Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar oktyabrın 30-u Türkiyənin İzmir şəhərində baş verən şiddətli zəlzələylə bağlı həmkarları - Türk Ədəbiyyat Vəqfinin başqanı Sərhəd Kabaklı, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, İLESAM-ın sədri Mehmet Nuri Barmaqsız, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) başqanı Yəhya Akenginə məktub yollayıb.
Məktubda fəlakətdə həyatını itirənlərlə bağlı başsağlığı verən yazıçı yaralılara şəfa arzulayıb:
"Qardaş Türkiyənin Ege bölgəsində baş verən, xüsusən İzmir şəhərində ağır tələfatlarla nəticələnən təbii fəlakət- zəlzələylə bağlı xəbərləri dərin kədər və təəssüf hissiylə izləyirik. Dağıntılar nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyir, yaralıların tezliklə sağlamlıqlarına qovuşmasını arzu edirik. Türk xalqının kədəri kədərimizdir. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz və əbədidir! Tanrı xalqlarımızı qorusun!"
Şahanə MÜŞFİQ