Ruhu hələ də narahat olan, dərd-möhnətini özü ilə yığışdırıb aparan, o taylı-bu taylı Azərbaycanda sevilən, heç zaman unudulmayacaq Məhəmməd Hüseyn Şəhriyar ədəbiyyatda olduğu kimi, insanların qəlbində də əbədi yaşayır. Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbir də ustad Şəhriyara türk xalqlarının sevgisinin izharıdır.
Türkiyə mətbuatının yaydığı bir xəbərdə deyilir ki, üçcildlik farsca, bir cild isə türkcə divanın müəllifi kimi şöhrət qazanan ustad Şəhriyarın vəfatının növbəti ildönümü İstanbulda da qeyd ediləcək. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, İstanbul Böyükşəhər Bələdiyyəsi Kültür AŞ və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin burgə təşkilatçılığı hazırlanan tədbir Topqapı Türk Dünyası Kültür Evlərində aprel ayının 18-də keçiriləcək. Tədbirdə M.Şəhriyarın həyatının son anlarını özündə əks etdirən qısametrajlı sənədli filmin göstərilməsi nəzərdə tutulur. Anım mərasimi Azərbaycanla bağlı rəsm sərgisi, akademik Məhəmməd Nur Doğan və M.H.Şəhriyarın yaradıcılığı üzrə Türkiyədə ustad sayılan, həmçinin adıçəkilən nəşrin ön söz müəllifi Yusif Gədiklinin çıxışlarından ibarət rəsmi hissə və filologiya elmləri üzrə fəlsəfə doktoru Esmira Fuadın "Məhəmməd Hüseyn Şəhriyar" kitabının imza törəni ilə yanaşı, konsert proqramından ibarətdir. Tədbir iştirakçılarına Əsət Kabaklı ilə gənc müğənni Elgün Məmmədovun ifaları və "Qafqaz ulduzları" rəqs ansamblının Azərbaycan mahnılarından ibarət konsert proqramı da təqdim ediləcək.
Sənan SADIQZADƏ