|
|
|
|
Hava əhvalıma oxşayırdı. Tutqun və bir o qədər boğunuq. Yağış yağacaqdı. İri addımlarla evə tələsəndə məni qəribə bir həyəcan bürümüşdü. Yoldan qayıtmağı xoşlamasam da bunu edirdim. Çünki bu gün onu oxumağa başlamalıydım. Neçə gündü gözümə ilişən o kitabı deyirəm...
Ağlım kəsəndən, daha doğrusu sual verməyi öyrənəndən bəri atamdan tez-tez cənnət və cəhənnəm haqqında soruşurdum . Əlbəttə, bu məchul məkanlar haqqında da ilk dəfə atamdan eşitmişdim. Onda anlamışdım əslində ölümün nə olduğunu. Niyə olduğunu hələ də başa düşməsəm. Bəlkə də qəbul etmək istəmirəm bu qanunu. Və heç vaxt düşünməmişdim cənnətdən yuxarıda olanlar haqqında. Uşaqlıqda mənə elə gəlirdi ki, cənnətdən o tərəf yoxdu. Allah da günahsızları orda gözləyir.
İşə gecikməyimə baxmayaraq qayıdıb yadımdan çıxan kitabı götürdüm evdən. Tən ortadan açdım və oxuduğum ilk cümlə bu oldu. "Oğlu dünyaya gələndə ana elə sevinirdi ki, özünü dünyanın bəxtəvəri sandı". Bu, Təranə Vahidin "Cəza" hekayəsindən idi... Sonra hava kimi ciyərlərimə çəkdim hekayəni. O hekayədə elə bir cəzadan söz açılırdı ki... Cəhənnəm əzabı budu dedim yəqin... Qarşıdakı günlərdə də üzüləcəkdim... Bir az yolda, bir az evdə, işdə vaxt tapan kimi oxuyacaqdım bu kitabı...
Əslində yazarın hər bir əsəri, kitabı onun övladıdı... Amma insan övladından fərqli olaraq o yazıçının özünə bənzəyir zəmanəsinə yox. Mən hekayələri oxuduqca Təranəni tanıyırdım... daha doğrusu kəşf edirdim... Həssaslığın rənglərini görürdüm bu xanımda.
Kitabın 11-ci səhifəsində "İntihar"la qarşılaşdım... Necə ki xəbər portallarında tez-tez rast gəlirəm bu sözə. Amma Təranə Vahidin hekayəsi insanın ürəyini sıxmır, əksinə həyatın başqa tərəflərindən xəbər verirdi. Özünü bataqlıqda belə hiss eləsən mütləq uzanan bir əl olacaq həm də heç ummadığın anda. Axşam düşmüşdü və mən yenə yoldaydım. Əlimdə doğmama çevrilən kitab, beynimdə sayını itirdiyim fikirlər və oxumaq arzusu... Növbəti səhifəni açdım. Qışın qaranlıq soyuğunda oturduğum yerdə "Qırmızı quyu" ya düşdüm. Burda "azad ölkənin qulları" ilə rastlaşdım... Səlim və Səliməni tanıdım.Tanımaz olaydım... Oxumaz olaydım bu hekayəni. Əhvalatın sonluğu beynimdə elə bir lövbər saldı ki günlərlə kitaba yaxın dura bilmədim. Çünki bu hekayənin məndə oyatdığı acı, amma gerçək təəssüratlardan ayrılmaq istəmirdim. "...Yol boyunca əvvəlcə anasını, sonra uşaqlarını, ərini çağırdı. Bu gün marketə gedəcəyini, bazarlıq edəcəyini evlərinə ilk dəfə belə böyük pul aparacağını söylədi... Yol uzanırdı. Səlimə bu dar macalda Allahın ətəyindən tutub heç olmasa babalarını ona tapşırmaq istəyirdi. Demək istəyirdi ki, ey dünyanın sahibi niyə bəndələrini tərk etmisən, onsuz da aşağılarda heç kim heç kimin səsini eşitmir, bəs yuxarıya nə olub, xətt işləmir.? Tanrı susurdu". Bütün bunları Səlimə pəncərəsini sildiyi on birinci mərtəbədən yerə doğru getdiyi sonuncu yolda fikirləşmişdi. Əgər belə olmasaydı zəhmətinin müqabilində aldığı 50 manatla evinin ehtiyaclarını alacaqdı... Çoxumuzun çabaladığı bu "qırmızı quyu"dan bir müddət çıxa bilmədim...
Vətənin içində vətənsizlik yaşamaq... Doğrular pozulub əvəzində bu yazılıb alnımıza. Bu mövzu Təranə Vahidin ürəyinin sarı simidi... Tək Təranəninmi? Sənin, mənim, hamımızın... Yazarın "Tapılmayan torpaq" hekayəsində ortaq dərdimizi tapdım... Anamın Vətən həsrəti yadıma düşdü... Mən bu həsrətin içində böyüyən biriyəm. Mən üzünü xatırlamadığım nənəmi eyni dərdə görə itirən biriyəm. Bu hekayənin qəhrəmanı da doğma yerlərdən bir ovuc torpaq istəyirdi gözlərinin üstünə səpilməyə. Elə mənim nənəm də... Və hələ də o bir ovuc torpağı tapa bilməmişik. Elə bu pəjmurdə, doluxsunmuş duyğuların içində növbəti səhifəni açdım. "Müharibə Nənəm və itən vaxt" hekayəsi gözlərimə zilləndi... Baxışlarım neçə dəfə sıxıldı , neçə dəfə kədər boğazımda düyünləndi bilmədim... Bildiyim o idi ki mən Vətən dərdindən itirdiyim doğmalarımın, müharibədə şəhid olan əzizlərimin narahat ruhları ilə qarşılaşırdım hər cümlədə... Mən nənəm üçün darıxırdım... "Nənəm o köçdən sonra çox yaşamadı. Dərdini götürüb heç kimlə halallaşmadan çıxıb getdi. İllər keçdikcə hər gün köç bir az da seyrəkləşir. "Çaşqın köç" tablosu isə ürəyimin divarından elə asılıb ki, axşam - səhər yolum köçün içindən, köç içimdən keçir".
"Qərib gül" - həssaslığın gül ətrini duydum bu hekayədə... Vətənindən uzaq düşmüş Çin qızılgülünün dərd yüklü həyatına Təranənin vahid bir baxışını gördüm. "Qərib gül"ün qoxusunu yaddaşıma alıb oxumağa davam etdim. Hələ kitabı yarılamamışdım. Amma gün çoxdan axşam olmuşdu... "Vağzaldakı qarı" ilə rastlaşanda özümü yeni fırtınalara hazır hiss etmədiyimin fərqinə vardım. Hə, onun hər bir hekayəsi fırtınaya bənzəyirdi... İnsan duyğu və düşüncələrini yerindən oynadan, bəzən alt-üst edən, bəzən isə bir-birinə vuran, amma sonunda günəşli bir səma altında sakitləşməyə imkan verən bir fırtınaya. Elə hava da yavaş-yavaş sakitləşməyə başlayırdı. Üzü yaza gedirdik ... 156 səhifəlik bir kitab 156 fəsil yaşatdı mənə. "Cənnətdən yuxarı" adlı hekayəni oxuyanda isə sadəcə silkələndim... Bu hekayədən heç bir nümunə gətirməyəcəm. Zəhmət çəkib kitabı alıb oxuyun, oxuyun bu essseni.
Olumdan ölümə getdiyimiz bu səfərdə o qədər yollar keçir və keçməkdəyik ki... Sonunu bilə-bilə yaşamaqdayıq. Bu fikirlərin içində bir düşüncə də beynimdə qətiləşdi . Qalın-qalın kitablara sığmayan insan psixologiyasını bir neçə cümlə ilə verə bilmək Təranənin qələminin və ürəyinin gücündən xəbər verir. "Yol" essesində cənnətlə cəhənnəmin arasında qaldım sanki ... Mən yolda qaldım ... Mən bu ktabı sevdim ... "Cənnətdən yuxarı"da ən son oxuduğum isə yazıçı -dramaturq Əli Əmirlinin ön sözü oldu ... və fikirlərimizin üst-üstə düşməsinin sevincini yaşadım. "Təranə Vahidin hekayələri gözəl şeir kimidir, onları dəfələrlə oxuya bilərsən, hər oxunuşda da fikrin ifadə tərzinin təzə-tərliyindən, duyğuların dərinliyindən, təbiiliyindən hədsiz zövq ala bilərsən ". Qələminə qüvvət Təranə!..