|
|
|
|
Yazıçılar Birliyinin “Natəvan” klubunda “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının 10 illiyinə həsr edilmiş tədbir keçirilib. Yubiley tədbirinin aparıcısı, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova “Luç” assosiasiyasının strukturu və fəaliyyəti barədə qısa məlumat verib: “Bu ictimai təşkilatın yaradılmasının təşəbbüsçülərindən biri Azərbaycan Rus İcmasıdır.
Mövcud olduğu 10 il ərzində “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası respublikanın yaradıcı insanlarını – Bakı universitetlərinin rus dili və ədəbiyyatı kafedralarında çalışan ədəbiyyatşünas və dilçiləri, rusdilli dövri nəşrlərin jurnalistlərini, həvəskar və ya peşəkar səviyyədə ədəbi yaradıcılıqla məşğul olan insanları sıx birləşdirmək, Azərbaycanda rus dilini qoruyub saxlamaq və inkişaf etdirmək istiqamətində böyük və səmərəli iş aparıb. Assosiasiyanın fəaliyyəti çoxşaxəlidir. O, Azərbaycan Yazıçılar Birliyi və “Rossotrudniçestvo” agentliyi ilə sıx əlaqə saxlayır, Rusiya ilə Azərbaycan arasında ədəbi əlaqələri inkişaf etdirir, rusdilli yazıçıları və ölkəmizdə rus dilinin inkişafını dəstəkləyir”.
Assosiasiyanın katibi Marina Mürsəlova 10 il ərzində Assosiasiyada görülmüş iş haqqında məruzə ilə çıxış edib: “ “Luç” Assosiasiyası müntəzəm olaraq dünya, Azərbaycan və rus ədəbiyyatının korifeylərinin yubileylərinə həsr edilmiş tədbirlər, rus dili və ədəbiyyatı üzrə ustad dərsləri, beynəlxalq ədəbi müsabiqələr keçirir. Assosiasiya indiyə qədər 30 nəsr, poeziya və publisistika antologiyası nəşr etmişdir. Onlardan biri rusiyalı, ikisi gürcüstanlı müəlliflərlə şərikli tərtib olunub. Assosiasiya üzvlərinin qüvvəsi ilə professor Həsən Quliyevin kitabları və ssenariləri əsasında dörd sənədli film çəkilib: “Əsəd bəy”, “Qarabağ: şahidin dedikləri”, “Əsəd bəyin (Qurban Səidin) həyat və yaradıcılığı”, “Taleyin hökmü”.
Assosiasiyanın öz internet saytı vardır www.luch-az.com. Hazırda assosiasiyanın Azərbaycanda 50 üzvü, xarici ölkələrdə daha 50 üzvü var. Yubiley tədbirinin təntənəli hissəsində Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin “Luç” Assosiasiyasının sədri, professor Həsən Quliyevə Fyodor Dostoyevski medalı, Xalq yazıçısı Çingiz Abdullayevə və yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovaya Lev Tolstoy medalı təqdim edib”. Sonra “Luç” assosiasiyasının üzvlərinə fəxri fərmanlar, assosiasiyanın layihələrinin həyata keçirilməsinə kömək və dəstək göstərmiş şəxslərə – Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxinə, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisova, Rus İcması sədrinin müavini Boris Voroninə, Gəncədə və regionda Rus İcmasının sədri Valeri Kozinə, “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanova, Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Eldar İsmayılova təşəkkürnamələr təqdim edilib. Tədbir çərçivəsində “Ən yaxşı hekayə” beynəlxalq müsabiqəsinin yekunlarına əsasən buraxılmış 30-cu hekayələr məcmuəsinin təqdimatı da keçirilib. Bu məcmuədən seçilmiş üç ən yaxşı hekayə Yazıçılar Birliyi ilə razılaşdırılmaqla bu ilin sonuna qədər “Literaturnıy Azerbaydjan” jurnalında dərc ediləcək. “Zemlya yedina” adlanan nəsr, publisistika və poeziya antologiyasına 8 ölkədən 98 müəllifin ən yaxşı əsərləri daxil edilib. Müsabiqənin yekunlarına əsasən birinci yeri “Yuzik əmisinin qoltuq ağaclarını necə yedi” hekayəsinin müəllifi Enar Hacıyev (Azərbaycan), ikinci yeri “Eynilə atasına oxşayır” hekayəsinin müəllifi Şirməmməd Nəzərli (Azərbaycan), üçüncü yeri “Qaçqın pelmeni” hekayəsinin müəllifi Boris Qrebelnikov (Ukrayna) tutub.
S.ABDULLAYEVA