Yazıçı qəribəliyi, yazılarının isə qeyri-adiliyi, deyim tərzi, xüsusi üslubu ilə başqalarından seçilir. Oxucular da fərqli olurlar. Adam var ruhu oxşayan, zərif duyğuları əks etdirən əsərləri, başqaları vahiməli, şiddətli, bəziləri həyatın dibini göstərən çirkabları izləməkdən zövq alır. Bunların hamısı ədəbiyyatda ona görə var ki, yazıçı həyatı, bədii dildə olsa da, olduğu kimi qələmə alır. Bəzən də arzuladığı kimi... Bəs görəsən hansı yaxşıdı? -Oxucunu arxasınca pessimistliyə, ölümə sürükləmək, yoxsa qaranlıqda belə onun yoluna bir işıq salmaq? Tənqidçi Vaqif Yusifli də yazılarında həmişə o işığı vurğulayıb. Bəlkə elə buna görə də onun imzası olan yazıları xüsusi zövqlə oxumaqdan doymuram. Bunları yazmağımın bir səbəbi var axı, daha doğrusu səbəbkarı. Bu bir insan, bir yazıçı kimi qəlbən hörmət bəslədiyim Aqil Abbasdı. Əsərlərindən könlümə işıq düşən bu müəllifin qəhrəmanları həmişə böyük bir məna ilə gülümsəyib üzümə. Fəqət həyat onların üzünə gülümsəməyib. Elə real həyatda olduğu kimi...
...Adlı-sanlı yazıçılar tanıyıram ki, ədəbdən kənar, kobud şəkildə ifadə etdikləri cılız, insanlığa yaraşmayan fikirlərini elə vurğulayırlari, sanki ədəbiyyatda inqilab ediblər. Amma bir oxucu kimi düşünürəm yaxşı yazıçı insanın mənəvi dünyasında inqilab edəndi, onu iyrəndirən yox!... Aqil müəllimin əsərlərində isə elə incə məqamlar, elə mənəvi məsələlər qəlbə toxunur ki, onlara bugünkü kitab bolluğunda çox az rast gəlmək olar. Aqil Abbasın bir sözü var yadımdan çıxmır, həmişə "mənasız adamlar", deyə təəssüflənir. Elə ona görə də onun qəhrəmanları mənalı yaşamağı, qısa bir ömür olsa da dəyərli həyat sürməyi daha üstün tuturlar.
...Bəzən insanın özündən çox onun əməlləri, əsərləri, gördüyü işlər görünür. Aqil müəllim də belədi. Onun necə xeyirxah bir insan olduğunu yəqin çoxları yaxşı bilir. Bəlkə yaxşılıq etdiyi adamları görsə indi tanımaz, yadına düşməz. Amma məni bu yazını yazmağa sövq edən də bu deyil. Onun əsərlərindəki o incə, qəlbi titrədən məqamlardı, çoxlarının unutduğu insani keyfiyyətlərdi, mənəviyyatdı, ruhun gözəlliyidi, haqdı, ədalətdi... Hələ onun yaşadığı və qələmə aldığı Yurd ağrısından danışmıram. Yəqin "Dolu" bir film kimi də çox söz söylədi, həqiqəti car çəkdi...
Aqil müəllimin bir yazıçı kimi elə zərif, saf ürəyi var ki, bunu onun əsərlərindən hiss edirsən, bəlkə real həyatda başqa təsir bağışlayır... Özünü əsərlərindən əvvəl tanısam da onu yazılarından daha yaxşı tanıdım. O, əsərlərindəki qəhrəmanlardan biri kimi görünən müəllifdi. Bəzən elə bilmişəm o ürək yanğısı ilə danışan obraz Aqil müəllimin səsi ilə danışır. Sözün qısası, bir oxucu qənaəti ilə deyə bilərəm ki, özü ilə sözü bir olan adamdı, Aqil müəllim.
Yəqin elə bu misraları da o düşüncə ilə yazmışam:
Gözləri çöl çiçəkləri,
Üzü gülər,könlü qəmli.
O bir gəzən dağ kimidi-
Başı qarlı, dizi qanlı...
Hər adam duymur Vətəni.
Onuntək kim əzizləyər
Bir didərgin bənövşəni?
Könlümün gözünü ovub.
Mükafat, rütbə alan çox-
Qaçqını qapıdan qovub.
Atam, səni unutmadım.
Sən də mənə bir Vətənsən,
Vətən, səni unutmadım...
...Bəzən də Aqil müəllimin oxucunun əhvalını dəyişən elə yumoristik dönəmləri olur ki, göz yaşı içində gülümsəyirsən. Elə həyatda olduğu kimi...
Yazıçı var, irihəcmli əsərlərində bəlkə nəsə tapmaq olur, yazı xatirinə qələmə aldığı kiçik ölçülü yazılarını oxuyanda isə lap təəssüf edirsən. Ötən il Aqil Abbasın nisbətən kiçik həcmli, özü də çoxdan qələmə aldığı əsərlərindən də oxudum və böyük zövq aldım. Yazının, əsərin böyük olması şərt deyil ki, əsas məna böyük olsun. Oxucu üçün də bu maraqlıdı...
...Bir də bunu düşünürəm ki, hər kəsin Sizin kimi ayrıca, özünəməxsus gözəl bir dünyası olmur, Aqil müəllim. Nə yaxşı,varsınız!
Mina RƏŞİD
Redaksiyadan: Dəyərli yazıçımız Aqil Abbası doğum günü münasibətilə "525"çilər də təbrik edir, ona can sağlığı, yeni uğurlar arzulayır.