Azərbaycan Memarlıq və İnşaat Universitetində "Qızıl kəlmə" ədəbi mükafatı laureatı, tanınmış şair Taleh Həmidlə professor, müəllim, tələbə heyətinin görüşü keçirilib. Görüşün aparıcısı - AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı Taleh Həmidin yaradıcılıq yolundan, ta gənclik illərindən bəri onun ədəbi-bədii prosesdə fəal iştirakından söz açıb. M.Qasımlı qeyd edib ki, Taleh Həmid ədəbiyyata ötən əsrin 70-ci illərində gələn ədəbi nəsillərə məxsusdur. O, öz dəst-xətti, yaradıcılıq yolu olan bir şairdir. Gəncliyindən bugünədək ədəbi prosesdə fəal iştirak edir, vaxtilə Respublika Komsomolu mükafatına layiq görülüb, şeirləri qəzet və jurnallarda çap olunub. O, təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında da öz imzası ilə tanınaraq, yaradıcılığı müxtəlif xalqların dillərinə tərcümə olunub, özü isə digər xalqların poeziyasından dilimizə nümunələr tərcümə edib. Şair sanballı poemalar müəllifidir, hələ gənclik illərində yazdığı "Kürün sabahı" poeması o zamankı ədəbi nəsillərin diqqətindən kənar qalmayıb, ədəbi tənqid bu barədə xoş fikirlər söyləyib. O, həm də maraqlı publisist əsərlərin müəllifidir, dörd cildlik seçilmiş əsərləri çap olunub.
Sonra respublikanın tanınmış aktyorları - əməkdar artist Sabir Məmmədov, Nadir Hüseynov, Şəhla Əliqızı, Xalidə Əliməmmədova, Elşən Hacıbabayev şairin şeirlərindən nümunələr oxuyublar. Azərbaycan Mədəniyyət Universitetinin dirijorluq fakültəsinin III kurs tələbəsi Fəridə Məmmədovanın Taleh Həmidin şeirlərinə hazırladığı kompozisiya maraqla dinlənilib.
Taleh Həmid universitetin müəllim və tələbələrinin suallarını cavablandırıb, tələbələr şairin şeirlərini əzbər söyləyiblər.
Sonda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, millət vəkili, professor Gülçöhrə Məmmədova Taleh Həmidin ədəbiyyatımızdakı fəaliyyətindən qısaca söz açaraq, bu cür görüşlərin müəllim və tələbələr üçün son dərəcə böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Şair müəllim və tələbələrlə xatirə şəkilləri çəkdirib.
FİRƏNGİZ