Pərvinin “Qar yağacaq” hekayəsi Bolqarıstanın “Rosiya seqodnya” qəzetində rus dilində çapdan çıxıb. Gənc yazarı rusdilli Bolqar oxucularına təqdim edən şairə Nataliya Yermenkova hekayəyə “Qarla gələn Yaz” adlı kiçik önsöz də yazıb.
Qeyd edək ki, ötən il həmin qəzetdə Nataliya Yermenkova Pərvinin “Samir üçün” hekayəsini oxuculara təqdim edərək onun haqqında “Qəlbi isidən Ulduz” essesini yazmışdı. Müəllif adıçəkilən essedə Pərvinlə Moskvada “Xaricdə Yaşayan Yazıçılar” Forumunda tanışlığından söz açaraq gənc yazıçının hekayələri barədə fikirlərini bölüşmüşdü. Bu nömrədə Pərvinin “Qar yağacaq” hekayəsini təqdim edən şairə yazır: “Keçən dəfə mən Pərvinlə tanışlığımın tarixçəsindən də, Qadınlığın bu gözəl nümayəndəsi ilə yaş və çox güman ki mədəniyyət fərqlərimizə baxmayaraq bir-birimizi yarım sözdən anlamağımızdan da ətraflı söz açmışdım. Və əsl Həqiqət budur ki, heç bir fərq yoxdur. Həyat mövqelərimiz, qadın talelərimiz, ədəbi zövqlərimiz çox bənzərdir. Bir də bir-birimizlə yazışmaq və ünsiyyət qurmaq istəyimiz eynidir. Və bu bir daha onu göstərir ki, biz hamımız eyni Dünyanın övladlarıyıq. Pərvinin zərif, təmtəraqdan uzaq, amma eyni zamanda müdrik hekayələri də bunu deyir! Oxucuları bu cür gözəl və istedadlı yazıçının yaradıcılığı ilə təkbətək qoyuram...”
Qeyd edək ki, “Qar yağacaq” hekayəsini rus dilinə müəllif özü tərcümə edib.