Rusiya Federasiyası Ulyanovsk vilayəti Qubernatorunun administrasiya rəhbərinin müavini - Daxili Siyasət İdarəsinin rəisi Olqa Vladimirovna Nikitenko beynəlxalq əlaqələri daim genişlənən Bakı Slavyan Universitetinin qonağı oldu. Qonaq universitetlə tanışlıq çərçivəsində BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna tədris-mədəniyyət, Bolqar Dili və Mədəniyyəti, Türkiyə Araşdırılma mərkəzləri ilə tanış oldu.
Görüşü açan BSU-nun rektoru prof. A.A.Hacıyev qonağı tədbir iştirakçılarına təqdim etdi və onun universitetə Rusiyanın Ulyanovsk vilayətindən gələn ilk qonaq olduğunu nəzərə çatdırdı. O, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış bu ali təhsil ocağının nadir ixtisaslar üzrə peşəkar kadrlar hazırladığını bildirdi. BSU-da rus dilinin tədrisi və təbliğinin mühüm mövqe tutduğunu vurğulayan rektor universitetdə fəaliyyət göstərən "Moskva auditoriyası" Rusiya Tədris-Mədəniyyət Mərkəzindən, burada rus dilinin tədrisi, pedaqoji və filoloji ixtisaslar üzrə peşəkar kadr hazırlığı istiqamətində qazanılmış nailiyyətlərdən, Rusiyanın nüfuzlu ali məktəbləri ilə qurulmuş əlaqələrdən danışdı, azərbaycanlı tələbələrlə yanaşı əcnəbi tələbələrin rus dili ixtisası üzrə yüksək dərəcədə təhsil aldıqlarını qonağın nəzərinə çatdırdı. Rektor qardaş Türkiyənin bir sıra universitetlərində də BSU müəllimlərinin rus dilini tədris etdiklərini vurğuladı.
Azərbaycana ilk dəfə gəldiyini bildirən Olqa Vladimirovna BSU-da qonaq olmağın onun üçün sevindirici hal olduğunu söylədi. Səfərinin Ulyanovsk vilayəti ilə Azərbaycan arasında olan əlaqələri genişləndirmək məqsədi daşıdığını qeyd edən qonaq bu zəmində BSU-ya gəlişinin də əsas məqsədinin Ulyanovsk vilayətinin qabaqcıl təhsil müəssisələrinin Bakı Slavyan Universiteti ilə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi olduğunu vurğuladı. Ulyanovsk Dövlət Pedaqoji Universitetinin rektoru ilə Azərbaycana səfəri ərəfəsində görüşü zamanı onun da məhz bu təhsil ocağı ilə əlaqə yaratmaq istəyinin olduğu qeyd etdi. Bakı Slavyan Universiteti ilə Ulyanovsk vilayətinin universitetləri arasında tələbə-müəllim mübadiləsinin, müştərək elmi konfransların və seminarların təşkil olunmasının, birgə elmi-metodik vəsaitlərin hazırlanmasının uğurlu olacağına inandığını bildirdi.
Qonaq sonda müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırdı və tələbələrlə xatirə şəkilləri çəkdirdi.
Günay ƏLİYEVA