Oqtay RZA,
Əməkdar müəllim
Əqidən tər-təmiz, çeşmətək duru,
Məramın - "Vətəni sev, yaşat, qoru!"
Ey müdrik atanın oğul söhrəti,
Ey müdrik ananın oğul qüruru!
Enişli, yoxuşlu yollar keçmişik,
Bəzən su yerinə zəhər içmişik;
Sonuncu Yazarlar Qurultayında
Biz səni təzədən sədr seçmişik.
Kömək istəyərək göy qübbəsindən,
Təsəlli alsaq da azan səsindən,
Çoxdur "pay" umanlar "Beşmərtəbəli
ev..."lərin "altıncı mərtəbəsindən".
"Anlamaq..." çarəmi dağ boyda dərdə?
Gah Mirzə Cəlilsən, gah Qorqud Dədə;
Cərgəyə düzülsə bütün Anarlar,
Yoxdur ehtiyacın təxəllüsə də.
Gerçək nağılların "Ağ qoç. Qara qoç",
El-oba söyləyib cəsurlara - qoç.
Torpağa məhəbbət, sənətə qiymət -
Qəlbində əbədi yuva salan borc.
Göyçay mənzərəli, Gəncə gözəldir,
Sevdiyin çiçəklər incə, gözəldir;
Bir antik şairin şah əsərini
Tərcümə etməyin necə gözəldir!
Görürük qızaran, bozaran üzlər,
Hələ cəzasızdır qonşu acgözlər.
Qılıncdan sərt olub daşnakpərəstə
Bir vaxt Kremldə dediyin sözlər.
Bir yanda qar, boran. Bir yanda bürkü.
Təbiət təzadlar sərgisidir ki?!
Qələm inciməsin - qəlyan çəkirsən
Qayğı qatarının artdıqca yükü.
Dost gərək dost ilə çörək, qəm bölə,
Ürəkdən kövrələ, ürəkdən gülə!
Qabilə qoşduğun rübai yəqin
Ömər Xəyyamın da xoşuna gələr...
Əqidən tər-təmiz, çeşmətək duru,
Məramın - "Vətəni sev, yaşat, qoru!"
Ey müdrik atanın oğul söhrəti,
Ey müdrik ananın oğul qüruru!