Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni (hazırda ABŞ-da yaşayan din xadimi) ölkənin daxili işlərinə qarışmamağa çağırıb.
Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Baş nazir qeyd edib: "Xoca [F.Gülən - red.] siyasətə qoşulmaq istəyirsə, bunu demokratik yolla etməlidir". R.T.Ərdoğan əlavə edib ki, F.Gülən doğru olduğuna əmindirsə, ABŞ-dan Türkiyəyə qayıtsın. Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.
Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir. Baş nazir qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: "Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var".
Bütün bunlarla yanaşı, R.T.Ərdoğan ABŞ-ı F.Güləni dəstəkləməkdə günahlandırır.