Filologiya elmləri doktoru, professor
Naxçıvan Azərbaycanın ən qədim və ən mötəbər torpağıdır, bu torpağın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. Naxçıvanın torpağı, daşı, havası, səması-hamısı mənim üçün əzizdir.
Heydər Əliyev
Böyük ərəb tarixçisi Əbu Cəfər Məhəmməd İbn Cərir ət Təbəriyə görə sərhədlərinin bir ucu Dərbənddə, bir ucu Qarayazıda, bir ucu Mosulda, bir ucu Qum və Rey həddində son ucu Kəngər körfəzində tamamlanan bütöv və böyük Azərbaycanın ən qədim türk yurdu Naxçıvanın Respublika kimi yaranmasının 90 illiyi tamamlanır. Bu münasibətlə Naxçıvanın tarixini hamıdan gözəl bilən, bu yurdun möhtəşəmliyini, elmi-mənəvi qüdrətini dərindən duyan ölkə Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı tarixi sərəncamda deyilir:
"Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir".
Naxçıvan sözünün etimologiyası barəsində müxtəlif fərziyyələr, rəvayətlər və həqiqətlər var. Bütün bunlar möhtəşəm "Naxçıvan" ensiklopediyasında (AMEA. Bakı, 2002 s. 338) özünə yer alıb. Şübhəsiz ki, qədim türk yurdu ulu Naxçıvan türk sözüdür. Çünki min illərdir burada türkün ulu ruhu yaşayır, özəl tarix yaradır, dünyaya meydan oxuyan alim, memar, ədib, sərkərdə, dövlət xadimi türk insanları yetişib formalaşır. Mütəxəssislərin və məxəzlərin verdiyi məlumatlara görə Naxçıvan şəhəri bizim eradan əvvəl 1539-cu ildə salınmışdır. Bu barədə ilk faktlar tarixiçi İosif Klavçiyə görə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (bizim eranın II əsri) məxsusdur.
Hər bir təəssübkeş naxçıvanlı kimi bu sözün mənim üçün Naxçıvanın məşhur Kəngərlilər nəslinə mənsub bir ziyalı üçün öz xüsusi mənası var: Naxçıvan Nuh peyğəmbərin bəşəriyyəti dünya tufanından xilas etdiyi yerdir, Naxçıvan ulu Peyğəmbər Məhəmməd Əleyhüssəlamı İslam dünyası üçün qorumuş Əsabü-Kəf Məbədidir, Naxçıvan Azərbaycan dövlətçiliyinin - dövlət təfəkkürünün ilk zirvəsi olan Atabəylər xanədanıdır. Naxçıvan Azərbaycan mədəniyyətinə Əcəmi kimi sənətkarı, nəhayət tariximizə ulu öndər Heydər Əliyevi bəxş etmiş əzəmətli türk yurdudur. Bu məqamda o müdrik insanın, dünya şöhrətli siyasətçi və dövlət xadiminin mübarək sözlərini qələmə almaya bilmərəm: "Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur. Naxçıvan həmişə böyük şəxsiyyətlərlə fərqlənmişdir, Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur. Möminə Xatun türbəsi 800 ildir ki, bütün dünya səyyahlarını heyran edir. Yusif ibn Küseyin Qarabağlar türbəsi, Əlincə qalası və bir çox belə abidələr- bunlar hamısı Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu və azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb-yaratdıqlarını göstərir". Bu müdrik sözlərdə böyük həqiqət var: dahi sənətkarlar ədəbiyyat və mədəniyyətdə Şərq intibahının zirvələri Nizami Gəncəvi və Əcəmi Naxçıvani məhz Atabəylər fütuhatının yetirmələri idi. Azərbaycan intibahının təməlində Atabəylər- Eldənizlər şəhər sənətkarlığının töhfələri dayanırdı.
Xalq şairi Nəriman Həsənzadə "Atabəylər" mənzum tarixi dramında Cahan Pəhləvana "Xosrov və Şirin"i həsr etmiş dahi Nizamini, Cahan Pəhləvanın xahişi ilə "Mömünə Xatun"u tikmiş Əcəmi Naxçıvanini bir araya gətirir. Nizami Gəncəvi türbəyə vurularaq deyir:
Xoşdur bu türbənin hüsnü, camalı,
Susmuş musiqidir, toxunmuş xalı.
Torpağa səcdədir, qadına hörmət,
İnsanı yaradan ana təbiət
Burda sənətkara qısqana bilər.
Daşlara toxunsan oyana bilər.
Sənət möcüzədir... adicə bir daş
Sonra xatın olur, Eldəniz olur.
İnsan daşa dönür, Daş əziz olur.
Həqiqətən də Naxçıvan Allahın elə bir möcüzəsidir ki, daşlarına məhəbbətlə toxunsan insan kimi dil açıb danışa bilər. Sanki Xalq şairi Məmməd Araz "Azərbaycan mayası nur, qayəsi nur ki, // Hər daşından Alov dilli ox ola bilər". Misralarını Əcəminin divara hördüyü Naxçıvan daşlarını nəzərdə tutub yazıb Əcəmi Nizamiyə "Şeirdə, sənətdə duyduğum ovsun, // İstədim hördüyüm daşlarda olsun // deyir. Beləliklə, Naxçıvan torpağı da daşı da ləl olan, hər daşında qüdrətli türk ruhu mürgüləyən elm, mədəniyyət və dövlətçilik diyarıdır.
Bizim eradan əvvəl IX- VI əsrlərdə Naxçıvan Manna və Midiya dövlətlərinin tərkibində olmuşdur. Eramızın əvvəllərində isə Naxçıvan Qafqaz Albaniyasının məşhur şəhərlərindən biri idi. Tarixdə yeni mərhələ olan İslam dininin qəbuluna qədər Naxçıvan iki dəfə yadellilər tərəfindən işğala məruz qalmışdır: ilk dəfə 364-367-ci illərdə Sasani hökmdarı II Şapur tərəfindən dağıdılmış 18 min ailə əsir aparılmışdır. İkinci dəfə 625-ci ildə Bizans imperatoru İraklii Naxçıvanı işğal etdi. Nəhayət 654-cü ildə ərəb əmiri Həbib ibn Məsləmə ilə Naxçıvan arasında müqavilə bağlanmışdır. IX əsrin sonunda Naxçıvan Sacilər dövlətinin tərkibində olmuşdur.
XIX əsrdən etibarən Naxçıvanda güclü maarifçilik hərəkatı başlanır.
1894-cü ildə Naxçıvanda ilk rus-tatar, 1896-cı ildə isə ilk dünyəvi qız məktəbləri açılmışdır. 1896-cı ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah cadukuni Məşhur" pyesinin tamaşası ilə Naxçıvanda milli teatrın əsası qoyulur.
Azərbaycan xalqı və millətimizin əsasında böyük tarixi xidmətləri olmuş müxtəlif qövmlər dayanır. Xalqımızın və millətimizin, habelə milli dövlətçiliyimizin formalaşmasında müstəsna tarixi xidmətləri olmuş belə əsl-nəcabətli soylardan biri mənim ana tərəfdən mənsub olduğum çox qüdrətli Kəngərli nəslidir. Sabit dövlət atributları- öz bayrağı, öz ordusu, öz gerbi olmuş bu nəslin təkcə Naxçıvanın yox, küllən Azərbaycanın tarixində, milli-mənəvi taleyində, hərbi dövlətçilik tarixində böyük rolu olmuşdur. Onlardan bəzilərini yada salmaq Naxçıvan Azərbaycan tarixinə ehtiram olardı.
Mənbələrin verdiyi məlumata görə Kəngər sözü Aral və Balaş gölləri arasında yerləşən Kəng dövlətinin adıdır. Eramızın III əsrində ortaya çıxmış və əhali yerlilərlə hun türklərinin qarışığından ibarət olmuşdur. VIII əsrdə onlara peçeneqlər də qarışır, IX əsrdə isə ruslarla birləşən quzlar-oğuzlar Kəngərlilərlə birləşib peçeneqləri Don çayı sahillərinə qovurlar. Ehtimal olunur ki, Kəngərlilər eramızın IV-V əsrlərində hunlarla birlikdə Azərbaycana gəlmişlər. Onların Naxçıvan və ümumən Azərbaycan ərazisində məskunlaşmaları türkləri XI əsrdə üçüncü qəbulundan sonrakı oğuz-səlcuq gəlişi ilə bağlı idi. Kəngərlilər Azərbaycan xalqının etnogenezində iştirak etmiş, Şah İsmayıl Xətai Azərbaycanda üçüncü (Atabəylər və Şirvanşahlardan sonra - G.Ə.K.) böyük dövləti Səfəvilər imperiyasını yaradarkən ustacılı tayfasının tərkibində dövlətçilik tariximizdə həlledici rol oynamışlar. XVIII əsrdə Kəngərlilər Azərbaycanın ən qüdrətli xanlarından olmuşlar.
1928-ci il məşum Türkmənçay işğal aktından sonra Naxçıvan xanlığı Rusiyanın himayəsinə keçsə də bu qərara tabe olmayan qüdrətli və qeyrətli Kəngərlilər 1840-cı ilə qədər "Naib" titulu ilə öz vəzifələrində qalmışlar. Kəngərlilərin bir qismi Qarabağ Ağdam və Tərtər ərazisinə köçmüşlər. Kəngərli soyundan çıxmış alim, rəssam, general, ictimai-siyasi və dövlət xadimləri çoxdur. Onlardan bəzilərini böyük qürur hissi ilə qeyd etməyi özümə borc bilirəm. Azərbaycan rəssamlığında realist dəzgah boyalarının banisi, məşhur rəssam Bəhruz Kəngərli (1892-1922), sonuncu Kəngərli xanı- Kəngərli Ehsan xan, Kəngərli Maqsud Sultan Ustacoğlu (XVI əsrin sonu XVII əsrin əvvəlləri) Naxçıvanın hakimi Məhəmmədqulu bəy Kəngərli (1864-1905) maarif xadimi və hüquqşünas, Kəngərli Nəsrulla Yaqub oğlu (1913-1991) memar Kəngərli Cümşüd Paşa Sultanov (1845-1902) hüquqşünas, general-leytenant, Kəngərli Ulduz Səttar oğlu-radio-elektronika üzrə elmlər doktoru, Kəngərli Zeynalabdin (1839-1904) şair və nəqqaş, Kəngərli Əsgər Aslanbəyoğlu (1911-1998)- Əməkdar həkim, nevropatoloq Abbasqulu xan (XVIII əsr), Naxçıvan xanı (1763) Hacı xan Kəngərli, Lütfəli Sultan Kəngərli (XIX əsrin əvvəli) Kəlbəli xan Kəngərlinin oğlu.
Naxçvan Rusiya tərəfindən işğal olunduqdan sonra bəzi kəngərlilər məcburən Baba adlarını soyad kimi qəbul etmişlər.
Əslində Qazaxda məskunlaşmış böyük şair Səməd Vurğunun mənsub olduğu Vəkilovlar da Kəngərli nəslindəndir. İndi Kəngərlilər Azərbaycanın və dünyanın hər yerinə səpələnib.
Naxçıvan təkcə tarixi abidələr, dini ziyarətgahlar, böyük mədəniyyət, nadir təbiət diyarı yox, həm də nadir şəxsiyyətlər diyarıdır. Bu qədim türk yurdu, bu ulu məkan Azərbaycanın elm və mədəniyyətinə, hərb tarixinə Kəlbəla xan Naxçıvanski (? - 1883), general İsmayıl xan Naxçıvanski (1819-1918), general Hüseyn xan Naxçıvanskinin (1863-1919), general Cəmşid Naxçıvanski (1895-1938), Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Məhəmmədtağı Sidqi, Hüseyn Cavid, şair Əliqulu Qəmküsar (1880-1919), Məhəmmədağa Şahtaxtlı (1846-1931), Xalq artisti Kazım Ziya (1896-1956), Yusif Məmmədəliyev, Əziz Şərif, Abbas Zamanov, kimyaçı Cümşüd Zülfüqarlı, Əbdürrəhman Düdənginski (1908-1954), general Akim Abbasov, akademik Həsən Abdullayev, Əbülfəz Əliyev (1938-2000), diplomat İbrahim Əbilov (1882-1923), Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov (1917-1944), Aqil Əliyev, akademik Cəlal Əliyev, akademik Cəmil Əliyev, milli qəhrəman Əmiraslan Əliyev, dövlət xadimi Əziz Əliyev (1897-1962), akademik Zərifə Əliyeva (1923-1985), Xalq artisti İbrahim Həmzəyev (1908-1982), akademik Məmməd Cəfər, akademik Mahmud Kərimov, Xalq yazıçısı İmran Qasımov (1918-1981), Məhəmmədhüseyn Təhmasib, Xalq artisti Rza Təhmasib, akademik Əhməd Mahmudov (1928-1989), akademik Fərəməz Maqsudov (1930-2000), dövlət xadimi akademik Ramiz Mehdiyev, dövlət xadimi Artur Rasizadə, Vasif Talıbov, akademiklər Vasim Məmmədəliyev, Asəf Nadirov, İsa Həbibbəyli, akademik Əli Abbasov, Xalq artistləri, bəstəkar Ramiz Mirişli və professor Azər Zeynalov, general Kəmaləddin Heydərov, general Namiq Abbasov, dövlət xadimi, general Oruc Zalov, bu iftixara layiq pleyadanın başında Naxçıvanı böyük siyasət, elm və mədəniyyət mərkəzinə çevirmiş, onu dünyada şöhrətləndirmiş dünya şöhrətli, ictimai-siyasi və dövlət xadimi, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev dayanır. Bu gün onun qoyub getdiyi ənənələri, milli və dövlətçilik ideallarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şərəf və ləyaqətlə davam etdirir. İlham Əliyev qədim türk yurdu, özünün ana yurdu Naxçıvana həm böyük rəhbər, həm də əsl övlad məhəbbəti ilə misilsiz qayğı göstərir.
Tariximizin ikinci və üçüncü minilliklərinin qovuşub ayrıldığı XX əsrin sonu XXI əsrin əvvəllərində 15 iyun 1993-cü ildə sonra- Müstəqillik dövründə Naxçıvan öz milliliyini, mənəvi hüsnünü səylə qorumaqla yanaşı həm də ən müasir dünya şəhərinə, ən modern Muxtar Respublikaya çevrilmişdir. O, İran və Türkiyə ilə beynəlxalq münasibətlərimizi, genbirliyi, dinbirliyi və qanbirliyi əlaqələrimizi qoruyan, inkişaf etdirib artıran strateji təkandır.
Müasir dövrdə Azərbaycan Dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1995-ci il noyabrın 12-də qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dövlət sistemində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasının statusu müasir, yeni şəraitə uyğun olaraq dəqiq şəkildə müəyyən edilmişdir. Yeni Konstitusiyada "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət, Azərbaycan Respublikasının ayırlmaz hissəsi" hesab edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası əsasında hazırlanan və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən Naxçıvan Muxtar Respublikasının yeni kostitusiyanın birinci maddəsində deyilir: "Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır... Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80-85 illik yubileylərində dərin məzmunlu çıxışlar, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri böyük öndər Heydər Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsini bir daha göstərir. Düşünülmüş, nizamlı, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan öz çiçəklənmə dövrünü yaşayır və Naxçıvan Muxtar Respublikasının 90 illiyini qeyd edir. Ölkə Prezidenti İlham Əliyev dediyi kimi, "Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən qarşılanır, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyər töhfələr verir".
Naxçıvanın istər memarlığında, istərsə də etnoqrafiyası, adət və ənənələrində mənəvi-əxlaqi həyatında türkçülük, islamçılıq və azərbaycançılıq nəsildən-nəsilə ötürülərək səylə qorunub saxlanılır. Bu diyarda güclü Şərq ruhu, xalq fəlsəfəsini əks etdirən daşlaşmış ehkamlar mövcuddur. Heç bir kənardan gəlmə yenilik onları poza, dağıda bilməz.
Naxçıvanlılarda milli xarakterik mənbələri çox dərindir. Modern avropaçılığı hələ XIX əsrin sonları - XX əsrin önlərində cəsarətlə qəbul etmiş Naxçvan tarixi-ictimai mühiti hər zaman milli yaddaşa, mənəvi-əxlaqi dəyərlərə sadiq qalmış bunu ədəbiyyatda, teatr sənətində, musiqi və rəssamlıqda əks etdirmişdir. Buna yəqinlik hasil etmək üçün Bəhruz Kəngərlinin rəsmlərinə baxmaq, Mirzə Cəlilin hekayə və dramlarını oxumaq, akademik Məmməd Cəfərin ədəbi-tənqidi irsi ilə tanış olmaq kifayətdir. Böyük türkçü Ziya Göyalpın sözləri ilə desək Naxçıvan tarixi "əxlaqi dəyərlər sərgisi"ndən ibarətdir. Tarixdə elmi kimliyini əks etdirən bayram mərasimləri, toy və yas məclisləri ciddi mənəvi-əxlaqi prinsiplərə söykənir. Naxçıvan "Yallı"sı elmi milli-mənəvi birliyini əks etdirən fəlsəfi rəqsdir.
Qədim türk yurdu ulu Naxçıvan da bu gün bütün dünyanı qapamış, qloballaşma-kürəsəllik şəraitində yaşayır. O, qloballaşmanın dünyəvi bəhrələrindən yararlanmaqla bərabər, öz milli-tarixi simasını da qoruyur, əsası Midiyadan, Mannadan başlanan Atabəylər, Şirvanşahlar və Səfəvilərlə zirvələşən, bu gün, iqtisadi-siyasi yüksəlişi ilə bütün sivil dünyanı heyrətdə qoyan Azərbaycan dövlətçilik ənənələrini şərəf və ləyaqətlə qoruyur.