Əziz Atam
Atam İsmayıl Hümbət oğlu, "Qurani-Kərimi"
oxuyaraq haqqın dərgahına qovuşdu
Sən köçəndən bu fənada arxasızam əziz Atam,
Sənin kamil ömrünü mən gərək yazam əziz Atam.
Sənə doğru can atıram, fəqət sənə yetməyirəm,
Yazı yazan belə yazıb, necə pozam əziz Atam...
Ərşi, gürşü titrədirəm Allah verən fitrətimlə,
Nə yazığam, atasızam,anasızam əziz Atam...
Könlün elə gözəl seçdi anam kimi anamı var?!!!
Qeyri ana anam olsa mənasızam əziz Atam
Sizdən sonra Yaradanın ən sevimli bəndəsiyəm,
Qeyrətimdir, namusumdur məsum cəzam əziz Atam...
Dünya varı yığmaq üçün işləməyir beynim şükür,
Al günəşəm, hilal ayam, bahar, yazam əziz Atam...
Sən bir umman, mən bir damla səni necə vəsf eləyim?!!
Sən türk-Azər, mənsə tənha türk oğuzam əziz Atam...
Qeyri türklər türk oğuzu anlamayır axı neyçün?
Taleyimmi nəs gətirib, bumu qəzam əziz Atam?
Məndə Yusif gözəlliyi, məndə İsa nəfəsi var,
Süleymandan hökmü güclü, ömrü azam əziz Atam.
Mayan halal, südün halal halallığın cəmi idin,
Savalanın, Şah dağınam, Kür-Arazam əziz Atam...
Təbrizimi paytaxt seçib olsam bütöv Azərbaycan!
Qəbrin üstdə can da versəm kefi sazam əziz Atam!
Fəzailin fəzlin ilə Turanını quranındır!
Quran ilə sinə dəftər, tən-tarazam əziz Atam!
Böyük oğlum Hümbətlə söhbətim
Oğlum, imdadına daim haqq çatsın
Səndəki saflığa vurulmuşam mən
Atan daha coşqun təblə yaratsın
Sanma ahıllaşıb, yorulmuşam mən.
Əyrini düz kəsmiş, kəsəcək ancaq,
Bu ömrü sanmayaq oyun- oyuncaq,
Gəl qatı zülmətdə qoşa nur saçaq
Şir bürcündənik biz, şir olmuşam mən.
Nələr görməyibdir, gözlərim nələr..,
Bunu bəndə deyil, bir Allah bilər,
Uydurmaram köpükləmiş kəlmələr-
Çalxanıb ümman tək durulmuşam mən.
Sən babam Hümbətin adaşı oldun,
Atam İsmayılın sirdaşı oldun,
Əslimin, nəslimin yaddaşı oldun
Təməlindən möhkəm qurulmuşam mən.
Amansız həyatda ciddi ol hər an,
Təslim idrakına yer- göy, asiman,
Tarix bizdən sərt götürür imtahan,
Hər çətin sınaqda doğrulmuşam mən.
Allahlıdır könlümün eşqi, həvəsi,
Allahlıdır dost, həmdəmi, hər kəsi,
Ovulmazdır mənliyimin nüvəsi,
Təpədən dırnağa nur olmuşam mən.
Birdir toxuma da, nüvə də, gen də
Sənin tək çılğındım gənclikdə mən də
Mən ata, sən oğul, sən məndən öndə
Uğrundan şadlanıb var olmuşam mən.
Atan haqdan yanır, alışır, oğlum!
Onunla dağ-dəniz danışır, oğlum!
Bəşər hümmət olub barışır, oğlum!
Misri tək qanından sıyrılmışam mən.
Açıq söylə böyük qardaş sözünü,
Toğrulumun aç həyata gözünü,
Gülövşəmin qüssəsiz gör üzünü,
Ayağın altında yer olmuşam mən.
Atan könüllərə çoxdan köçübdü,
Ölçən ölçüb, biçən gözəl biçibdi
Sizi mənə Allah övlad seçibdi,
Adəmdən- Xatəmə sirr olmuşam mən
Söz sərrafı dönməz heç vaxt acizə,
Bağlanmışam qeybdən gələn haqq səsə,
Fəzail, son sözü, di söylə kəsə,
Israfil çaldığı Sur olmuşam mən!
Övladlarım
Vəsiyyət də bir yüngüllükdür..
Atalar sözü
Adım rəhmətlə anılar,
Axır- güman övladlarım
Anım qərinə şanılar,
Uçur zaman övladlarım.
Nə nisgil, nə hicran olun,
Üç ürəkdə bir can olun,
Vahid Azərbaycan olun!
Könlü ümman övladlarım!
Bir haqqı uca sayın siz,
Alnı açıq yaşayın siz,
Atanıza oxşayın siz,
Hər vaxt, hər an övladlarım.
Elm, helm zənginlikdir,
Əbədi bir ənginlikdir,
Bu dünyası beş günlükdür-
Bilmir İran övladlarım.
Haqq önündə üzü ağam,
Cövhə
ri sağ, sözü sağam,
Ölümdən də çox uzağam
Mənəm Turan övladlarım.
Bəlli deyil köçmək vədəm,
Əcəl camın içmək vədəm,
Fəzailəm fəzilətəm,
Fəzlim Quran övladlarım.