ÖZÜMDƏ SAXLADIM UŞAQLIĞIMI
Özümdə saxladım uşaqlığımı,
Özümdə saxladım bu yaşımacan.
Gözümdə, könlümdə bir oldu hamı,
Sevildim, özgədən qardaşımacan.
İnandım hamıya bir uşaq kimi,
Salıb zarafata quzu dedilər.
Bütün sözlərimi, söhbətlərimi
Bütün söhbətlərin duzu dedilər.
Bilmədim dünyada qurd var, quzu var,
Canavar göründü tazı donunda.
Yaxınlar, uzaqlar qılıqladılar,
Qarılar nazlandı qızı donunda.
Barındım arzumdan, xəyallarımdan,
Qarşımda əyilib sındı çoxusu.
Gözümdə oxunan suallarımdan
Özünü, sözünü dandı çoxusu.
Özümə xoş gəldi öz uşaqlığım,
Nə tökdüm, həmişə aşıma çıxdı.
Mənim uşaqlığım, mənim paklığım
Dönüb yaxşılara qarşıma çıxdı.
Yaxşı ki, əyrini daim düz kəsir,
Örəyim özümə göz qoyur məni.
Mənim uşaqlığım mənimlə gəzir,
Mənim uşaqlığım qoruyur məni.
29.09.2013
DAHA BU DÜNYANIN SONU GƏLİBDİ
Kriminal hadisələrdə atasını, anasını öldürən oğulların adı çəkiləndə dedim dünyanın axırıdı.
Daha bu dünyanın sonu gəlibdi,
Dünyanın axırı çatıbdı daha.
Adamlar şeytanı Tanrı bilibdi,
O ki var günaha batıbdı daha.
Qurumuş ağactək qabıqlamışıq,
Nələr düşünmüşük günahdan qabaq?
Biz ki axirəti qabaqlamışıq,
Axirət sahibi Allahdan qabaq.
Ağıldan o qədər uzanmışıq ki,
Qolumuz mənasız gücə dönübdü.
O qədər günahlar qazanmışıq ki,
Ata da, ana da heçə dönübdü.
Oğul da anaya əl qaldırarmış,
Necə qazanarmış qatil adını.
Ataya, anaya tük saldırarmış,
Necə daşıyarmış batil adını.
Ana düşünməyib: süd verdiyi kəs
Böyüyüb, evində yad olacaqdır.
Öyünə-öyünə nər dediyi kəs
Ana öldürəcək, ad alacaqdır.
Pozulub dünyanın axar-baxarı,
Adamlar şeytanı Tanrı bilibdi.
Daha bu dünyanın çatıb axırı,
Daha bu dünyanın sonu gəlibdi.
27.10.2013
ANALAR QOCALANDA
Şirin sözdən bal çəkər,
Pay ayırar, bol çəkər.
Gözləri hey yol çəkər
Analar qocalanda.
Qırışlaşır, sirləşir,
Ocaqlaşır, pirləşir.
Uşaq kimi kürləşir
Analar qocalanda.
Ər kişini sel eylər,
Yığdığını göl eylər.
Oğlu, qızı el eylər
Analar qocalanda.
Qonşulara hay verər,
Gələnlərə çay verər.
Balalara pay verər
Analar qocalanda.
Yaşayırlar, solurlar,
Dillərdə dad olurlar.
Bir elə ad olurlar
Analar qocalanda
08.10.2013
İNDİ BİLMİŞƏM
İşıqdan salmışam söhbət-sözümü,
Gəzdiyim həmişə nur, işıq olub.
Elə unutmuşam bəzən özümü,
Gözümü tutan da gur işıq olub.
Vaxt olub gözümdə sökülübdü dan,
Açılan sabahlar səsləyib məni.
Üstümə atılan çirkab-çamurdan
İşıqlı olmağım gözləyib məni.
Nə deyim, çoxuna bəlkə xitabdı
Göylərdə ağaran samanlı yolum.
Gələcək adında böyük kitabdı
Sabahlı, səhərli, zamanlı yolum.
Çox küllər altında qorlar sezmişəm,
Eşmişəm, hər biri bir işıq olub.
Hərədə bir cürə işıq gəzmişəm,
Gözümü ilk çəkən yaraşıq olub.
Fərəhlər duymuşam mən dincliyimdə,
Bilmişəm Ay doğur gecə qoynunda.
Sevdiyim gözəl də ilk gəncliyimdə
Görünüb gözümə işıq donunda.
Qara deməmişəm hər qaraltıya,
Bilirəm qara nə, qaraltı nədir.
Uymuran işaran hər parıltıya,
Görürəm işıq nə, parıltı nədir.
Kimsəyə sevgimi, sayğılarımı
İçimdə nur kimi saxlayıram mən.
Fikrimi, hissimi, duyğularımı
İşığa tuturam, yoxlayıram mən.
Gecələr yerini verir Günəşə,
Açılır dünyanın mübhəm sirləri.
Çəmənlər şehini sərir Günəşə,
Görünür gecənin öpüş yerləri.
Qaranlıq gecəni vec bilmirəm mən,
Bilirəm dalınca gələcək səhər.
Ötən anlarımı heç bilmirəm mən,
Bilirəm üzümə güləcək səhər.
İşıqlı ümidlər mən bəslədim ki,
Yaman acıqlıyam qara sözündən.
Yarımı sevirəm, nə gizlədim ki,
Baxmayın öpürəm qara gözündən.
İşığa tuturam mən çox dibləri,
Çoxları düşünür səhv eyləyirəm.
Üstümə yeriyən qara divləri
Mən öz işığımla məhv eləyirəm.
İşıqlı adamlar çəkir fikrimi,
İşıqlı adamda xoş niyyət olur.
Parlayır hər biri bir ulduz kimi,
Parlayır hər biri, şəxsiyyət olur.
Zülmətin bağrını sökən, dağlayan
Qəlbimdə sevgidi, söz işığıdı.
İnsanı insana çəkən, bağlayan
Mən indi bilmişəm öz işığıdı.
22.10.2013
TAMAŞA DÜNYADA TAMAŞAYIQ BİZ
Tamaşa dünyada tamaşayıq biz,
Tamaşa edirik bir-birimizə.
Qüdrətdən yaranmış elə payıq biz,
Baxanlar mat qalır hər birimizə.
Bir kimsə aramır söz dünyasını,
Gözündə özüdür, həm sairləri.
Bir şair dəyişir öz dünyasını,
Yasına gəlməyir xalq şairləri.
Çətirdi, kölgədi hər yaşıl budaq,
Bulaqlar başında aslanıq, şirik.
Allah eləməsin vəzifə tutaq,
Vəzifə tutduqmu – dahiləşirik.
Sinəmiz qabarır tərif dinəndə,
Tərifdən – tərifə daşınırıq biz.
Şişirik şar kimi təriflənəndə,
Tərifsiz qalanda qaşınırıq biz.
Üzümüz zəy dadır kin daşıyanda,
Sanırıq sadəcə bir ahıq daha.
Vəzifə alanda, çin daşıyanda
Biz elə bilirik Allahıq daha.
Dözmürük adicə boğmaya belə,
Sinələr çatladıb ad oluruq ki.
Işimiz düşəndə doğmaya belə,
Elə özgələşir, yad oluruq ki.
Tamaşa dünyada tamaşayıq biz,
Tamaşa edirik bir – birimizə.
Qüdrətdən yaranmış elə payıq biz,
Baxanlar mat qalır hər birimizə.
27.01.2014
QUMA YAZMIŞAM
Adını, sevgini quma yazmışam,
Adından, sevgindən qalmayıb heç nə.
Külək əllərimlə elə pozmuşam,
Elə bil əzəldən olmayıb heç nə.
Elə bil ömrümə gəlməmisən heç,
Elə bil günümdə yaşamamısan.
Mənimlə bir deyib-gülməmisən heç,
Qəlbində sevgimi daşımamısan.
Necə bilməmişəm kimliyini mən,
Necə aldanmışam, yazıqlar mənə.
İçimin, çölümün təmizliyindən
Hecə aldanmışam, yazıqlar mənə.
Zərrəcə əsər yox dəyanətindən,
Xatırla nəfsinə qul olduğunu.
Andına, eşqinə xəyanətindən
Ayaqlar altında çul olduğunu.
Çağlayan, köpürən selə dönərdim,
Elə soyuyubdu qəzəbim indi.
Haraylar qoparan yelə dönərdim,
Elə sakitləşib əsəbim indi.
İnanma bir kimsə sənə inansın,
Harayın, həşirin saxlasın məni.
Bacı istəyirəm halıma yansın,
Ana istəyirəm ağlasın məni.
Hiylələr qoynunda gələn məhəbbət
Beləcə qumlara yazılmalıydı.
Qumlara yazılan, ölən məhəbbət
Küləklər əlində pozulmalıydı.
23.11. 2013.
DODAQQAÇMALAR
Elçin
O atlı yol gedir, yolu dag aşır,
Boylanır göynəkli, dağlı kölgələr.
Sahibli olanlar gəzir, dolaşır,
Haraylar qoparır bağlı kölgələr.
Musa Yaqub
Bir kimsə görmədi gözümdə eynək,
Qaya parçasıyam, belə də sayın.
Möhürlər vurdunuz çöllərə, neynək,
Bircə bu dağları hasarlamayın.
Məmməd İsmayıl
Təpərim qoluma, dizimə güldü,
Üstümə yeriyən çəndən xəbərsiz.
Bir qarı çay verdi, üzümə güldü,
İç, məni sevmisən məndən xəbərsiz.
Məmməd Aslan
Taleyim həsrəti boyuma biçdi,
Enişsiz, yoxuşsuz həyat sürmədim.
Gözəllər gözümdə sayrışdı keçdi,
Şəkərdən savayı xanım görmədim.
Ramiz Rövşən
Yüküm kitab, iliyim nur,
“Burax gedim, Ay işığı!”
İstəyirsən ələyim nur,
İşıgına yay işığı.
Sabir Rüstəmxanlı
Qoşuldum siyasətə,
Həqiqətlə bir oldum.
Başımı qanatdılar,
Səbr etdim, Sabir oldum.
Tofiq Abdin
Çoxları bilmir hələ
Yavan, yavanlıq nədir.
Silin illər tozumu,
Deyim cavanlıq nədir.
Rüstəm Behrudi
Azadlığın gülü solmaz,
Qurban istər bar ağacı.
Salam verib salam almaz
Hər adama dar ağacı.
Əjdər Ol
Bu nə sözdü: özgə, yad. . .
Hamı doğma kəsimdi.
Ummuram da yüksək ad,
Əjdər Oldum, bəsimdi.
Aqil Abbas
Mən torpağa bağlıyam,
Bağbanım var, gülçüm var.
Kimsə məndən inciməz, –
Bir “Ədalət” ölçüm var.
Rəşad Məcid
Xəyallı görünürsən,
Unut dərdi – səri gəl.
Yaxşı şeir yazmısan?
Qıraq durma, bəri gəl.
Yaşar
Mütərciməm, nasirəm
Gecə – dan arasında.
Nə bəxtəvər nazirəm
İki can arasında.
Vaqif Yusifli
Başlar yaman çoxalıb
Janrlar hasarında.
Tənqid atım çaş qalıb
Təriflər bazarında.
İlham Rəhimli
Çox sadiqəm dostluga,
Sınanmışam darda mən.
Hər bir sənət gözəldir,
Harda sənət – orda mən.
Vilayət Quliyev
Nə imiş bu siyasət,
Göylər kimi dolmuşam.
Ədəbiyyat bir yana,
Tamam qərib olmuşam.
Məhərrəm Qasımlı
Sevənlər sözlərimdən
Əhdləşir, bağlaşırlar.
Dağlar dönür ozana,
Ozanlar dağlaşırlar.
Şirindil Alışanlı
Dayaq durdum çoxuna,
Yüksək ada çatdılar.
Dartıb axır məni də
Özlərinə qatdılar.
Nizaməddin Şəmsizadə
Məxməridi tənqidim,
Ürəyinə salan yox.
Baxış satır “Ayğır”ım,
Heyif, lentə alan yox.
Vaqif Bəhmənli
Yanım – yörəm qarıdı,
İçində bir sənəm yox.
Nənəm sizə gəlmişdi,
Özün gəldin, nənəm yox.
27-28.12.2013