NAZİM ƏHMƏDLİ: "ÖZÜMÜZDƏN BAŞQA HEÇ KİM HAQ SƏSİMİZİN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASI İSTİQAMƏTİNDƏ İŞ APARMAYACAQ"
"Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandıqdan sonra üçüncü sektorda əməlli-başlı canlanma yarandı. Məhz bu Şuranın maliyyə dəstəyi ilə Azərbaycan qeyri-hökumət təşkilatları əməli fəaliyyətə keçərək, mühüm işlər həyata keçirməyə başladılar. Həqiqətən də Şuranın fəaliyyəti son dərəcə təqdirəlayiqdir. Sevindirici haldır ki, artıq Şuranın fəaliyyəti təkcə Azərbaycanı deyil, xarici ölkələri də əhatə edir".
Bu sözlər "Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr" İctimai Birliyinin sədri Nazim Əhmədliyə məxsusdur. N.Əhmədli Skandinaviya ölkələrində həyata keçirmək istədikləri layihənin QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bəyənildiyini və qalib olduğunu bildirib. Bu layihədən söz açan Birlik sədri bunları qeyd edib: "Torpaqlarımızın 20 faizdən çoxu işğal altındadır və bir milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşlarımız var. Digər qeyri-hökumət təşkilatları kimi biz də Qarabağ həqiqətlərinin, erməni işğalının dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəmizi vermək istədik. Təşkilatımızın adından göründüyü kimi, biz bu işləri Skandinaviya ölkələrində həyata keçirəcəyik. Düzdür, bu sahədə Azərbaycan dövləti öz üzərinə düşən işi layiqincə həyata keçirərək, müxtəlif iri çaplı tədbirlər gerçəkləşdirir. Hesab edirəm ki, biz də qeyri-hökumət təşkilatları olaraq bu məsələdə əlimizdən gələni əsirgəməməli, işğal faktını, erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, həqiqətlərimizin xarici ölkələrdə, xarici universitetlərdə səslənməsi mühüm nəticələrə səbəb ola bilər. Bizim özümüzdən başqa heç kim haqq səsimizin, erməni işğalının dünya ictimaiyyətinə çatdırılması istiqamətində iş aparmayacaq. Təbliğat da bir silahdır. Bu silahdan düzgün istifadə etməliyik. Biz təbliğat aparmaqla erməni vəhşiliklərini ifşa etsək, torpaqlarımızın işğaldan azad olunması istiqamətində böyük nailiyyət əldə edərik. Zənnimcə, bu sahədə qeyri-hökumət təşkilatları nə qədər çox fəaliyyət göstərsə, bu, bir o qədər də effektli olar".
N.Əhmədlinin sözlərinə görə, bu dəfəki tədbirlərinin keçiriləcəyi universitetlərdə Qarabağla bağlı guşələr yaradılaraq, erməni vəhşiliyindən bəhs edən fotosərgi təşkil olunacaq: "Biz bununla yanaşı həmin tədbirlərdə Qarabağdan bəhs edən filmlər, videoyazılar da nümayiş etdirəcəyik. Biz Qarabağla bağlı videoyazıları, filmləri əldə etmək üçün ANS telekanalına müraciət etdik. Eyni zamanda Xarici İşlər Nazirliyinə, Heydər Əliyev Fonduna müraciət edərək Qarabağla bağlı materialları əldə edəcəyik. Bu tədbirlərin effektli olacağını düşünürəm. Eyni zamanda Qarabağla bağlı müəyyən töhfəmizin olacağından çox qürur duyuruq. Sözügedən sahədə tədbirlərimizi gələcəkdə daha da genişləndirməyi planlaşdırırıq".
N.Əhmədli Qarabağla bağlı keçirəcəkləri tədbirlərdə Azərbaycanın və xarici ölkələrin nüfuzlu şəxslərinin, diaspora nümayəndələrinin və digər qonaqların iştirakının nəzərdə tutulduğunu vurğulayıb.
Birlik sədri bununla yanaşı gələcəkdə Skandinaviya ölkələrində mədəniyyət, elm, ədəbiyyat və incəsənət sahəsində də tədbirlər planlaşdırdıqlarını qeyd edib.
O, belə layihələrə dəstək verdiyi üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığını da ifadə edib. Şura sədri Azay Quliyevin çıxışlarında Azərbaycanın təbliği, Qarabağ problemi ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsinə xüsusi önəm vermələri barədə fikirlərini xatırladan N.Əhmədli bu sahəyə diqqət ayrılmasının müsbət yanaşma olduğunu deyib.
AQİL