Novruz bayramı və istirahət günlərində (20-27-mart tarixlərində) gücləndirilmiş iş rejimində fəaliyyət göstərən təcili yardım stansiyasının həkimləri vətəndaşlar tərəfindən müxtəlif təzyiqlərə, təhqirlərə məruz qalıblar.
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib. O bildirib ki, bayram günlərində təcili yardım həkimləri əhali tərəfindən xoşagəlməz hadisələrlə qarşılaşıblar. Z. Vahidovanın sözlərinə görə, bayram günlərində poliklinikalar işləmədiyindən bütün güc təcili yardımın üzərinə düşüb. Heç bir çağırışdan imtina edilmədiyi halda onlara qarşı xoşagəlməz hadisələr olduğunu deyən həkim vurğulayıb ki, bununla bağlı polis bölmələrinə məlumat verilib: “Bayram günlərində ümumilikdə 5 hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həkimlər tərəfindən şikayət ərizələri yazılıb. Həkimlərə iş başında təzyiqlər olduğu üçün bu barədə polislə yanaşı Səhiyyə Nazirliyinə də məlumat verilib”.
Z. Vahidova qeyd edib ki, ilk təhqirlərə məruz qalma faktı Səbail rayonunda qeydə alınıb. Onun sözlərinə görə, təcili yardım çağıran sərxoş bir şəxs həkim içəri girən kimi onu hədələyərək “sənin başını ayağımın altına qoyub kəsəcəm”, deyib: “Həkim çağırış yerindən bizə müraciət edib və əraziyə polisə göndərilib”.
Başqa bir hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, vətəndaş bütün həkimlər çağırışda olduğu halda stansiyaya gələrək həkim istəyib. Stansiya əməkdaşları da bütün həkimlərin ərazidə olduğunu və ünvanı söyləməsini istəyiblər. Bundan sonra o, stansiyada şüşələri sındırıb. Bu barədə polisə məlumat verilib və həmin şəxs oradan aparılıb.
Digər hadisə Hüseyn Cavid prospektində qeydə alınıb: “Həmin ərazidə yaşayan Rauf adlı şəxs 1 həftədir bizim həkimləri təhqir edir. Bayram günündə isə ərazidə çağırışda olan həkimə qarşı təzyiq göstərib”.
Xətai rayonunda baş verən hadisə zamanı çağırış yerinə gedən tibb işçisinin ağzından vurub dişini sındırıblar: “Deyiblər ki, çağırış hamilə qadınla bağlıdır, niyə kişi həkim gəlib? Bütün bu hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.
Z. Vahidova onu da deyib ki, martın 22-dən 23-nə keçən gecə saat 4 radələrində “İnşaatçılar” prospektində təcili yardım maşını çağırış ünvanına çatanda arxadan başqa bir “Cip” markalı maşın tərəfindən vurulub. Sürücü maşınla hadisə yerindən qaçıb, avtomobildə olan 2 qadın xəsarət alıb. Hadisə nəticəsində təcili yardım əməkdaşı kəllə-beyin travması alıb: “Təcili əməliyyat olunan orta tibb işçisi bu vaxta kimi koma vəziyyətindədir. Təcili yardım maşının sürücüsünün isə burnu sınıb, üzərində əməliyyat aparıblar”.