|
|
|
|
Vaxt vardı,
eşqimiz dünyaya sığmırdı...
Vaxt vardı,
Üfüqlərdən yelləncək asıb
yellənmək istəyirdik...
İndi kimsə, pəncərə arxasında
qəmli- qəmli oxuyur:
“...əvvəl bir- birimizi itirdik,
sonra da üfüqləri”.
14.02.2014
Səndən sonra yaz gələ,
badam ağacları çiçəkləyə...
Sən onları görməyəsən.
Həyətdəki gömgöy dirrikdən
şanapipiyin səsi gələ,
o səsdən yeddi arxadönəninin
nəfəsini duymayasan...
Səndən sonra yaz gələ,
bir may səhəri
ayılıb görələr ki,
evdə, sən yatan yerdə
lalələr bitib başdan- başa.
Kimsə deyə ki,
yəqin, ürəyində qalan arzularıdır...
Yox, ola bilməz,
Allah razı olmaz
bu haqsızlığa...
Yəqin, mən nə vaxtsa,
dünyanın harasındasa,
təzədən doğulacağam.
20.01.2014
Nə məni tanıyırsan,
nə də yerimi.
Ancaq bilirəm,
tez- tez olmasa da,
yadına düşürəm hərdən.
Bilirəm, mənə
kömək əlini uzatmaq istəyirsən.
Bəlkə də, ara- sıra, xəyalında
mənimlə çörək də yeyirsən.
Bilirəm, heç vaxt
üz- üzə gələn deyilik.
Narahat olma, elə bil ki,
mənə kömək etmisən yüz kərə.
Sağ ol, var ol,
mənə yaxşılıq etmək istədiyinə görə.
25.01.2014
Gözəl bir yaz günü ola,
İçərişəhərin yanından
trolleybusa minib,
üzüyuxarı qalxasan.
Yolun hər iki tərəfi
sıra- sıra yasəmən ağacı ola.
Görəsən ki, trolleybusda
yanaşı əyləşiblər
Nigar xanımla Rəsul Rza.
Başlarına da
bir dəstə məktəbli yığılıb.
Yol boyu yasəmən ətri vura
onların şirin söhbətini...
Gözəl bir yaz günü ola,
gül- çiçəkli bir çəməndə,
görəsən ki,
iki cavan gəlir ağ köynəkdə.
Baxasan ki,
biri Mikayıl Müşfiqdi,
biri də Əli Kərim...
Gözəl bir yaz günü ola,
qırmızı “İkarus”da
Şuşanın dolama yollarını qalxasan,
radiodan da Səxavətin səsi gələ...
Gözəl bir yaz günü ola,
balalarını götürüb kəndə gedəsən.
Həyətdəki tut ağacının altında
samovar qaynaya.
Birdən darvaza açıla,
görəsən ki, gələn atandır.
Oğlun tez soruşa səndən:
– Ata, o gələn kişi kimdi?
– Babandı, deyib kövrələsən.
Gözəl bir yaz günü ola...
Ay dadi- bidad!
Birdən fikirdən ayılasan.
Görəsən ki,
kənddəki həyətdə, oğlunla dayanıb,
işıq məftilinə qonub oxuyan
qaranquşlara baxırsan bayaqdan.
20.01.2014
Tofiq Abdini xatırlarkən
Sentyabrın tən ortasında,
həyətimizdəki dörd şam ağacını
– elə, mən yaşda olardılar-
kəsib uzatdılar yerə.
Hərəsinin də budağında
üç- dörd quş yuvası.
Dedim, o quşların başına
hava gələr yəqin o axşam...
Yadımdadı, bir şənbə günü,
Sarının kafesinə tərəf gedirdik-
sən, mən, Adilxan.
Necə oldusa,
bunları danışdım sənə...
Birinci badədən sonra,
gördüm, gözlərin yaşarıb.
Qayıtdın ki, Qorxmaz,
gərək o ağac söhbətini
deməyəydin mənə...
O gün sevdim səni,
o gün köçdün ürəyimə,
yaşarmış gözlərinlə.
13.03.2014
Bu yağmurlu payız günü,
gövdəsi düyün- düyün,
bu tənha, qoca qarağac
nə qədər xoşbəxt görünür,İlahi!
Neçə belə
yağmurlu payız günü,
durna səsinə diksinib, yerindən olub
bu tənha qarağac.
Amma yazığı gəlib
bu kimsəsiz çölə-
tək qoymaq istəməyib onu.
İndi, bu yağmurlu payız günü,
bu tənha, qoca qarağac
Sevincindən, az qala,
qucaqlamaq istəyir Yeri, Göyü.
Sevinir ki, nə yaxşı, bir vaxtlar ,
qoşulub durnalara, uçub getməyib.
01.11.2013
Anatoli Banişevskinin
xatirəsinə
O gün “Gənclik”dən,
stadionun yanından keçirdim.
Qulağıma səs gəldi,
tribunalar qışqırırdı:
“Tolik! Tolik!”
Gördüm top səndədir,
yel kimi gedirsən
rəqib qapısına doğru,
ürəyimiz də arxanca,
gözlərimiz də sənin
işıqda bərq vuran
qızıl başında...
13.02.2014
Şamxal Rüstəmə
Dünən gecə,
Yesenin gəlmişdi yuxuma
Sevincimdən bilmədim neynim.
Düşündüm ki, “525- ci qəzet”in
sonuncu şənbə sayında
şeirlərimi oxuyub yəqin.
Bir xeyli susdu,
sonra başdan- ayağa süzüb məni
kədərli- kədərli dilləndi:
“O zəhrimar “Xan” arağını içmə,
Vallah, öldürəcək səni”.
20.01.2014
Yadımdadı, səhər tezdən
bacı-qardaşlarımla
düzülərdik əsgərlər kimi
ocağın qırağında.
Hərəmizin əlində
içi doğranmış çörəklə dolu
sarı çuqun qab.
Qara mis qazandakı
süd qaynayan kimi,
qablarımız uzanardı
anama sarı.
Qaynar süd hopanda
quru çörəyin canına,
daha da çox istəyərdik
anamızı...
Hərdən kəndə gedirəm,
heyf ki, indi nə anam var,
nə qara mis qazan,
nə də o süd...
18.02.2014
Balaca olanda,
Novruz bayramı gecəsi,
eyvanda təkcə durub,
kəndimizin yamacındakı
qəbristanlığa baxardım.
Elə bilərdim ki, o gecə,
babam qalxıb məzarından
evimizə sarı boylanır.
Görəndə ki,
işıq yanır eyvanımızda,
üzü gülür, rahat olur,
sonra da qayıdır ...
20.02.2014
“Alim” adlı bəndən var, İlahi!
Onu yaxşı tanıyırsan.
Səni çox sevir,
Səninlə nəfəs alır,bilirsən.
Amma muğam oxuyanda,
səsi zilə qalxanda,
səninlə bizim aramızdakı
nəhəng, qalın pərdə tərpənir.
H
ərdən qorxuram ki,
o pərdə aralana-
dünyanın sehri itib-gedə,
yaşamaq zülm ola...
İlahi, rəhm sal onun ürəyinə,
qoy daha oxumasın.
22.02.2014
Uralda-əsgərlikdə olaydım.
Bir gün evdən, içi kəndlə dolu,
kök bir məktub alaydım.
Kövrələydim, mənsiz keçən
Aqilin toyuna.
O gecə yuxu görəydim yenə.
Görəydim ki,
Aqilin toyunda oynayıram
əsgər paltarında.
03.02.2014
Kənddəki evimizdəyəm...
Həmin köhnə həyət, kirəmitli ev...
Bir vaxtlar anamın çörək bişirdiyi,
şirəsi tökülmüş ocaq...
Çəpərin dibində pas atan sacayaq...
Sütuna vurulmuş
üçhaçalı maral buynuzu-
babamdan qalan son yadigar.
Dalanın böyründən boylanan,
anamın böyük sacı...
Kauçuk qablar arasında
sıxılan mis qazan...
Samana həsrət samanlıqda
atılıb qalmış əlcəksiz dəryaz.
Bir də, həyəti dolaşan
ata-anamın nigaran ruhu...
Bir də...doqqazın ağzındakı mağazadan
qayıdan qardaşımın səsi:
“Təzə çörəklə sosiska almışam,
yol gəlmisən, gəl, bir tikə çörək ye”...
Sonra... sonra da qonşu oğlanın
əl telefonundan gələn meyxana səsi...
16.09. 2013