|
|
|
|
ƏSGƏR
Vətəni qoru, Tanrım!
Geydi əsgər paltarın
Oğlan bir an içində
Xalqımın oğlu oldu.
Əyilməz qəddi oldu,
Bükülməz qolu oldu.
Diz çöküb and içəndə
O müqəddəs bayrağa
Şəhid oğullarımın
Ruhu qalxdı ayağa.
Murovdağın gözündə
Bulaqdı göz yaşları.
Xocalıdan, Şuşadan
Boylandı başdaşları.
Min ildi orda yatan
Qəhrəman babaların
Oyandı baş daşları.
Bayrağını görəndə
Daşaltıda qayalar,
Daşlar kövrələcəkdir.
Kəlbəcərim, Laçınım
Üç rəngli bayrağını
Öpməyə gələcəkdi.
Ağına-qarasına
Lənət olsun ilanın.
Erməniyə inanmaq
Lazım olsa bir zaman
Ölüsünə inanın.
Nübar bir bala idin,
Əsgər paltarı geydin,
Arxam, dayağım oldun.
Yollarda mayakımsan,
Döyüşdə bayrağımsan.
Anan doğma vətənin
Sərhəd dirəyi əsgər.
Vətənimin-xalqımın
Vuran ürəyi əsgər.
Yaralı vətənimə
Sahib olanım mənim.
Vətənin düşmənindən
Qisas alanım mənim.
Haydı irəli əsgər!
Ayağının səsindən
Göy titrəyər, yer əsər!
Qisas! Qisas! Qisas al!
Sənindir bu gün zəfər.
QAÇQIN
Qaçqının xatirəsi
ötən ömürdü-gündü.
Ondan sonrakı ömrü
hamsı düyün-düyündü.
Hərdən yurd-yuvasını
yadına salar, ağlar.
Bəzən xəyalı gedər
doğma evə-eşiyə,
evdə qalan beşiyə,
bir layla çalar ağlar.
Bağ-bağçanın, evinin
könlünü alar, ağlar.
Burda da ev-eşik var,
Odu sönməz ocaqdı.
Amma qaçqın gözündə
bura dayanacaqdı.
Qaçqın gözləyir vaxtı,
Yurda dönən qatarı
Gəlib daya
nacaqdı...
QİSAS
Döyüş qurtarmayıb hələ,
Torpaq keçir əldən-ələ.
Mənimki də belə düşdü,
Uduzdum ötən döyüşdə.
Əsir düşdü Qarabağım,
Özümə bir cəza verdim,
Qırxdım getdi qara bığım.
Gəlib çatıb qisas vaxtı,
Ordum zəfər çalacaqdı!
İntiqamı alacaqdı!
Qara bağım bağ olacaq.
Dağlar sinə dağı deyil,
Dağlar yenə dağ olacaq!
Mən də onda bığ qoyacam,
Amma bığım ağ olacaq.
ŞAİR ÖMRÜ
Hamı cəhənnəmdən qorxur,
Şairlərsə öz içində
cəhənnəmdən doğulurlar.
Öz içindən qaça-qaça,
Sözə dönüb
bu dünyaya dağılırlar.
Sarayda da, zindanda da
öz içində cəhənnəmi
yaşadandı şairlərim.
Ömrü boyu yandı, yandı şairlərim.
Öləndə də cəhənnəmdən xilas olur
şair ömrü.
İnsanlara miras olur şair ömrü.
YORULURAM
Yoruluram danışanda,
danışmasam yoruluram.
Susanda da sükut ilə
tapdanıram, yoğruluram.
İçimdəki tənhalıqdan
bəzən adam asi düşür.
Tənhalıq da sükut deyil,
Qulağıma ürəyimin səsi düşür.
Qulağımı tutub qaçmaq istəyirəm,
Öz içimdən hara qaçım.
Söz içində yaşayıram,
Söz içindən hara qaçım.
Beynimin nəfəsi sözdü,
Sözümün qəfəsi ürək.
Əgər sözüm varsa mənim,
ürəyim də döyünəcək.
Varam! Varam! Varam deyib,
Gecə-gündüz öyünəcək.
Yazıq canım,
Tapmacasan.
Özündən hara qaçacaqsan?!
BU MÜQƏDDƏS GECƏ
Zamanı araşdırıram,
Hər şeyi çaşdırıram.
Ulduzlar hər tərəfdən bizə baxır,
Bəzi darıxdığından şığıyır, axır...
Mən də mat qalmışam,
Allahım, bu əvvəldir, ya axır?
İLK İDİN
Sən göydən yeni enmiş mələk idin,
Məndən üzü dönmüş mələk idin.
Qəlbimi verdim sənə, qadan aldım,
qadın oldun.
Evləndik, arvadım oldun...
Aman Allah! Sən ki dünyada tək idin,
Göydən gəlmiş mələk idin...
YAŞAMIŞAM
Yaşamışam, əlbət ki, dünənim var,
İçimdə yaşayan
məndən fərqli mənim var.
Allaha yalvaranım,
tövbə ilə dönənim var.
Bunlar hamsı məndə ola-ola,
Mən üz tutub gedirəm
elə gəldiyim yolla.
BƏZİ BEYNƏLXALQ
SİYASƏTÇİLƏR
Aralıqda qayçıdı,
Özü də harayçıdı.
BAZARDA
Satıcı aldadandı,
Almayan bal dadandı.
Alan el adamıdı,
Dəllal deyir qudamdı.
TV-LƏRİN BƏZİ APARICILARI
Bəzi veriliş aparan
Aparır hara? Bilmir.
Ağzı qızışan zaman
Ağ bilmir, qara bilmir.
Verilişi elə aparır
Sonra qaytara bilmir.