|
|
|
|
ORXAN MANSURZADƏ: "SƏSLƏNDİRİLƏN FİKİRLƏR HƏQİQƏTDƏN UZAQDIR"
Qəzetimizin dünənki sayında Qubadlı Rayon Polis Şöbəsinin sabiq sahə inspektoru, istefada olan polis kapitanı Ramiz Şamxalovun məktubu əsasında "Keçmiş polis zabiti qanunsuz çıxarıldığını iddia edir" adlı yazı dərc olunmuşdu.
Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sözügedən şəxsin səsləndirdiyi fikirlərin həqiqətdən uzaq olduğunu vurğulayaraq bildirib ki, R.Şamxalov bu yolla diqqəti özünə cəlb etməklə guya hüquqlarının pozulması və təzyiqlərə məruz qalması haqda yanlış rəy formalaşdırmağa çalışır: "Ramiz Şamxalovun daxili işlər orqanlarından qanunsuz xaric olunması və digər bu kimi iddiaları böhtan xarakterlidir. Bu şəxs 1991-ci ildən çalışdığı Qubadlı RPŞ-nin, yaxud məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərilə profilaktik işlər aparmaq üçün ezam edildiyi Abşeron RPŞ-nin rəhbərliyi barədə dəfələrlə ən yüksək instansiyalara yalan və böhtan xarakterli şikayətlər göndərməklə də tanınıb. Sabiq polis kapitanının daxili işlər orqanlarından qovulmasının kökündə onun bir əməkdaş kimi, vəzifəsinə səhlənkar yanaşması, xidməti qəbahətlərə yol verməsi, intizamsızlığı, rəhbər vəzifəli şəxslərin haqlı iradlarından, aldığı intizam cəzalarından ciddi nəticə çıxarmaması durur. Belə ki, Ramiz Şamxalov DİN-nin müvafiq əmrinə əsasən Abşeron rayonu ərazisində məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərlə profilaktik işlər aparmaq üçün Abşeron RPŞ-nə ezam edildiyi 6 ay müddətində üzürsüz səbəbdən dəfələrlə xidməti təlimatlarda iştirak etməyib. Edilən haqlı iradlardan nəticə çıxarmadığına, "DİO əməkdaşlarının Etik Davranış” və "İntizam Nizamnaməsi"nin müvafiq bəndlərinin tələblərini pozduğuna görə, ona Abşeron RPŞ-nin 24 may 2012-ci il tarixli əmri ilə töhmət verilib. Qubadlı RPŞ-nin dislokasiya olunduğu Füzuli rayonunun Arayatlı kəndində ötən ilin yanvar ayının sonlarında xidmət aparmalı olduğu halda R.Şamxalov postu özbaşına tərk edib, şöbənin orta rəis heyəti yığıncağında bu məsələyə baxılaraq ona şiddətli töhmət elan olunub. Qardaşları Müzəffər və Azər Şamxalovların əvvəllər dəfələrlə məhkum olunmalarına baxmayaraq Ramiz Şamxalov faktı gizlədib, bu barədə şöbə rəhbərliyinə heç bir məlumat verməyib, "DİO-da xidmətkeçmə haqqında Əsasnamə"nin və "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin tələblərini kobud surətdə pozub, bununla da onun xidmətdə qalıb-qalmaması məsələsinə attestasiya qaydasında baxılması üçün tam qanuni əsaslar yaranıb. Ötən ilin iyununda Yerli Attestasiya Komissiyasında toplanmış materiallar əsasında Nazirliyin Mərkəzi Attestasiya Komissiyası R.Şamxalov barəsində "xidmətə tam yararsız olması" barədə rəy çıxarıb, DİN-nin 19 avqust 2013-cü il tarixli əmrinə əsasən o, DİO-dan xaric edilib və onun yenidən sahə inspektoru vəzifəsinə qaytarılmasından söhbət belə gedə bilməz".
O.Mansurzadə bildirib ki, təqaüddə olan bütün əməkdaşlar kimi, Ramiz Şamxalov da dövlətdən hər ay pensiya alır və onun gündəlik xərclərini ödəmək üçün heç bir vəsaitinin olmaması barədə dedikləri də həqiqətdən uzaqdır. Qeyd olunmalıdır ki, övladlarından ayrı yaşayan R.Şamxalovun iki uşağı hazırda dövlət ali təhsil müəssisələrində, o cümlədən oğlu Polis Akademiyasında təhsil alır".