AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
XX əsrin axırlarında dünyada siyasi, iqtisadi-sosial sahələrdə baş verən qlobal dəyişikliklər sonrakı ictimai proseslərə yeni elmi-nəzəri baxışlar, yeni təşkilati-idarəetmə formaları, yeni innovativ düşüncə tərzi və üsulları, yeni metodologiyalar gətirdi.
Həyat səviyyəsinin kateqoriyası təkrar istehsal və istehlakla bağlı olan və necə, hansı səviyyədə həyata keçirildiyini xarakterizə etmək üçün istifadə edilən anlayışdır ki, insanın fiziki, sosial və mənəvi tələbatlarının ödənilməsi dərəcəsini ifadə edir. Kifayət qədər mürəkkəb, çoxşaxəli iqtisadi və sosial münasibətlər sistemi olan, daim təkmilləşmə tələb edən həyat səviyyəsi qanunauyğun olaraq mikro, makro və qlobal səviyyəyə bölünür. Qloballaşmanın mahiyyəti ictimai-iqtisadi, sosial həyatın bütün sahələrində baş verən real proseslər kimi xarakterizə edilir və fəaliyyət dairəsi genişlənir.
Müasir iqtisadi ədəbiyyatlarda XIX əsrin ortalarından XXI əsrə qədər baş verən yeni mərhələdə "iqtisadi qloballaşma", "təsərrüfat həyatının beynəlmiləlləşdirilməsi", "beynəlxalq inteqrasiya", "beynəlxalq iqtisadi əməkdaşlıq" və s. kimi anlayışlardan geniş istifadə olunur. İqtisadiyyatın formalaşdığı, proseslərin, problemlərin qoyuluşu, həlli məsələləri yeni qlobal, siyasi, iqtisadi-sosial mərhələyə qədəm qoyub. Dünya iqtisadiyyatının dəyişmə sürəti, mahiyyəti, məkanca yeni-yeni ölkələrin proseslərə cəlb edilməsi əvvəlki problemlərin qoyuluşu və həlli yollarından keyfiyyətcə fərqlənir. Qloballaşma dünya iqtisadiyyatının keyfiyyətcə tam yeni halıdır, müxtəlif mahiyyət kəsb etməklə yanaşı sosial siyasətin ana xəttini formalaşdırır.
Dövlətin sosial siyasətinin kəmiyyət və keyfiyyət tərəfi, əhali gəlirlərinin maddi əsası kimi çıxış edir və iqtisadiyyatın tipindən asılı olmayaraq, ölkə vətəndaşlarının real gəlirləri, həyat səviyyəsi və inkişafı birbaşa əmtəə və xidmətlər istehsalı səviyyəsi ilə müəyyən olunur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib ki, gələcəkdə kənd təsərrüfatının inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu sahəyə maksimum dərəcədə diqqət göstərməliyik. Bu, həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial məsələdir. Çünki Azərbaycan əhalisinin demək olar ki, yarısı kənd təsərrüfatı bölgələrində yaşayır. Təhlükəsizlik, iqtisadi və sosial məsələlər ilk əvvəl önəmli istiqamət olan maddi istehsaldan keçir. Azərbaycanda maddi istehsalın sahə quruluşunun təkmilləşmiş istiqamətində aparılan tədbirlər, sərəncamlar, fərmanların qəbul edilməsi bu istiqamətdə yeni müəssisələrin işə salınması və istehsalın genişləndirilməsinə kömək edir. Bu proseslər durmadan genişlənir, sistematik məqsədyönlü xarakter alır.
Kənd təsərrüfatı, aqrar sahənin inkişafı ilə yanaşı perspektivdə başlıca məsələ sosial-iqtisadi problemlərin həlli üçün sənaye siyasətinin formalaşdırılması və onunla bağlı problemlərin uzlaşdırılması, regionların təbii ehtiyatlardan tam və səmərəli istifadə etməsidir. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Proqramın hazırlanması və həyata keçirilməsi iqtisadiyyatımız üçün modern yanaşma mərhələsi olmalıdır.
Qeyd etmək lazımdır ki, maddi istehsalın, xidmət sahələrinin strukturunun hərtərəfli formalaşması və regionlar üzrə tarazlı, təbii resurslara uyğun sistemləşməsi, müstəqil Azərbaycan iqtisadiyyatının xarakterini diktə edən zərurətdir.
Azərbaycanda ixtisaslaşdırılmış regionlarda azad iqtisadi zonaların (AİZ) yaradılması üçün əlverişli coğrafi-nəqliyyat potensialı, zəngin xammal ehtiyatları, əlverişli təbii-iqlim şəraiti, məhsuldar torpaq sahələri mövcuddur. Azərbaycanın bir sıra regionlarında texniki-iqtisadi bazaya malik emal sənayesi, istehsal sahələri və infrastruktura obyektləri, elmi potensial və ixtisaslı kadr ehtiyatı mövcuddur. Xammalın hazır məhsula qədər istehsal prosesinin, onun infrastrukturunun yaradılması regionlarda ixtisaslı kadr hazırlığına, onun sosial-iqtisadi nəticələrinə müsbət təsir edən önəmli amillərdəndir.
Müasir bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin daima yaxşılaşdırılması prosesi kifayət qədər mürəkkəb və çoxşaxəli siyasi sosial-iqtisadi münasibətlər sistemidir. Əhalinin həyat səviyyəsi əhatə dairəsinə görə mikro, makro və qlobal səviyyələrə bölünür.
Azərbaycan Prezidenti İ.Əliyev deyib: "... İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olunmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik".
Artıq 20 ildən çoxdur ki, Azərbaycan Respublikasının xarici siyasəti, xarici iqtisadi əlaqələrin formalaşması dünyada gedən qloballaşma geosiyasətinin tələblərinə, beynəlxalq strukturların tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Müasir qloballaşan dünyada xarici iqtisadi əlaqələri idxal-ixrac, investisiyalar qoyuluşu, elmi texniki-texnoloji əməkdaşlıq, birgə-birbaşa təsərrüfat əlaqələrinin formalaşması və təkmilləşdirilməsi, valyuta-maliyyə əlaqələrinə nəzarət və konkret məqsədyönlülüyünün dərinləşdirilməsi kimi mürəkkəb proseslərin dövlət tərəfindən tənzimlənməsi eyni zamanda daxili sosial-iqtisadi problemin həlli istiqamətində həyata keçirilir.
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın müzakirəsi zamanı İ.Əliyev deyib: "İndi Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Əlbəttə ki, Azərbaycanda və xüsusilə rayonlarda bu sahədə ixtisaslaşma getməlidir... Bütövlükdə gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir. Respublikada sənayeləşmənin sürətli inkişafı üçün ilk növbədə kiçik, orta sahibkarlığın sistemli, məqsədəuyğun formalaşması mühüm problemdir".
Sahibkarlıq sahələrinin inkişafında vergi sisteminin mühüm iqtisadi, istiqamətverici, qarşılıqlı tərəfdaşlıq əsasında qurulması sahibkarlığın səmərəliliyinin yüksəldilməsinin mühüm amilidir. İnsan kapitalının yeni yaşayış motivlərinin yaranması, əməyə yeni münasibətlər, vergi nəzarətinin sivil qaydada həyata keçirilməsi sahibkarlıq sisteminin formalaşmasının mühüm elementlərindəndir.