|
|
|
|
Gənc yazar Sahilə İbrahimovanın ikinci kitabı işıq üzü görüb.
525.az-ın məlumatına görə, “Qanun” nəşrlər evində çap olunan kitab “Yuxarı və aşağı ətraflar” adlanır.
Sahilə İbrahimova kitaba daxil olan əsərlərdən biri - “Məhv edilmiş xilaskarlar”ın Əfqanıstana göndərilmiş Sovet casusunun həyatından bəhs etdiyini deyib. Əsgər adlı casus döyüşlərin birində ağır yaralanır. Ərini ölümün caynağından qoparıb almaq onun həyat yoldaşı üçün əsl ölüm-dirim mübarizəsinə çevrilir. Əri ölərsə, dünyanın ən yaxşı insanlarından birini, qəhrəmanını itirəcəyini düşünür qadın...
“Yuxarı və aşağı ətraflar” adlı qısa romanda təsadüfən 3 kasıb və 3 varlı dost üz-üzə gəlir. Yeni evlilər - varlı oğlan Sahiblə kasıb qız Xanzadə mənzillərində ölü tapılanda sual sual üstünə gəlir. Xanzadənin uşaqlıq dostları Zeyni və Gün əsər boyu ölümlərin səbəblərini tapmağa çalışırlar. Nə baş verib - təsadüfi qaz zəhərlənməsi, intihar, yoxsa qəsdən adamöldürmə?
Gənc yazar kitabın imza gününün şənbə günü "Park Bulvar"dakı "Əli və Nino" kitab mağazasının qarşısında keçiriləcəyini bildirdi.
Tədbir saat 14:00-da başlanacaq. Maraqlananlar dəvətlidir.