tarix elmləri namizədi
AZƏRBAYCANIN TANINMIŞ MİLYONÇU–XEYRİYYƏÇİLƏRİ
HACI ZEYNALABDİN TAĞIYEV
(1838-1924)
* 1838-ci ildə Bakıda başmaqçı ailəsində anadan olub .
* On yaşından başlayaraq palçıq daşımaq, daş yonmaq və bənnalıqla, podratçılıqla məşğul olub.
* Sonradan aldığı neft quyusu fontan vurur və onu məşhur milyonçu edir.
* 1896-cı ildə Bayıldakı 20 milyon dəyərində olan zavod və mədənlərini satıb bez-parça fabriki də tikdirməyə başlayır və bu işi 1900-cü ildə başa çatdırır. Bu, Zaqafqaziyada ilk Toxuculuq fabriki sayılırdı.
* 1916-cı ildə H. Z. Tağıyev Bakı – Şollar Su kəmərini çəkdirib başa çatdırır. Hacının təkidi ilə hələ 1904-cü ildə ingilis – amerikan firması kəmərin çəkilişinə başlamışdı.
* 1901-ci ildə Zaqafqaziyada ilk Qız Məktəbini tikdirir.
* 1897-ci ildə “Kaspi” qəzetini mətbəəsi ilə birlikdə alaraq qəzeti öz hesabına çap etdirir.
* Onun vəsaiti ilə 1905-ci ilin iyunun 7-dən Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevin redaktorluğu ilə “Həyat” qəzeti, 1906-cı ilin noyabrın 1-dən isə “Füyuzat” jurnalı çap edilir.
* 1883-cü ildə teatr binasını tikdirir və bu, xalq arasında Tağıyev teatrı kimi şöhrət qazanır.
* 1924-cü ilin sentyabrın 1-də 86 yaşında Mərdəkandakı bağ evində vəfat edib.
H. Z. TAĞIYEVİN XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ
* 1898-ci ildə Peterburqda ehtiyacı olan tələbələrə kömək məqsədi ilə Müsəlman Xeyriyyə Cəmiyyəti yaradılır. Fəxri sədr H. Z. Tağıyev olur. O, cəmiyyətin Fonduna böyük məbləğdə – 11 min rubl pul keçirir.
* Hələ öz fəaliyyətinin başlanğıcında yetim uşaqları oxutdurmaq üçün 38.848 rubl pul xərcləmişdi.
* Yoxsul uşaqların savadlanmasına orta hesabla 3 000 rubl sərf edirdi.
* Yetim və yoxsul uşaqlara – 4 məktəbə hami – müdir olub. Həmin məktəblərə ildə iki min rubl sərf edirdi.
* 1894-cü ildə Mərdəkan və ətraf kəndlərin uşaqları üçün kənd təsərrüfatı meylli məktəb tikdirərək, onun inşasına 31.440 rubl vəsait qoymuşdu. Bundan başqa ildə həmin məktəbin 5 000 rublluq məsrəfini də ödəyirdi.
* Azərbaycanlı cavanları Rusiyanın və xarici ölkələrin ayrı-ayrı şəhərlərində ali texniki və humanitar biliklər almağa göndərirdi. Bu gənclər sırasında N. Nərimanov, M. Əzizbəyov, S. Mehmandarov, F. Rüstəmbəyov və başqaları da vardı.
ŞƏMSİ ƏSƏDULLAYEV
(1840-1913)
* 1840-cı ildə Bakının Əmircan kəndində anadan olub.
* Əvvəl əkinçiliklə məşğul olub, sonradan isə Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus taciri Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksəlib.
* 15 il müddətində neft və duz podratçılığı ilə məşğul olduqdan sonra xeyli qazanc əldə edir, kerosin zavodu açır.
* 1890-cı ildə neft işi ilə məşğul olan bir neçə nəfərlə birlikdə şirkət təşkil edir.
* 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınamsı sahəsində Bakı neft kapitalistləri arasında ilk dəfə olaraq buxar oxunu (iki və üç-dörd dorlu yelkənli gəmi) sifariş verir.
* 1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində neft fontan vurur. Fontan hər gün altı yüz min pud neft verir.
* Ş. Əsədullayevin Volqa boyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda çoxlu sayda neft anbarları vardı.
* 1903-cü ildə Moskvaya köçür. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir. Xeyriyyə işləri ilə məşğul olur, yoxsul uşaqlar üçün məktəb açır.
* 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etdirir.
* 1913-cü ilin 21 aprelində Yaltada günvurmadan 72 yaşında vəfat edib. Bakıda dəfn olunub. Parisdə yaşamış azərbaycanlı yazıçı Ümmülbanu onun nəvəsidir.
* Ş. Əsədullayevin Mərdəkanda XIX əsrin sonlarında tikdirdiyi əzəmətli bağını isə sovet hökuməti müsadirə edib sanatoriyaya çevirmişdi.
ŞƏMSİ ƏSƏDULLAYEVİN XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ
* Moskvada yaşadığı dövrdə ciddi xeyriyyə işləri ilə məşğul olur. Yoxsul uşaqlar üçün məktəb açdırır.
* Moskvada hazırda Kiçik Tatar döngəsində olan 8 saylı evi də Ş. Əsədullayev tikdirib, o zaman təzə yaradılmış olan Tatar mədəniyyət cəmiyyətinə bağışlamışdı. Vaxtilə bu binada tatar məktəbi, tatar kitabxanası, konsert salonu və yetimlər üçün uşaq evi olub.
* 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etdirir.
MURTUZA MUXTAROV
(——1920)
* Bakının Əmircan kəndində anadan olub. Adi fəhlədən neft maqnatı səviyyəsinə yüksəlib.
* Onun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. O, diplomsuz neft mühəndisi kimi şöhrət qazanıb.
* 1890-cı ildə yaratdığı “Podrat qazma” kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynayıb.
* 1896-cı ildə o, qazma və standartların endirilib qaldırılması kimi əsas və başqa köməkçi işləri icra edən xüsusi bir dəzgah yaratmış və bundan ötrü patent almışdı.
* İndi Bakıda məşhur olan “Səadət” sarayını 1911-1912-ci ildə tikilib və burada yaşayıb. Mühəndis Ploşkonun layihəsi əsasında tikilmiş bu bina indi də şəhərə bəzək verir.
* 1905-1911-ci illərdə Cənubi Azərbaycanda davam edən milli azadlıq hərəkatına – onun başçıları olan Səttar xana və Bağır xana öz rəğbətini bildirib, onlara gizli yollarla kömək edir.
* 1908-ci ilin 10 oktyabrında Qafqaz Canişinliyindən Bakıya göndərilən gizli məktubda Səttar xana və Məşrutə inqilabına kömək edənlər sırasında onun da adı hallanır.
* 1920-ci ilin 27 Aprelindən sonra Bakını talan edən hərbi bolşeviklərdən ikisi onun evinə hücum çəkir. M. Muxtarov onlardan birini silahla vurub öldürür. Sonra da əsəbi vəziyyətdə özünü güllə ilə vurur.
MURTUZA MUXTAROVUN XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ
* Bakıda fəaliyyət göstərən əksər xeyriyyə cəmiyyətlərinin işində fəallıq göstərir.
* 1910-cu ildə Əmircan kəndində görkəmli memar Zivər bəy Əhmədbəyovun daiştirakı ilə əzəmətli məscid binası tikdirir.
* 1913-cü ildə Mərdəkanın Pirhəsən adlanan yerində axund Mirzə Abu Turabın qəbri üstündə künbəz, Vladiqafqaz şəhərində məscid tikdirir.
* 1913-cü ildə Azərbaycan səhnəsinin böyük aktyoru Hüseyn Ərəblinski vərəm xəstəliyinə tutularkən M. Muxtarov ona 700 manat verib müalicəyə göndərmişdi. Müalicə olunaraq geri qayıdan H. Ərəblinski “Bakı” qəzeti vasitəsi ilə ona minnətdarlığını bildirmişdi.
* Saratovda olduğu zaman küçədə oxuyan, sonradan məşhur opera artisti olmuş Fatma Muxtarovanın konservatoriyada təhsil almasına kömək edir.
* 1908-ci ildə iyun ayının 3-də fəaliyyətə başlamış “Tərəqqi” qəzeti “İrşad” mətbəəsində M. Muxtarovun maddi dəstəyi ilə nəşr edilir. O, “İrşad” mətbəəsini pulla alıb, daimi istifadə üçün Haşım bəy Vəzirovun sərəncamına verir.
MUSA NAĞIYEV
(1842-1919)
* 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub.
* İlk təhsilini kənd mollaxanasında aldıqdan sonra kənddə atasına köməklik edir.
* İlk topladığı pula Qaraşəhərdə əli ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələrini də alıb neft istehsalına başlayır.
* İndiki İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsveçrədə vəfat edən oğlu İsmayılın şərəfinə “İsmailiyyə” adlandırılır.
* Bundan əlavə o, 28 May küçəsində qoşa imarətlər, qırmızı kərpicdən əzəmətli bina, Səməd Vurğun küçəsində Qış klubu (Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanalarını da tikdirmişdir.
* 1913-cü ildə öz pulu ilə 225 çarpayılıq xəstəxana tikdirir və o xəstəxana bu gün də qalmaqdadır.
* M. Nağıyev bəhailiyə daha çox inam göstərir və H. Z. Tağıyevlə bağlı məhkəmə prosesində Quran əvəzinə, “Kitabi-Əqdəs”ə and içmişdi.
* M. Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında vəfat edib.
MUSA NAĞIYEVİN XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ
* M. Nağıyev xeyriyyə cəmiyyətlərinin əksərində iştirak edib.
* 1913-cü ildə şəhər xəstəxanası tikintisi üçün 300 000 (üç yüz min) manat, Bakı Realnı məktəbinin abadlığı, 3-cü mərtəbənin tikilişi üçün, qiraət otağı, kimya kabineti və məktəbin parket döşəməsi üçün 30 000 (otuz min) manat xərcləyib.
* Gəncədə müəllimlər seminariyası üçün 15 000 (on beş min) manat xərcləyib. Şamaxıda Real məktəbinə 1300 (min üz yüz) manat xərcləyib.
* “Səfa” cəmiyyətinə ildə 500 manat xərcləyib.
* Tiflis məktəbinə 500 manat xərcləyib.
* “Nur” mədrəsəsinə 500 manat xərcləyib.
* Semireginsk əyalətində zəlzələdən zərər çəkənlərə 1000 manat xərcləyib.
* 1913-cü ildə müsəlman xeyriyyə cəmiyyətlərinin kassasına 253 000 (iki yüz əlli üç min) manat pul köçürüb.
* 1908-ci ildən ölümünüdək Bakı Realnı məktəbinin hamisi idi.
(Ardı var)