Bu yaxınlarda “Azərbaycan” jurnalının bu il üçün 2-ci sayı işıq üzü görüb. Jurnalın “Poeziya” bölümü Musa Yaqubun şeirləri ilə açılır. Bundan başqa bölümdə Vahid Əziz, Xasay Mehdizadə, Pərviz Axund, Xəqani Həbiboğlu və Mehman Göytəpəlinin şeirləri verilib.
İmdat Avşarın “Ən gözəl ölüm” əsəri də bu nömrədə dərc edilib.
“Azərbaycan” bu dəfə nəsrsevərlərə Nisəbəyimin “Online” fantastik romanının əvvəlini, Qərib Mehdinin “Humanist” povestini və Qəşəm Nəcəfzadənin “Tərəkəmə hekayələri” silsiləsindən nümunələri təqdim edib.
Əlövsət Bəşirlinin jurnalda çap olunan “Zülmətdə məşəl” essesi Füzuli yaradıcılığını əhatə edir.
Xalq yazıçısı Elçinin “Aqoniya”, yoxsa təkamül” yazısında XIX əsr Azərbaycan ədəbiyyatına nəzər salınıb.
Ənvər Yusifoğlunun 100 illik yubileyi münasibətilə jurnalda Vaqif Yusiflinin “Ömrün səhifələri” və Ənvər Yusifoğlunun “İdrakın şöləsi” yazıları işıq üzü görüb.
Dərginin “Tənqid və ədəbiyyatşünaslıq” bölümündə Zəkulla Bayramlının “Heç kim...laf etməsin..” yazısı da çap olunub.
Gülşən Ağabəyin “Poetik yollar, üslublar və meyillərin antologiyası”, Sevinc Kazımovanın “Günəşin qürubu olmayacaq” yazıları jurnalın “Kitablar, rəylər” rubrikasında oxuculara təqdim edilib.
S.ABDULLAYEVA