HOKKULAR
Əlləri o qədər zərifdi ki,
Ürək üzmək olar bu əllərlə,
Çiçək yox!
lll
Qar üstə töküldü
Saralmış yarpaqlar,
Atam yadıma düşdü.
lll
Bir vaxt ayağıma batan tikanlar
İndi ürəyimin
başından çıxır.
lll
Nə qədər gücsüzmüş insan,
Vaxt gəlir
Ölmək də gəlmir əlindən.
lll
Səni düşünəndə Aya baxıram,
Səntək əlçatmazdı
O da.
lll
Yol gəldik bir-birimizə doğru,
Ömür boyu,
Nə yol bitəndi, nə ömür.
lll
Dünya qadına bənzəyir
Gözəl və vəfasız
lll
Məni dəfn edəndə ağa bükməyin
Ağ gün görməmişəm
Bu dünyada mən.
lll
Mən kimə lazımam,
Nəyə lazımam
Ölümdən savayı.
lll
Güzgü verin mənə
Son anımda
Vidalaşım özümlə
lll
Aylı gecə
Saralmış yarpaqlar-
Yadıma sən düşürsən, ata.
lll
Üzümü ağardan
Qaralmış vərəqlər
Bakirə fikirlər.
lll
Mən səndən uzaqlarda
Sən Mənim yanımda.
lll
Məndən vəfalıdır
Eşqim dünyada
Öləndə səninlə qoşa öləcək.
lll
Təqvimin vərəqləri
İllərin
Yarpaqlarıdır.
lll
Təbiətin səhvi -
Çiçəklərin solmağı,
Gözəllərin qocalmağı.
lll
Əllərimin baharı
Tellərinə
Sığal çəkəndə gəlir.
lll
Barmaqların pianino dilləridir
Çalır
"Ayrılıq" havası...
lll
Mən indi bildim
Gözlərim
Sənə baxmaq üçünmüş.
lll
Qaranlıqda yada düşən
Çıraq kimiyəm-
Qurumuş dağ çayı.
lll
İnsan
Əbədi olsaydı
Sevgi olmazdı.
lll
Bu qədər genişdir dünya
Getməyə
Yerim yox.
lll
Yazıb deyə bilmədiklərim
Doğulmayan
Körpələrim...
lll
Dərilməmiş çiçəklər
Deyilməmiş
Sözlər kimidir.
lll
Tütəkmi sevgisinə ağlayır
Yoxsa
Tütək çalanmı?
lll
Bulaqlar çaylara,
Çaylar dənizlərə tələsir-
Ömür-ölümə.
lll
Damla dənizə düşdü, -
- Oyyy... Mən
Necə də böyüyəm, - dedi.
lll
Şeir yazılanda
Çiçəkləyir
Vərəqlər.
lll
Yağır yaz yağışı,
Sinəmdə
Söz çiçəkləyir.
lll
Ruhum göylərdə gəzəcəksə-
Niyə sürünürdüm
Torpaqlarda...
lll
Qar-dağlara yağır-
Mən
Üşüyürəm.
lll
Niyə qorxum ölümdən
Yerim
Vətən torpağı.
lll
Gül-torpaqda-
Göz-dodaqda
Həy
at.
lll
-Günəşi mənə ver
-Günəş hamınındır, bala
Hamımızın bircə günəşi var.
lll
Dünyaya sığmadığından
Qəfəsə saldılar
Ürəyi.
lll
Atadan, anadan,
qohum-qardaşdan
Bizə vəfalı
Başdaşımız.
lll
ÜLVİ BÜNYADZADƏYƏ
Yaşadıq-öldük
Biz öz yerimizə
Sən - Vətənin!
lll
Bıçaq tək kəsərli ol,
Qaşıq tək ağızdan-ağıza
Girmə.
lll
Xəzan yarpaqlarını
Oxuyur külək
Sənə yazdığım məktublar kimi.
lll
Vətən!
Səni ürəyimdə apardığımdan
Mən görə bilmədim sərhədlərini.
lll
Məktub içində
Qurumuş bənövşə
Unudulmuş sevginin ətri.
lll
Uzaqlar çox yaxın,
Yaxınlar çox uzaq
Sevgi kimi.
lll
Necəsən -
Bizi öldürə-öldük
Yaşayan sevgi.
lll
Şuşadan qayıdanda
Gördüm sinəmdə
Döyünmür ürəyim...
lll
Yuvadan boylanan quşcuğaza bax
İnanmır dünyanın böyüklüyünə
Ayrılığa və ölümə.
lll
Vətəni
Çox sevdiyimizdəndir ki,
Kömülürük qoynuna.
lll
Səhər-axşama hamilədir
Axşam səhərə -
Ölüm və həyat.
lll
Ay işığı,
Ot basmış cığır-
Sevgi xatirələri.
lll
Qadın-
Övlad bitirən
Vətəndir.
lll
Uşaq evi-
Ögey ana,
Ögey ata.
lll
Arılar
Vətən deyə oxuyur
Çiçəklər Vətən qoxuyur.
lll
Gəlib keçəcəyəm küçənizdən
Məni tanısa da
Tanımasa da.
lll
Mən necə gözələm-
Dedi güzgü-
Hamı mənə baxır...
lll
Bülbül
Qəfəsdə bildi
Azadlığın qiymətini.
lll
Bir işıq gəlir uzaqdan,
Lap uzaqdan
Ümid.