilə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizin ərazilərində Azərbaycan Ordusu ilə müştərək hərbi təlimləri davam etdirən hissələrinə, həmçinin, ordumuza məxsus qırıcı-hücum təyyarələri 102 il əvvəl Gəncədən başlayan zəfər yürüşünıün şərəfinə dünən saat 14:00-dan etibarən şəhərin səmalarında ustalığı və gözəlliyi ilə hər kəsdə qürur hissi yaradan nümunəvi uçuşlar həyata keçirdilər.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin cəlb olunduğu çıxışlar səmada iki qardaş ölkənin dövlət bayraqlarını daşıyan helikopterlərin uçuşu ilə açıldı. Ardınca, müasir hücumçu-qırıcı təyyarələr göründü. Hava maşınlarının səsini eşidən kimi, səmalara göz dikən yüzlərlə gəncəli Türk və Azərbaycan qartallarının bu gözəl çıxışlarını heyranlıqla seyr edir, fəxarət hisslərini, həmin hisslərlə çuğlaşmış göz yaşlarını güzlətmirdilər.
"Mənim yadımdadır, 1998-ci ilin iyulun 19-da şəhərin baş meydanında Türkiyənin hərbi marşlarını ifa edən məşhur Mehtər Takımını çıxış edirdi. O vaxt həmin möhtəşəm cəng musiqilərini bizim bir millətimiz-iki dövlətimizin əbədi olaraq könül vəhdətinə çağırış kimi qəbul etdik. Doğrudan da, Türk Hava Qüvvələrinin bugünkü bu möhtəşəm səma göstərisi yaddaşlara əbədi həkk olunur. Bir daha düşünürük ki, Azərbaycan hazırda torpaqlarının işğal altında olması səbəbindən çətin dövr yaşasa da, qardaşımızın, Türkiyəmizin hər zaman yanımızda olması bizə qarşıda qələbə, sevinc dolu günlər vəd edir", - deyə Gəncə sakini, 72 yaşlı Füzuli Əhmədov bildirir.
"Bu günü tarixin təkrarlanması baxımından da əlamətdar hesab etmək olar. 102 il əvvəl qəhrəman Nuri paşanın rəhbərliyi ilə qardaş köməyinə yetişmiş Qafqaz İslam Ordusu hissələri Gəncədən Bakıya doğru qələbə yürüşünə çıxdı. Bu gün isə həmin xilaskar döyüşçülərin xələfləri, müasir hücum texnikasını ram etmiş Türk və Azərbaycan pilotları Gəncənin səmasını öz məharətli çıxışları ilə bəzədilər", - deyə tarixçi, universitet müəllimi Yəhya Süleymanov qeyd edir.
Bu şərəfli gün münasibətilə düzənlənən səma göstərisini gəncəlilərlə birgə izləmək üçün şəhərin Heydər Əliyev meydanına gələn Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zəki Öztürk də bu qürurlu səhnələrin bu şəhərin tarixində əlamətdar hadisə kimi yaddaşlarda qalacağını bildirib və ölkələrimizin qardaşlığının daimi və sarsılmaz olduğunu bir daha vurğulayıb.
Zakir MURADOV
Gəncə