...bəlkə bir daha şeir yazmadım
yazmamağımın min bir nədəni var
bəlkə
min birdən də çox.
minindən biri:
bu dünyadan gedəndə
onları tapşıra biləcəyim
kimsəm yox!!!
ömrün bu çağına gəlib çıxdım ki,
məni ağlayanlar ağlamasınlar
uzanan günlərin içindən çıxıb
açıq gözlərimi bağlamasınlar
allah sevgidənmi yaşatdı məni
yoxsa, bu cəzamı,
dostdan, tanışdan
ayırıb
bir ayrı dünyada oyatdı məni
oyanıb dünyanı yuxulu gördüm
gözümü açmamış
iməkləməmiş
bu qoca dünyanı yıxılı gördüm...
buludundan qorxdum,çayından qorxdum
başımın üstündə fır-fır fırlanan
qarğışından qorxdum, vayından qorxdum
məni sevənlərin sayı azaldı
mənə nə oldusa
döz, dur dedilər
sənin alın yazın bütün olanlar...
bu yazı mənimlə ölsəydi barı,
rahat yaşayardı mənsiz qalanlar...
lll
bu qorxu o tindəymiş
həmən qarşıma çıxdı
çıxıb bir yad gözündən
həmən içimə axdı
mən necə görməmişəm
mən necə kor olmuşam
bu yaşda bu qorxunu
içimə doldurmuşam
ha çabala,ha vuruş
ata bilmərəm onu
heç belə gözləmirdim
mən ömrümün sonunu
yazıq ömrümə yazıq
məni güdürmüş bu şər
atalar düz deyibmiş:
qorxan gözə çöp düşər
lll
gedirsiniz...
kiminizi ürək çökdürür
bir arkadaşın düyün sonrası
bu bəlkə alın yazısı
kiminizi
təzə bir ölüm tərcihi
gedirsiniz...
bu dünyayla tənha buraxıb məni
gedirsiniz...
sizsiz mənim ölümüm
yaraşıqsız olacaq
sizi araya-araya
qapalı gözlərim açıq qalacaq
inanmıram
birinizi tapa bilim
o dünya məkanında
üzümə açılan qapılar
bağlanacaq
ömrün laməkan qapqara dumanında
yuxuları rahatsız edəcəm
ayılanda
gözlərinizdən
qərib-qərib çəkilib gedəcəm
yenidən yuxulara qayıtmağa
qayıdıramsa
demək ki, varam
bu da bir yalan ki
sağam ona görə uydururam...
lll
nəvələrim,
sizi sevməyimə
zəhər qatanlar olacaq
düşünürdüm
oldu...
bu zəhər tavandan axırmış,
liftlə qalxırmış
böyrümdə başımda
fırlanırmış
qan təzyiqindən fırlanan həyatım kimi
sizi sevəcəm unudulmayan bayatı kimi
sizi sevəcəm məndən sonra yaşaya biləcək
şeirlərimin həyatı kimi
məhkumam sizi sevməyə
allah əlini uzat
şəfqət at
içimə...
məni hazırla
içi dolu şəfqətlə ölməyə...
lll
Öləndən sonra,
çox demirəm,
bir azacıq üşüyə bilsəydim
qışda
canım bir azcıq isinsəydi
yayda
öləndən sonra darıxmaya bilsəydim
o tənhalıqda
ah... bir oyana bilsəydim
hər sabah
oyandığım kimi Dan üzü
gəlib öpə bilsəydim
balalarımın üzündən
ruhum bir duman olub
keçsəydi Muğan düzündən
oyana bilsəydim
bir daha ölməzdim, düşünürəm...
lll
oğlum,
bu şeiri yazana qədər
deməsəm də sənə
bilirsən
iki babanı itirmişəm
bir nənəni
dözüm verib allah mənə
özü onları apardığı üçün
ölüm yolunda
neyçin belə fikirlisən neyçin
ətrafındı iki gözəl oğul balan
başının üstündə bir bəlan
amma bu bəla oğul balaların deyil
alın yazın
bir gün səni anlayacaqlar
mən olmasam da o gün
ruhum duyacaq...
yenidən başlayacaq ömrüm...
Tofiq Məhərrəm oğlu Abdin
Tanınmış şair, yazıçı və publisist Tofiq Məhərrəm oğlu Abdin (Tofiq Abdin) 73 yaşında dünyasını dəyişib. Ömrünü qələmə, yaradıcılığa həsr edən T.Abdin oxucuların, sənət dostlarının xatirində yüzlərlə oxunaqlı mətbu yazıları, ədəbi-bədii əsərləri ilə yadda qalıb. Bu nümunələr janr, mövzu rəngarəngliyinə, dil, üslub xüsusiyyətlərinə görə daim diqqəti çəkib, müəllifinə medianın da, ədəbiyyatsevərlərin də rəğbətini qazandırıb.
T.Abdin 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb. Qardaş ölkənin nüfuzlu "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Mərhum uzun müddət "Ədalət" qəzetində də türk ədəbiyyatının təbliği ilə məşğul olub. 2002-ci ildə ona Xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatı təqdim olunub. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
T.Abdin haqq dünyasına onu tanıyanların, qələminə, yaradıcılığına, yüksək insani keyfiyyətlərinə bələd olanların rəğbətini apardı. Azərbaycan Mətbuat Şurası çox illik xidmətləri olan görkəmli qələm sahibimizin vaxtsız vəfatını jurnalistikamız, ümumən Azərbaycanın ictimai fikir cameəsi üçün böyük itki sayır, mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.
Ustad jurnalist və publisist, dəyərli ziyalı, səmimi və mehriban insan Tofiq Abdinin əziz xatirəsi daim yaddaşlarda qalacaq.
Allah rəhmət eləsin.