Sən mənim ömrümdə əsən bir külək,
Sən mənim ağzımda qalan dad kimi...
Sən mənim ağ kölgəmə, yatmış mələk
Sən mənə həm doğma kimi, yad kimi...
Sən mənə can bəxş eləyən bir nəfəs,
Sən dilin altda əriyən həb kimi...
Sən mənim hər bir sözümün cizgisi,
Sən kağız üstündə mürəkkəb kimi...
Sən ki günəşsiz soyuyan bir üfüq,
Sən məni məndən ayıran xətt kimi,
Sən mənə əlçatmaz uzaq bir vətən,
Sən mənə dost-doğmaca qürbət kimi.
Sən gözümün yaşının hər damlası,
Sən suya dön, get, əriyən qar kimi.
Sən beləsən ...., ömrü boyu seyrdə...
Ağlama qarşımda günahkar kimi.
dön suya, ax, get, əriyən qar kimi.
2013
Unut məni , yubanma,
Çıxıb gedim yanından,
Əsər də qalmasın qoy,
Bu sevginin dadından.
Unut məni səhərlər,
Üfüq işıldayanda,
Yavaşca pəncərəndə
Budaq xışıldayanda.
Unut məni günorta,
Külək günü əyəndə,
Divanda halsız-halsız
Kitab vərəqləyəndə.
Unut məni hər axşam,
Sızıltıdan bezəndə,
Durub gedib ərinçün
Mixəkli çay süzəndə...
Unut məni dünən də,
Unut məni bu gün də...
Unut məni, unut, tam.
Səhər... Günorta... Axşam...
2013
O qızın
Saçları bir zülfü-pərişan idi.
Cümlə cahan zülfünə qurban idi.
O qızın...
İndi səliqəylə daranmış başını qar tutur.
Saçlarını sanki qara rəng uduzur,
ağ udur.
Gözləri bir nərgizi-fəttan idi.
Kipriyi sanki iti peykan idi.
O qızın...
İndi daha parlamayır gözləri ulduz kimi.
Kipriyi üstə gözünün yaşı donur buz kimi.
Boy-buxunu sərvi-xuraman idi.
Qamətinə sərv özü heyran idi.
O qızın...
İndi bükübdür belini acı həyat gör necə.
Sanki çəkib ömrü boyu
qəm yükünü gizlicə.
Ləbləri bir qönçeyi-xəndan idi.
Busəsi çox dərdlərə dərman idi.
O qızın...
İndi əsəbdən gecə-gündüz
dodağın çeyniyir.
Eh, bu qədər qayğı ki, var,
al dodağı neyniyir.
Nitqi şirindi, şəkəristan idi.
Hər sözü məna dolu ümman idi.
O qızın.
İndi şikayət dolu sözlər oturub nitqinə.
Axşamacan ah eləmək
adəti olmuş yenə.
Aşiqi bir tazə qəzəlxan idi.
Çəkdiyi ancaq qəmi-hicran idi.
O qızın...
Aşiqinin indi qələm tutmağa yox taqəti.
Neyləsin aşiq, belə gəldi
qədəri-qisməti..
2013
Bir söz de mənə, ey gözü yaşlım,
nəsə bir söz,
Qəlbimdən axan qanımı
bəlkə kəsə bir söz.
Dondurma məni,
istəmirəm ruhum içində
Hər gün üşüyüb titrəyə bir söz,
əsə bir söz.
Bezdirdi sükut, döy ürəyin
pəncərəsin ki
Taqqıltı eşitcək çıxa bəlkə
səsə bir söz.
Susma, de o bir kəlmə sözü,
qoy gecə yarı
Titrək bir işıq tək başım üstə əsə
bir söz.
“Gəl” söylədilər ruha,
gəlib girdi bu cismə
Yoxdur geri yol,
saldı onu məhbəsə bir söz.
Sən Fəhmini susmaqda
günahkarmı sanırsan?
Səndən nə qəbahətdi
əgər gözləsə bir söz.
2013
Mənə bir eşq yükü ver,
Daşıyım,
Bir qələm ver, kağızı
Qaşıyım,
Bir bəyaz ömrüm ola,
Yaşıyım.
Yaşıyım, sonra ölüm...
Simi qaçmış kamanam,
Nə çalım?
Qanadım kəsmə daha,
Ucalım,
Saçıma dən səpələ,
Qocalım...
Qocalım, sonra ölüm..
Yuxudan səslə məni,
Oyanım,
Mənə daş çarpayı ver,
Uzanım,
Qapımı cənnətə aç,
İnanım,
İnanım, sonra ölüm
2013
Mən səni ağlatmaq üçün gəlmədim,
Göz yaşını silmək üçün gəlmişəm.
Qəlbini ovcumda tutub hər səhər
Göylərə yüksəlmək üçün gəlmişəm.
Min günah içrə boğulan qəlbinə
Bir də nəfəs vermək üçün gəlmişəm,
Bu qatı zülmətdə xilas yollarım
Mən qapına sərmək üçün gəlmişəm.
Ruhunu tutmuş bu qara pərdənin
Rəngini soldurmaq üçün gəlmişəm.
Bəsdi daha, taleyə diz çökmə, QALX...
Mən səni qaldırmaq üçün gəlmişəm.
2013
Məni axtar
Əruz üstündə mini-poema
Məni axtar darıxanda
Səni qəm-qüssə sıxanda,
Yorulub sərsəm həyatdan
Gözünün yaşı axanda...
Məni axtarma hər axşam,
Yığışıb şənlik edəndə,
Yenə də barda, kafedə
Ötəri gün keçirəndə...
Məni axtar darıxanda.
Dadı şit qəhqəhələrdən
Bezikib təngə gələndə,
Taparaq nəysə bəhanə
Yenə küncə çəkiləndə.
Məni axtar.
Məni axtar darıxanda.
Bir həzin mahnı səsindən
Qədəhin əldə donanda,
Sürüşüb donmuş əlindən
Düşərək, yerdə sınanda.
Məni axtar.
Məni axtar darıxanda.
Çıxıb hay-küylü salondan
Dayanıb fikrə gedəndə,
Kafenin boş foyesində
Siqaret tüstülədəndə
Məni axtar.
Məni axtar darıxanda
Məni axtar gecəyarı
Yolunu taksi kəsəndə,
Dayanıb yol kənarında
Büzüşüb tir-tir əsəndə.
Məni axtar,
Məni axtar darıxanda.
Küçədə, yolda yağışlar
Sevişəndə, gülüşəndə,
Maşının pəncərəsindən
Üzünə damcı düşəndə,
Məni axtar.
Məni axtar darıxanda.
Məni axtar boş otaqda
Yoluna gölgə çıxanda,
Soyumuş güzgüdə bir qız,
Sənə hiddətlə baxanda.
Məni axtar.
Məni axtar darıxanda.
Məni axtar darıxanda
Səni qəm-qüssə sıxanda.
Yorulub sərsəm həyatdan
Gözünün yaşı axanda.
Məni axtar
Məni axtar darıxanda.
Çıxmaram bircə sözündən
Səni allam yer üzündən,
Çəkərəm mavi səmaya
Öpərəm nəmli gözündən...
2010
Payız çiçəyi
Mən ömrün yazında, sən payızında,
Ümidim kəsmisən, payız çiçəyi.
Sən gərək beş-on il gec doğulaydın
Yaman tələsmisən, payız çiçəyi.
De, kimin qəlbini isidir sevgin
Kimin ocağına köz gətirirsən,
Mən hələ səhərlər dərsə qaçıram,
Sən artıq məktəbə qız gətirirsən.
Sən də bu qapıdan keçmisən bəlkə,
Elə bu sinifdə dərs oxumusan.
Bəlkə bu lövhənin qarşısındaca
Hörük bağlamısan, saç toxumusan.
Görəsən sevgimin gücü çatarmı,
Zamanın gərdişin geri çöndərim,
Yazdığım məhəbbət məktublarını
On beş il əvvəlki sənə göndərim.
Bəlkə də heç zaman bilməyəcəksən,
Bu şeir qəlbimin vida nəğməsi,
Yəqin ki, lal olub susacaq daha
Tələsən eşqimin gecikən səsi.
1999
Harda unutdum
Səhərdən axtarıb gəzirəm,amma
Heç yerdən ətrini ala bilmirəm,
Mən sənin sevgini hara qoymuşam?
Heç cürə yadıma sala bilmirəm.
Fikrim dağılıbdı axır zamanlar,
Sanki gözə gəlib yaddaşım,huşum.
Yəqin keçən həftə bilər yerini,
Ya da keçən aydan səni soruşum.
Unudub qoymuşam bəlkə sevgini
Otelin soyumuş pəncərəsində,
Fikir verməmişəm, yaddan çıxıbdı
Üzümə örtülən qapı səsində,
Gizli görüşlərin bəhanəsində.
Bəlkə yollar oldu məni çaşdıran?
Qatar oğurladı itən sevgimi,
Tələsik düşəndə kupedə qoydum
Oxunub qurtarmış bir kitab kimi?
Mən səni görəsən harda unutdum?
Yağışda itirdim, qarda unutdum?
Nəsə, həyatdı da. Mən bu yaşıma
Kimlərdən, nələrdən doyub gəlmişəm.
Təkcə səni deyil, mən özümü də
Sənli günlərimdə qoyub gəlmişəm.
2013