İndi bildim ki, hər yer Qarabağdır!
Bombalanan Gəncə, Bərdə, Tərtər...
Hədəf seçilən Mingəçevir...
Mülki şəhid verən Naftalandır – Qarabağ!
Hər səhərini Qarabağ adıyla qarşılayıb, gecələrini dirigözlü açan Bakıdır – Qarabağ!
İndi bildim ki, hər kəs qarabağlıdlr...
Yaralı əsgərini güllə-borandan çıxaranda şəhid olan Turqut həkimdir – Qarabağ!
Bayraqlarımız sancıldıqca Azan verən Namiqdir – Qarabağ!
Döyüş yoldaşlarını qorumaq üçün erməni zabitlərini əliyalın boğan Cəbrayıldır – Qarabağ!
İndi bildim ki, şəhidlərlə tükənmir, bütövləşir bu millət!
Çün Qarabağ candır!
Hər qarışı uğrunda şəhid gedən igidlərin canı...
İndi bildim ki, tək ön cəbhə deyil, arxa cəbhədir – Qarabağ!
Növbələrə düzülüb əsgərinə qan göndərən minlərdir – Qarabağ!
Son qəpiyini əsgərinə pay yollayan Hikmət babadır – Qarabağ!
Bayraq tikən Laçın nənədir – Qarabağ!
Bombalanan evindən bayraqğını çıxaran gəncəli Xəyyamdır – Qarabağ!
Qarabağ – tək torpaq deyil, meşə deyil, dağ deyil!
Qarabağ – namusdur, qeyrətdir, üz ağıdır!
Qarabağ – narahat ruhların doğma məkanı,
Üzeyirdir, Natəvandır, Bülbüldür – Qarabağ!
Poladdır, Raqufdur, Mübarizdir – Qarabağ!
İndi üzümü Məğribə və Məşriqə tutub rahat ürəklə deyirəm:
-Ehey! Eşidirsən, dünya?
Qarabağ – Azərbaycandır!
Başını dik tut, Vətən, eşidirsən?
Qarabağ – Azərbaycandır!
Azərbaycandır – Qarabağ!