-1-
Nədi sevda, nədi eşq, eh, qəmi kəmlər nə bilə,
Çəkməyən, çəkəmməyən bunca sitəmlər nə bilə.
Hər eşqin öz adı var, tar ilə car etməlisən,
Tarzənin yanğısını lal qalan simlər nə bilə.
Ruhu candan eləyir, can qalır canın hayına,
Qəmə məlhəmdi yenə arizi-qəmlər, nə bilə.
Eşq olub, eşq olacaq Kəbəsi sevdalıların,
Ya qəmə tövbəlilər, ya qəmi kəmlər nə bilə.
Rəşidin sevdası var, sirr doğulub, sirr qalacaq,
Bu aləm bilmədisə, özgə aləmlər nə bilə...
-2-
İnsafsızlıq edib kim dana bilər
eşqin - sevdanın
Dünyadan çox əvvəl doğulduğunu.
Bu yerlər, bu göylər yaradılanda
Sevda ocağında dağ olduğunu.
Sevdasızlığın
Ömrəçalın-çarpaz dağ olduğunu.
Sevdasız doğulan ulduzların da
Sevdasız qalınca boğulduğunu.
Sevdanın dünyadan deyil, əzəldən
Dünyanın sevdadan doğulduğunu...
-3-
Göy alçala, Yer dikələ,
Dərya-dəniz sahil aşa,
Dağ tərpədən, daş oynadan,
daş axıdan çaylar daşa,
Dağ titrədən yellər əsə,
Ayrılıqlar canlar ala,
pambıq ilə başlar kəsə,
Yenə qırpmaz gözlərini
xınası eşq olan sevda.
Gəcələrə yem eləyir
gündüzünün işığını,
Ağ gecələr ağ eləyən
röyası eşq olan sevda.
Yer var ikən, göy var ikən
yerdə, göydə var olacaq,
Yeri-göyü yaşadacaq
günyəsi eşq olan sevda.
Ömrün-günün fəlsəfəsi
dərd olubdu dilbilməzə,
Dünyaya meydan oxuyur
dünyası eşq olan sevda.
-4-
Ağac da, budaq da, yarpaq da, çiçək də,
Ağca buludların gözündən düşüb
ləçəyin qoynuna baş qoyan şeh də,
Gərnəşən budağı lüt-üryan görüb
yarpağa sarılan ürkəcək meh də,
Yağış kəsən kimi göygözlü göyün
çiynindən sürüşən qövsi-qüzeh də
Sevdalı üçündü, sevda üçündü.
Əsgisi tüstülü olan biləmməz,
Duyğusu ütülü olan biləmməz
Sevdadan yaranıb dünya büsbütün.
Dünyanı yox yerdən var edən Allah
Sevda yaradıbdı yalan dünyanı
könül xoşluğuyla yaşatmaq üçün.
Adəmdən bu yana sevdalıların
kirpiyi kirpiyə sığal çəkməsə
gecənin köynəyi sökülməyib ki.
Günəşin işığı daşa, torpağa,
budağa, yarpağa tökülməyib ki.
Gecələr dilinə bəz düşsə belə,
Ömrü bu minvalla ötüşsə belə,
Yollardan üzülən cığırlar, izlər
Ayağı altından sürüşsə belə
Günyəsi eşq olan sevdanın heç vaxt
dağmisal qaməti bükülməyib ki.
Sevda qaranlığı kirpiknən biçir,
Səhəri ayrı cür içib yaşadır,
Qara gümanların qaranlığında
görünən ümidi seçib yaşadır.
Gündüzü-gecəsi - bir ayrı biçim,
"Nə cür?"ü, "Necə?"si bir ayrı biçim,
Yerişi-duruşu - bir ayrı biçim,
Təntələk gülüşü - bir ayrı biçim;
Dünyanı bir ayrı biçim yaşadır...
Gecənin ipini gözüynən çəkir,
Uzun gecələrin illər uzunu
sevdaya bir kəlmə diqtəsi olmur.
Göylərin mehrabı eşqdir, ancaq
hər sevda Arximed nöqtəsi olmur.
-5-
Budağa, bulağa,
torpağa, daşa,
yarğana, kahaya,
qayaya, dağa,
Kirpikdə, yanaqda közərən yaşa,
Çəməni daşdıran gülə-çiçəyə,
Çiçəkdə ləçəyə, ləçəkdəşehə,
Yarpaqdan dördəlli yapışan mehə,
Bəxt-yığval gətirən qövsi-qüzehə
Füzulinin qəzəllərindən
boylanan adamı, baxan adamı
Yaradan göylərin şahı bilibdi.
Yerləri, Göyləri yaradan Allah
həmişə sevdaya ürcah eləyir
özünə bir köynək yaxın adamı...
Gecələr göyləri dinşə, deyərsən
İlahi sədadı, bir səsdi sevda.
Duyammaz "dünyadan gecə keçənlər",
Duyana sonuncu nəfəsdi sevda.
Könüllə döyünən gözəlliklərin
ilkini - əzəli adıdı sevda.
Yeddi qat bilirdik göyü, yalandı,
Göyün səkkizinci qatıdı sevda.
-6-
Mən varam...Sən yoxsan...
Xəyalların var,
Xəyallar sevdama duaçı olub.
O ilki payızdan üzü bu yana
Bizim aramızda araçı olub.
Müşgülsüz sevdaya sevda deyilmir,
Sevdasız dünyaya dünya deyilmir;
Xəyallar müşgülün əlacı olub.
O vaxtdan bu yana yaman sınıxıb,
Adına ad olub düşüncələr də.
Səni görəmmirəm...Səni gizlədir
qara gündüzlər də, ağ gecələr də.
Əlimdən yapışan xəyallarınla
Zaman sərhəddini keçib gəlmişəm.
Sənsizlik gözümü elə açıb ki,
Bəyazı qaradan seçib gəlmişəm.
Sənli günlərimi, sənli günləri
Şərbət əvəzinə içib gəlmişəm.
...Bu da dünənimiz...Görüş yerimiz...
Bu da bizsizliyin giziltiləri.
Bir az da dikələn hər cığır, hər iz
əlini yelləyir bayaqdan bəri.
Bulaq gileyini tökür üstümə,
Bu ərki içərdim su əvəzinə.
Rəşidin ömrünü ödənc edərdim
burda tənhalığın təntənəsinə.
Bulaq gileyini tökür üstümə
Canımı yandırıb-yaxıram deyə.
Qaşları çatılır...
Durur qəsdimə
Həsrətlə dünənə baxıram deyə.
Görən hansı yelin badına gedib
çılpaq budaqların yarpaq lələyi?!
Ana qucağında yatır elə bil,
Qolumun üstündə payız küləyi...