Təhsil naziri Mikayıl Cabbarov "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı təsdiq edib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Yeni qayda "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin müddəalarının Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" ilə ziddiyyət təşkil etdiyi, o cümlədən akademik uğursuzluq və dərslərə davamiyyətə görə tələblərin xaric olunması tələbinin aradan qaldırıldığı nəzərə alınaraq və Nazirlər Kabinetinin "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndi rəhbər tutularaq imzalanıb.
Əmrə əsasən, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilir. Ali təhsil müəssisələrinin rəhbərləri yeni qərarı işdə rəhbər tutmalıdırlar. Elm və ali təhsil şöbəsi əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Yeni qərarla Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi, və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilib.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılıb.