|
|
|
|
ANAR: “Ən gözəl əsərimsən!!!”
Zemfirama
Zaman nə tez ötüşdü,
Lap mat qalmışam özüm.
Düz qırx il bundan qabaq
Olub toyumuz bizim.
Bu qırx il necə keçdi?
Elə bil qırx il deyil,
Qırx gün, qırx gecə keçdi.
İl illərə qalandı,
Sevgi, intizar, kədər,
Sevinc, fərəh, itkilər
Bir – birinə calandı.
Bəs bu qoca dünyada
Nələr keçib gedəndi,
Nələr hər vaxt qalandı?
Pul, sərvət toplamadıq,
Var-dövlət qazanmadıq
Həyatımız boyunca.
Ölkələri, elləri
Gəzdik, gördük doyunca.
Paxıllıqla üzləşdik,
Haqsızlıqla rastlaşdıq,
Nə beynimiz pas atdı,
Nə qəlbimiz daşlaşdı.
Haçansa, qırx il sonra
(kaş ki, belə olaydı)
dünyayla vidalaşıb,
Ömür sərhəddin aşıb,
Çəkiləndə qeybə biz
O biri dünyada da
Bir vuracaq qəlbimiz.
Burda bizdən nə qalar?
Namuslu, ləyaqətli,
alnıaçıq balalar,
şirin-şəkər nəvələr,
Ağ vərəqlər üstündə
çəkdiyimiz əzablar –
Yazdığımız kitablar,
Bir də xatirələrdə
Yaşayacaq eşqimiz –
hərarətli, pak, təmiz...
45-in payızında
səni ilk gördüyüm gün
necəydinsə – eləsən,
Söylə bunun sirrini,
Necə qaldın belə sən?
Hələ axşam düşməyib
Bu qaralan qaş deyil.
Yaz ötüb, yay bitsə də,
Payız – hələ qış deyil.
Qış gəlsə də, gəlsin qoy
Qış günü deyildimi
Hədiyyəsiz-filansız,
bizim unudulmaz toy?
Sən vəfalı sevgilim,
İlin dörd fəslində də
baharımsan, yazımsan.
Mənim alın yazımsan,
Hələ də yazmadığım
Ən gözəl əsərimsən,
Yazacağım yazımsan.
Yaxında, ya uzaqda
Səni hər zaman anar
Köhnə məktəb yoldaşın –
Həyat yoldaşın
Anar.