XIX əsrin ikinci yarısında (1864-cü il 24 fevral, Salyan şəhəri) Əli bəy Hüseynzadə dünyaya gələndə Azərbaycanda ictimai-mədəni düşüncə epiqonçu ənənələr əsasında davam edirdi. Ölkədə çarizmin monarxist idarə üsulu hökm sürür, kəndlərdə təhkimçilik hüququ öz təsirini hələ də göstərir, ümumxalq təfəkküründə "zillüllah" (padşahı allahın kölgəsi saymaq) fəlsəfəsi əsaslı yer tuturdu. Ə.Hüseynzadə Tiflisə babası Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin yanına gedib orada gimnaziya tələbəsi olanda da (1875-1885) ictimai-mədəni şüurun səviyyəsi təxminən belə idi. Doğrudur "az-az ayılanlar" (C.Məmmədquluzadə) var idisə, yenə də "xabi-qəflət qaranlığında allahü əkbər" sədasından başqa bir şey eşidilmirdi. Belə bir vaxtda Tiflisdə Şərqin maarifçi-materialist filosofu, dünyəvi elmlərə böyük rəğbət bəsləyən mütəfəkkir M.F.Axundov şəxsiyyəti ilə babasının məclislərində tanış olan Ə.Hüseynzadə təbiət elmlərinə böyük maraq göstərməyə başladı və bu həvəs onu Sankt-Peterburq universitetinin fizika və təbiət fakültəsinə (1885) gətirdi. Bir müddət burada dövrün məşhur elm adamlarından, o cümlədən Mendeliyev, Baqner, Menşutkin, Jukovsksi və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir və nəhayətdə bir sıra inqilabçı tələbələr kimi o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır...
Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünunda "Əsgəri-tibbiyyə" fakültəsində oxumaqla dermotoloq (dəri zöhrəvi xəstəlikləri) ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o "Qırmızı ay" heyətinin tərkibində İtaliyaya gedir, üç il sonra geri qayıdır və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi olur. Ə.Hüseynzadə burada da təqib olunur, çünki o darülfunun tələbəsi ikən artıq inqilabçı gənc türklər hərəkatına qoşulmuş, onlar üzərində "bir rəsuirli-həqq" - peyğəmbər (Abdulla Cövdət təsiri buraxmış və "İttihat və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olmuşdu.
Ə.Hüseynzadə tələbəlikdən ayrılıb müstəqil həyata başlayanda artıq yetkin bir fikir adamı idi. Türkiyədəki təqiblərdən sonra vətəni Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, bir sıra publisistik yazılarını burada dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini şərh edir. Ə.Hüseynzadə bu zaman artıq yeni ampulada çıxış edir, islahatçı-reformist ideya adamı kimi tanınmağa başlayırdı. Az sonra o dövrünün məşhur teoloq-alimi, ictimai xadim və publisist Əhmədbəy Ağaoğlu ilə birlikdə və milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır və burada əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Ə.Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn o deyirdi:
- Həqiqətin də dadı və ləzzəti var.
- Hürriyyət!... O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!...
- Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...
- Türklər ya ölkələr, ya hicrət edərlər, fəqət qul olmazlar.
- Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...
Ə.Hüseynzadənin Azərbaycan ictimai-mədəni həyatı və milli jurnalistika tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni onun ardıcıl olaraq söz və mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. Ədəbi-tənqidi və publisistik məqalələri, şeirləri, bədii nəsri və siyasi-fəlsəfi pamfletində Ə.Hüseynzadə azadlığı-hürriyyəti obrazlı şəkildə təqdim edir, azad sözü "pəriyi-hürriyyət" (azadlıq mələyi) adlandırır və onu "Kuhi-Qaf və Simurq quşu" məqaləsində Qaf dağlarına zəncirlə bağlanmış məşhur "od oğrusu" Prometeyə bənzədirdi. Azad sözün cəmiyyətdə varlığını Prometeyin odu, işığı ilə müqayisə edən Ə.Hüseynzadə 1905-1907-ci illərdə Azərbaycanda mətbuat və fikir azadlığının cəfakeşlərindən biri, milli ziyalılıq simvolu idi. Elə buna görədir ki, o müasirlərinə hər bir insanın "baş tacı olan" azadlığın mahiyyətini anladır və deyirdi:
"Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin və nə də bir fərdin etiqad və əfkarindən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib yazmaqda muxtardır". (Mövlude-nəbi "Füyuzat" jurnalı, 1907-ci il, №25) XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
"Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-messenat Hacı Zeynalabdin Tağıyev idi. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub lüğəvi mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, zövq almaq, feyz almaq, feyziyab olmaqdır. Jurnalın səhifələrində onun baş redaktoru Əlibəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq kimi onlarla müəllifin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur. "Füyuzat"da Əli bəy Hüseynzadənin yazdığı məqalələrdən birində deyilirdi: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, avropa (müasir) qiyafəli fədai!". Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" və s. mətbuat orqanları tərəfindən "türkləşmək, islamlaşmaq, müasirləşmək" == azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
"Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.
Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik əleyhinə mübarizə aparan "Füyuzat"çılar rus inqilabçı-demokratları, türk tənzimatçıları, İran məşrutəçiləri və başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə islahatların-reformaların aparılmasını məqsəd bilirdi. Bu mənada "Füyuzat" və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə belə təsnif etmək olar;
- türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək) = Azərbaycançılıq
- Demokratik axtarışlar
- Neoromantik ədəbiyyatın yaradılması
- Füyuzatçı jurnalistika məktəbinin təsisi
- Dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması.
- "İttihad və tərəqqi" ideyasını yürütmək və Turançılığı təbliğ etmək.
- İctimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması.
- Yenilikçilik - "təcəddüdçülük" hərəkatını gücləndirmək və bu əsasda dünyəvi məktəbdarlıq işini həyata keçirmək.
- Söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və sair.
"Füyuzat" və füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri sırasında onu da ayrıca qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon-birtipli düşüncə tipindən imtina edir, yalnız "köhnə müsəlman" (M.Ə.Sabir) olaraq qalmır, Şərq və Qərb elmi-nəzəri fikri, ədəbiyyat və mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə onların dialoquna meydan açırdılar. Bu və digər səbəblərdəndir ki. Ə.Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.
Şamil VƏLİYEV,
professor
Azərbaycan Mətbuat Şurası ilə Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan yazı müsabiqəsinə təqdim olunur