|
|
|
|
Azərbaycan Respublikası Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Qanunvericiliyə görə belədir. Ancaq Hesablama Palatası ölkəmizdə daha çox dövlət büdcəsi layihəsinə rəy verən, eyni zamanda, dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirən orqan kimi tanınır.
Azərbaycan Respublikasının Konstitutsiyasının 92-ci maddəsində (Azərbaycan Respublikası Milli Məslisinin işinin təşkili) yazılır: “Azərbaycan Respublikası Milli Məclisi öz iş qaydasının müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, daimi və başqa komissiyalar təşkil edir, Hesablama Palatası yaradır.”
Hesablama Palatasının hüquqi statusu bu maddə və 2 iyul 1999-cu ildə qəbul edilmiş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunda əksini tapıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri Hesablama Palatasının fəaliyyətinin səmərəliliyinin artırılması, müstəqilliyinin möhkəmləndirilməsi, işinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Avropa İttifaqının Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən “İctimai maliyyə vəsaitlərinə səmərəli nəzarət” layihəsi çərçivəsində Palatanın fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının hüquqi ekspertizasını aparıb, bu aktların INTOSAİ–nin (Ali Audit Orqanlarının Beynəlxalqı Təşkilatı) 1977-ci ildə Lima (Peru) şəhərində keçirilən IX konqresində qəbul etdiyi bəyannamənin tələblərinə uyğunluğunu nəzərdən keçirib.
Bundan əlavə, uyğun ölkə təcrübəsi kontesktində Ukrayna və Rusiyanın Hesablama Palatalarının fəaliyyətlərini tənzimləyən hüquqi və normativ aktların müqayisəli ekspertizası həyata keçirilib, mütərəqqi ölkə qanunvericiliyi kontekstində Avropa Birliyi Hesablama Palatasının hüquqi bazası araşdırılıb. Mərkəz Hesablama Palatasının fəaliyyətinə dair millət vəkilləri arasında dərinləşdirilmiş müsahibə də keçirib.
Mərkəzin apardığı araşdırmalar zamanı əldə edilmiş tapıntılar əsasında Hesablama Palatasının hüquqi əsaslarının və fəaliyyətinin bir neçə istiqamət üzrə təkmilləşdirilməsini təklif edib. Mərkəzin ekspertlərinin rəyinə görə, Lima bəyannaməsinə müvafiq olaraq Hesablama Platasının, onun üzvlərinin müstəqilliyinin zəruri səviyyəsi Azərbaycan Respublikası Konstitutsiyasında təsbit olunmalıdır. Lima bəyannaməsinə görə, Ali Audit Qurumunun müstəqilliyinin Konstitusiya və qanunla təsbit edilməsi bu orqana hətta parlamentin nümayəndəsi kimi çıxış etdiyi və sonuncunun göstərişi ilə yoxlama keçirdiyi hallarda da yüksək dərəcəli təşəbbüslə və muxtariyyətlə işləməyə imkan verir. Ali Audit Qurumu ilə parlament arasında olan qarşılıqlı münasibətlərə dair müddəalar Azərbaycan Respublikası Konstitusiya ilə müəyyən edilməlidir. Həmçinin, Hesablama Palatasının əsas audit səlahiyyətləri Konstitusiya ilə təsbit olunmalıdır.
Ekspertlər hesab edirlər ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununda Hesablama Palatasının dövlət büdcəsinin icrası, dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərclərinin, eyni zamanda büdcədənkənar dövlət fondlarının auditi sahəsində funksiyaları geniş təsvir olunmalı, büdcə prosesində Hesablama Palatasının iştirakı bu qanunla reqlamentləşdirilməlidir. Eyni zamanda, “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununda dövlət orqanlarının daxili audit xidmətləri ilə Hesablama Palatası arasında münasibətləri tənzimləyən normalar əlavə edilməldir.
Mərkəz “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə (Hesablama Palatasının əsas funksiyaları) aşağıdakı funksiyaları əlavə etməyi zəruri sayır: Azərbaycan Respublikasının daxili və xarici borclarına, iqtisadi, tədqiqat və texniki, sosial və mədəni inkişaf və ətraf mühitin mühafizəsi üzrə həyata keçirilən milli proqramların maliyyələşdirilməsinə, dövlət büdcəsi hesabına xarici ölkələrə iqtisadi yardım edilməsi və borc vəsaitinin verilməsinin qanuniliyinə nəzarət.
Adıçəkilən qanunda Hesablama Palatasının sədrinin, onun müavinlərinin və auditorlarının seçim prosedurlarının və fəaliyyətinin təkmilləşdirilməsi (sədrin 2 dəfə ardıcıl seçildikdən sonra 3-cü dəfə namizədliyinin irəli sürülməsi hüququnun məhdudlaşdırılması, aduitorların namizədliklərinin irəli sürülməsində parlament azlığına hüquqların verilməsi, maraqlar konfliktinin yaranmasının məhdudlaşdıırlması), onların sosial- tibbi sığorta ilə təminatı və işdən azad edilməsi ilə bağlı yeni normaların daxil edilməsi də səsləndirilən təkliflər sırasındadır.
Mərkəzin ekspertləri hesab edirlər ki, Palatanın rəyində icmal büdcənin əsas parametrləri ilə yanaşı yalnız növbəti ilin deyil, həmçinin orta müddətli dövrdə büdcə sisteminin təhlili verilməli, dövlət büdcə prosesinin mərhələrər üzrə qiymətləndirilməsi aparılmalı və Palataının rəyində xüsusi olaraq nəticə və təkliflər bölməsi olmalıdır.
Mərkəzin Milli Məclisin 10 üzvü arasında dərinləşdirilmiş müsahibə keçirməkdə məqsədi Hesablama Palatasının illik hesabatının parlamentdə müzakirəsinin qənaətbəxşlilik dərəcəsini, Palatanın sərbəstliyinin yetərli olub-olmamasını, auditorların fəaliyyətinin şəffaflıq vəziyyətini quymətləndirməklə yanaşı, millət vəkillərinin Palatanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini öyrənmək olub. Millət vəkillərinin 4 nəfəri Hesablama Palatasının illik hesabatını kifayət qədər geniş və əhatəli olduğunu bildirsə də, digərləri hesabatları “qismən geniş və əhatəli” kimi xarakterizə edib. Onların fikrincə, Palata bəzən konkret təkliflərlə çıxış etmir, ayrı-ayrı nazirliklərin fəaliyyətini fərdi formada yox, ümumi şəkildə hesabatda əks etdirir.
Rəyi soruşulan millət vəkillərinin əksəriyyəri Palatanın İş Planının təkmilləşdirilməsi, səlahiyyətlərinin artırılması, İş Planının formalaşmasında millət vəkillərinin təkliflərinin nəzərə alınması vacibliyini vurğulayıblar. Onların verdikləri təkliflərə görə, Palata müstəqil və təcrübəli mütəxəsislərdən təşkil olunmalı, büdcə ilə bağlı ildə bir dəfə formal xarakterli hesabatlar yox, xüsusi təyinatlı, müstəqil araşdırmalar keçirməli və mövcud büdcə idarəçiliyində problemlərin həlli ilə bağlı deputatlarla müzakirələr aparmalıdır. Bundan əlavə, büdcə ilə bağlı təkliflərin sayı və keyfiyyəti yüksəldilməli, Palatanın səlahiyyətləri artırılmalı və səlahiyyətlərin imkan verdiyi çərçivədə yoxlamaların intensivliyi artırmalıdır. Millət vəkilləri ictimai nəzarət mexanizmlərin yaradılmasının, yoxlama aparan və hesabat hazırlayan işçi qrupunda parlamentdə təmsil olunan müxtəlif siyasi partiyaların nümayəndələrinin təmsil olunmasının vacibliyini vurğulayıblar.
Samirə QULİYEVA