Vətən, hey!..
Anamın uzalı əli,
Yanağımdan süzülən inci seli,
Alışan, quruyan dilim- Vətən, hey!..
İçimdə ağla sən,
Yolları bağlı sən.
Bakının bürküsü-
Canımın ürküsü,
Gözlərimin mürgüsü,
Dərdimə bax?!
Getməyə yerim yox,
Vətən, hey!..
Adına bağla məni,
Qəlbində saxla məni...
Dərdimi tərpətdin
"Bir ev qoyub gəlmişəm-
açarları cibimdə.
Açarla oynayıram-
çadırların dibində".
Əbülfət Mədətoğlu.
Nə olar, Əbülfət,
sən şeir yazma!
Yazdıqca dərdlərim
üzümə durur.
Gedə bilmədiyim
O yollar ki var
Aşılmaz dağ kimi
Gözümə durur.
Anam da qoynunda
açar gətirdi.
Məni dərdlərinə
Naçar gətirdi.
Necə də sevirdi
elin,obasın,
Sonunda qisməti
köçkünlük oldu.
Alışa bilmədi
O bu həyata!
Əlləri hər şeydən
üzülü getdi.
Sanıram, bəlkə də
küsülü getdi.
Anamdan nişanə
qalan o açar
Qəlbimi talayan
Yağıya döndü.
Deyə bilmədiyim
Sirrim, sözüm var
Sinəmə dərd yığan
ağıya döndü.
Ey Vətən
Çoxdan itirdiyim o sevdalı quş,
Tapıbdı ruhumu, səndən oxuyur.
Daha mənlik deyil o dağ, o yoxuş,
Ömür çeşnisini qəmdən toxuyur.
Vətənsiz yaşamaq varmış qədərdə,
Səngiməz tufanlar uçur başımdan.
Mənə ömrüm boyu yarmış kədər də,
Özgənin baharı keçir qışımdan.
Bu qəriblik hər zərbədən betərdi,
Haqqın nəfəsinə yollar açıla.
Öz içimdə hey çəkirəm bu dərdi,
Nə ola boynuma qollar açıla.
Vətən oğlu nərə çəkə qoşuna,
Hər kəs gedib obasına buluna.
Əlim dəyə ana yurdun daşına,
Sığal çəkəm tikanına, koluna.
Şöhrətinə kim qalxacaq, qoy olsun!
Təltifini kim alacaq, sözüm yox.
Yurd yerində büsat olsun, toy olsun,
Bu dünyadan umduğum yox, gözüm yox.
Yollarının tozu olum, ey Vətən!
Bazarçayı, Göbəkdaşı görüm mən.
Qızın olum, yazın olum, ey Vətən!
El-obanı, yar-yoldaşı görüm mən.
Çəkdim
Könlümə dərmandı Vətən havası,
Qərib günlərimi saymaqdan çəkdim.
İçimlə çölümün düşüb davası,
Dözümdən, səbirdən-doymaqdan çəkdim.
Ha boylanaq ömrümüzdən ötənə,
Xəbər çatmır dadımıızdan yetənə,
Yollar bağlı o dağlara- Vətənə,
Sar tutmuş obadan, oymaqdan çəkdim.
Ruhumu çəkib aparan o yurddu,
Həsrət məni ayaq üstə qurutdu,
İlk nəfəsim, son sözüm də Uruddu,
Dərdimi qələmlə yaymaqdan çəkdim.
lll
Ötən illər çox dostumu ələdi,
Xəlbirdə qalanlara dəyməliyəm.
Ömrüm-günüm bir xiffətə bələndi.
İndən belə yaşa boyun əyməliyəm.
Bir günümə tən gəlməyən bəyazlıq,
Öz yolunu saçlarıma salıbdı.
Nə Arazdı, nə Kürdü, nə dənizdi.
Mənim gözüm bir bulaqda qalıbdı.
Qışa doğru
Hüsnünü dəyişir dünya,
Yazım qaçır qışa doğru.
Mənimlə əyişir dünya,
İlim qaçır yaşa doğru.
Ad bizimdi, dad özgənin,
Ocaq yanır, od özgənin,
Hava mənim, ud özgənin,
Çalınır gərdişə doğru.
Şərəfsizlik xoşa gəlir,
İş başına naşı gəlir,
Qurd qoyunla qoşa gəlir,
Öz qapazım başa doğru.
Karvanın dəvəsi bəlli,
Sarvanın həvəsi bəlli,
Bu dəhşət əbədi bəlli,
Çarpışmalar boşa doğru.
Ağrı-acı əllidəndi,
Bu xəbər bağrımı dəldi,
Xəyalıma nələr gəldi,
Könül getdi huşa doğru.
Qul olalım, arkadaş...
"Haqqı axtardım,qəbrini tapdım"
Baba Pünhan
Haqqın çatana da əlin yetişməz,
Ən gözəl arzular qaxaca dönüb.
Rüşvətxora xəzinə də bəs etməz,
Tamahın vicdanı beşikdən sönüb.
Vətən kabinetdi, vətən maşındı,
Ailən salamatdı, aləm xar olsun.
Ölülər danışdı, diri daşındı,
Təki çiynindəki başin var olsun.
Bu dünya əzəldən nəf dünyasıdı,
Söz atıb pul tutmaq adətə dönüb.
Elə yaranışdan kəf dünyasıdı,
Qul vurub, qul tutmaq adətə dönüb.
Qul olalım, arkadaş!
Qula bəxtlər verilib.
Qolu zəncirdə, könlü azad solanlar
Bil, tarixin arxivinə çevrilib.
Kafası boş, cibi dolu olanlar
Qolumuzu burdular,
Sinəmizdən vurdular.
Qul olalım, arkadaş!
Qula taxtlar qurulub!
Özgə havalar
Sinənə sıxdığın tardı, kamandı,
Bəs niyə çaldığın özgə havadı?
Dilində məramın sülhdü, imandı,
Doğma ocağında bu nə davadı?
Pencəyin düyməsin, şalın saçağın,
Oynada-oynada lallaşana bax.
Bəzəkli kabinetdə-küncün-bucağın,
Vətənə bənzədib kallaşana bax.
"Gedir yal davası, sümük davası",
Necə söyləmisən, bunu şairim?
İştahlar dəyişib, yal yada düşmür,
İtləri aldatmır sümük havası.
Milçək olan yerdə bal yada düşmür.
Çatlayan qəlbimin sözü yuxarı,
Sağ əllə sol əli öldürür zaman,
Çayların axarı üzü yuxarı,
Haqlıya haqsızı güldürür zaman.
lll
Soyadım bu, adım bu,
Sanımla əlləşirəm.
Qohumum bu yadım bu,
Qonumla əlləşirəm.
Vətən gülü saralan,
Yollarını sar alan,
Bu ağrıdan qaralan
Qanımla əlləşirəm.
Ha getdim ön çatmadı,
Səs batdı, ün çatmadı,
İlə də ün çatmadı,
Anımla əlləşirəm.
Düz söz qaldı dəliyə,
Təltif, addı ölüyə,
Şöhrət özü məliyə ,
Sonumla əlləşirəm.
Gənclik uçdu quş kimi,
Gözdən axan yaş kimi,
Qocalıqdı qış kimi,.
Canımla əlləşirəm.