Bu ömür nəfəs boydaymış
Başımı fikrə söykədim yenə ...
Bu fikir yastığı əzir başımı...
Ay ana, bu ömür nəfəs boydaymış,
Ölüm ağrı-ağrı gəzir başımı...
Tıxa qulağıma layla səsini
Kədərin saçını kimdi bu hörən?
Qapı -pəncərəsi bağlı bu evin
Yuxum hara qaçıb bu evdən, görən?
Əzilmiş şeirlər döşəmə üstə,
Onu kitab-kitab yığmaz bu balan...
Çoxdandı bu yataq qəbir kimidir,
Beşik ayağına sığmaz bu balan...
Bələ gözlərimi yuxuyla mənim...
Arzu ürəyində, muradlarında
Azdırım bu evi, azdırım, ana,
Sehirli xalçanın qanadlarında...
Çoxdan kədərimə oxşayıram mən
İnanma, uşaqlıq bəyənə məni,
Onsuz da nağıllar əynimə gəlmir,
Yama nağılların əyninə məni.
12.12.12
Qırmızı əlcəklər
90-cı illər...
Bizim uşaqlığımız
gəlinciklərimizin boyu qədər uca,
yıpranmış oyuncaqlarımız qədər qoca...
Sevincimiz yaşımızın əyninə
3 ölçü kiçik...
Rezin çəkmələrimiz ayağımıza
3 ölçü böyük...
Kiçik ayaqlarımızın
böyük addımlarını
çəkmələrimizdə beləcə itirdik...
Bacımın köhnəlmiş
qırmızı əlcəklərini isidərdi
balaca əllərim.
Yıxıla-yıxıla böyüdü boyumuz,
Uşaqlığımızın dizi, dirsəyi
bulaşdı qanımıza...
hələ bu azmış kimi
gözmuncuğu da taxardıq
yamaqlı donumuza.
Uşaqlıq eləyib böyüdük...
Səhvlər bizi
uşaqlığımızın əlindən aldı,
Bizim uşaqlığımız
rezin çəkmələrin,
qırmızı əlcəklərin içində qaldı...
30.01.2013
Məni
Şeytan qondu pəncərəmə
Dünyam uçdu zəlzələmə
Bu , xaraba mənzərəmə
Baxan seyir bildi məni.
Yerim qalmadı köçümdə,
Qisas olmadı öcümdə,
Sevdim dərdimi içimdə
Kədər xeyir bildi məni.
Şaxtanın közündən düşdüm,
Bir lalın sözündən düşdüm,
Qələmin gözündən düşdüm
Vərəq şeir bildi məni.
Qoca
Çoxdan eşitmir bəxtini
bu qocanın qulaqları.
Qucağında körpəsidir
topal olmuş ayaqları
Çevirir ah-naləsini
ağzında o yan-bu yana
Oynayır taxma dişləri
boğazından keçən cana
Bu saatın göz yaşı yox
hıçqırığın əqrəb kəsir
Bu qocanın ayaqları
ölümə izsiz tələsir.
21.12.2012
Bir cümlə
Durduq yol ayrıcında,
Aylar ili qoparır.
Kaş gəlib söyləyəsən,
Yol keçmişə aparır.
Rahat gələsən deyə,
Gözlərim hey yol çəkir.
Keçən gün cizgilərə,
İmza atır, qol çəkir.
Çoxaldıqca yaşımız,
Keçəni unudarıq.
Asıb ağ telimizdən,
Yaşları qurudarıq.
Daş səbrimi hörmüşəm,
Ömrün ağ, qarasında.
Bizimçün ev tikmişəm,
Qaşla göz arasında.
Yenə də mən olaram,
Sirrində, sirdaşında.
Bir cümləyə dönərik,
İkicə başdaşında.